Ermənilər minaları taxıl kimi səpiblər - Hafiz Səfixanov

9-06-2021, 09:24           
Ermənilər minaları taxıl kimi səpiblər -
Azərbaycan öz torpaqlarını işğaldan azad etsə də, indi də ermənilər tərəfindən xaincəsinə torpaqlarımızda basdırılan minalar can alır. Son 7 ay ərzində Azərbaycanda mina partlayışları nəticəsində 130 nəfər Azərbaycan vətəndaşı həlak olub və yaralanıb. Ermənistan minaladığı ərazilərin xəritəsini vermək əvəzinə, yeni minalar yerləşdirmək üçün öz diversiya, təxribatçı dəstələrini sərhəddən Qarabağa və ətraf rayonlarımıza göndərməkdə davam edir. İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən jurnalistlər və onları müşayiət edən mülki şəxslərin olduğu avtobusun tank əleyhinə minaya düşməsi faktı da birmənalı qaşılanmır. Beynəlxalq təşkilatlar bu hadisəyə görə Ermənistana heç bir təsir etmək fikrində deyil.

Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov məsələ ətrafında maraqlı fikirlərə diqqət çəkib.

- Hafiz müəllim, Kəlbəcərdə jurnalistlərin və mülki şəxslərin ermənilərin basdırdığı minaya düşərək həlak olması fonunda regiondakı mövcud vəziyyəti necə dəyərləndirmək olar?

- Kəlbəcərin Susuzluq kəndi yolunda avtobusun ermənilərin basdırdığı tank əleyhinə minaya düşməsi, ikisi jurnalist olmaqla daha bir mülki şəxsin həlak olması, 4 nəfərin də yaralanması hadisəsi ciddi şəkildə araşdırılmalıdır. Araşdırmalardan sonra minaların nə vaxt qoyulması barədə ictimaiyyətə məlumat verilməlidir. Bu günə qədər hadisənin baş verməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Versiyaların bəzilərində bildirilir ki, o minalar ora son vaxtlar qoyulub. Videolentlərə də yolun yamaq izləri görünür. Bu yol işlək yol olub və istənilən avtobus, maşın oradan keçib. Birdən-birə vəzifə borclarını yerinə yetirən şəxslərin, ikisi jurnalist olmaqla mina partlayışı ilə həlak olması bu hadisədə müəmmaların olduğunu deməyə əsas verir. Bu hadisə bizə çox pis təsir edir. Yəqin ki, ciddi araşdırma aparılacaq, Azərbaycanın müvafiq strukturları ortaya çıxan bütün versiyaları nəzərdən keçirəcək. Son hadisə ermənilərin minalanmış xəritələri verməməsinin nəticəsidir. Biz artıq 8 aydır ermənilərdən minaladıqları ərazilərin xəritəsini istəyirik.

- Sizin də qeyd etdiyiniz kimi, jurnalistlərin avtobusda minaya düşdüyü yol gediş-gəlişli, işlək olub. Eyni zamanda orada infrastruktur layihələr işlənilir. Sülhməramlıların, Nəzarət Mərkəzinin fəaliyyət göstərdiyi bir yerdə necə ola bilir ki, birdən-birə mina partlayışı baş verir?

- İlk növbədə sülhməramlıların, Qızıl Xaç komitəsinin timsalında digər beynəlxalq təşkilatlar özləri o ərazilərin xəritələrinin verilməsində daha çox maraqlı olmalıdırlar. Hər bir hadisənin bumeranq effekt olur. Bu gün erməninin basdırdığı minaya sən düşməyibsənsə, bu o demək deyil ki, sabah bu sənin başına gəlməyəcək. Bu gün beynəlxalq təşkilatların özləri, sülhməramlılar da orada risk altında xidmət aparırlar.

Bilirik ki, Ermənistan dövləti işğalda saxladığı Azərbaycan ərazilərində ağlagələn və gəlməyən bütün yerləri minalayıb. Beynəlxalq təşkilatlar, eləcə də sülhməramlı missiya Ermənistan dövlətinə təzyiqlər etməlidirlər. Əldə beynəlxalq hüquqi sənədlər var. Azərbaycan ictimaiyyətinin, istər dövlət, istər vətəndaş cəmiyyəti səviyyəsində dediyi sözlər beynəlxalq hüquq müstəvidə təsbit olunan sənədlər əsasındadır.

- Avopanın bir sıra insan hüququları təşkilatları, Human Rights Watch , Avropa Şurasının İnsan haqları üzrə komissarı, ATƏT-in nümayəndələri yalnız “təəssüf” hissi keçirdi. Ümumən beynəlxalq təşkilatlardan mülki şəxslərin, jurnalistlərin minaya düşərək həlak olamaları faktına nə dərəcədə ədalətli reaksiya var?

- Beynəlxalq ictimaiyyət Azərbaycanda törədilən erməni cinayətlərinə qarşı ədalətli reaksiya vermir. Hansısa beynəlxalq təşkilatların, vəzifəli şəxslərin təəssüf hissini eşidirik. Bizim isə vətəndaşlarımız həlak olub. Biz bununla əlaqədar olaraq təmasda olduğumuz bütün beynəlxalq təşkilatlara sərt formada bəyanat ünvanladıq. Ola bilər ki, bu gün hansısa reaksiyalar oldu. Verilən cavab, göstərilən reaksiya adekvat deyil. Ən azından ona görə ki, burda iki jurnalistin ölümünə səbəb olan hadisə baş verib. Bu insanlar o əraziyə gəzməyə getməyiblər, turistik səfərə gəlməyiblər. Orada olan 7 nəfər öz vəzifə səlahiyyətlərini icra edərkən partlayışa məruz qalıb. Bu gün mülki şəxslərin mina partlayışına məruz qalmasına adekvat reaksiya verilmirsə, görünür, biz də beynəlxalq ictimaiyyətə qarşı hansısa hərəkətlərimizə yenidən baxmalıyıq.

Axı biz beynəlxalq təşkilatlardan bundan artıq reaksiya da görməmişik. Azərbaycana qarşı münasibət həmişə bir başqa olub, regionda olan digər dövlətlərə qarşı bir başqa. Bunun da kökündə müəyyən səbəblər durur. Azərbaycanda 4 dəfə metro partladılıb, 1991-ci ildə Azərbaycanın ziyalıları Qarakənd səmasında vertolyotda vurulanda hansısa reaksiya gördükmü? Yalnız təəssüflənib keçəcəklər. Bu isə o deməkdir ki, biz öz təhlükəsizliyimizi, siyasətimizi yenidən nəzərdən keçirməliyik. Bir sözlə, özümüz öz başımıza çarə tapmalıyıq. Gözəl atalar sözü də var ki, qonşuya umidli olan, şamsız qalar.

Bütün bunların hamısını yadda saxlamalıyıq, amma öz işimizi də görməliyik. Beynəlxalq təşkilatlara ünvanladığımız bəyanatdada belə bir fikri qeyd eləmişik ki, bizə kömək eləsəniz də, eləməsəniz də Azərbaycan bu minaları təmizləyəcək. Sonda heç kəs Azərbaycana deməsin ki, hansısa konvensiyaya qoşulmur, hansısa sənədi yerinə yetirmir, kiməsə kömək etmir. İnsanların sağlam yaşaması onun təməl hüququdur. Bu hadisə o zonada işləyən nə qədər insana psixoloji təsir elədi. İnsanlar var ki, orada elektrik, su, yol xətlərinin çəkilişi ilə məşğuldurlar. İndi Ağdam şəhərinin inşası başlayır, Zəngilanda müəyyən işlər gedir. Bu hadisə görün, orada işləyən vətəndaşların hamısına hansı psixoloji təsiri göstərib.

- Səsimizi dünya ictimaiyyətinə çatdıra bilirikmi?

- Azərbaycanın dövlət və vətəndaş cəmiyyəti strukturları kifayət qədər ciddi addımlar atırlar. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin bir neçə ay bundan əvvəl BMT Baş katibinə xüsusi məktubu oldu. Həmin məktub minalanmış ərazilər, xəritələrlə bağlı idi. Bu məktub BMT sənədi kimi bütün təşkilatlara paylanıldı. Bundan başqa, digər nazirliklər öz səlahiyyətləri çərçivəsində digər ölkələrin nazirliklərinin nümayəndələri ilə görüşlərində bu məsələni qaldırırlar. Düzdür, daxili auditoriya üçün məlumatlar ötürülür, amma bu o demək deyil ki, kənarda bu iş aparılmır. Məsələn, bizim daxil olduğumuz 5 QHT, hansı ki, minaya düşənlərin problemləri ilə məşğul oluruq, mart ayının 25-də beynəlxalq ictimaiyyətə müraciət ünvanladı. Haradasa bir neçə gün sonra bir petisiyaya başladıq, o petisiyaya 15 mindən artıq imza atdıq və dünya ictimaiyyətinə ötürdük. Yəni iş gedir. Nədənsə Azərbaycana münasibət bir başqadır.

- Hafiz müəllim, sizin məlumata əsasən, 7 ay ərzində 100 milyon kvadratmetr ərazi minalardan təmizlənib və 35 000 ədəd mina zərərsizləşdirilib. Bildirmisiniz ki, xəritələr verilməsə, qurbanların sayı durmadan artacaqdır. Qurban verməmək üçün hansı alternativ addımlar atılmalıdır? Belə ehtimal edilir ki, heç xəritə yoxdur…

- Ora bir minanın qoyulmasını ola bilər ki, heç xəritəyə salmayıblar. 30 illik müddət ərzində işğalda saxladıqları ərazilər, ermənilərin “ohanyan xətti” dedikləri yerlərdə kütləvi minalanmadan istifadə olunub. Mümkün deyil ki, o ərazilərin xəritəsi olmasın. Təəssüf ki, biz hələ də bu xəritələri ala bilməmişik.

Bilirsiniz ki, Ağdamda, Füzulidə və digər ərazilərdə çox geniş miqyasda infrastruktur layihələri həyata keçirilir. Hər bir kəs tutduğu vəzifədən, milliyətindın asılı olmayaraq böyük risk altındadır. Ona görə də nəyin bahasına olursa-olsun minalanmış ərazilərin xəritəsini əldə eləməliyik. Əgər israr edib verməyəcəklərsə, yəqin ki, Azərbaycan dövlətinin arsenalında Ermənistana qarşı yönələn başqa adekvat addımlar var.

Ermənistanın hərbi sistemi SSRİ-nin hərbi sistemi qaydaları ilə idarə olunur. SSRİ hərb sisteminin qaydasında da minalanmış ərazilərin nəinki xəritəsi, həm də formulu tərtib olunmalı idi, özü də 3 nüsxə ilə. O ki qaldı dediyiniz rəqəmlərə, onlar rəsmi strukturların verdiyi rəqəmlərdir. Ümumiyyətlə, beynəlxalq minatəmizləmə praktikasında qayda belədir ki, ərazidə mina təmizlənməlidirsə, orada iki şərtə əməl olunmalıdır. Bunlardan biri xəritə, digəri həmin ərazidə yaşayan mülki əhalidən məlumatların alınması məsələsidir. İndiki situasiyada nə xəritələr verilir, nə də azad olunan ərazilərdə mülki əhali olmayıb ki, onlardan ilkin məlumat alaq. Bu isə o deməkdir ki, qarış-qarış irəli getməliyik. Hər qarışı yoxlamalıyıq. Minatəmizləyənlərimiz həqiqətən də orada fədakarlıq edirlər. Ərazi o qədər metalla çirklidir ki, minatəmizləyənin əlində olan texniki qurğu məftil parçasına da siqnal verir. Minatəmizləyən minaya çatması üçün məcburdur ki, onların hamısını təmizləsin. Bizim də taleyimiz belə gətirib.

Keçmiş təmas xəttində səhv etmirəmsə 280 kilometrə yaxın ərazidə minaları taxıl kimi səpiblər. Kəlbəcər təmas xətti olmayıb. Bu o demək deyil ki, orada mina yoxdur. 20 gün əvvəl Fövqəladə Hallar Nazirliyi Kəlbəcərdən bir video paylaşmışdı. Qar əriyəndən sonra minaların necə üzə çıxdığı görünür. Belə minalanmış yerlər olacaq. Zaman-zaman minaya düşənlər də olacaq. Mina qurbanlarının sayını azaltmağın yeganə yolu icazə verilməmiş yerlərə getməməkdir. Əhalinin özündən də çox şey aslıdır. İnsanlar bu durumu anlayışla qarşılamalıdır.

- Siyasi ekspertlər hesab edirlər ki, insanlarımız o yerlərə qayıtmadıqca, Azərbaycan qanunları bütün ərazilərdə işləmədikcə ermənilər daha çox həddini aşacaq. Erməni terrorundan xilas olmaq üçün birinci növbədə nələri həll etmək lazımdır?

- Bu məsələlər 10 Noyabr bəyanatında qeyd olunub. Üçtərəfli bəyanatın müəyyən müddəaları yerinə yetirilmir. Məsələn, erməni silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmır. Bəyanatda qeyd olunur ki, Rusiya sülhməramlıları bölgəyə daxil olan kimi silahlılar ərazidən çıxarılacaq. Hazırda Ağdərə ərazisində müəyyən qədər erməni silahlı qüvvələri var. Yaxud qaçqınların və məcburi köçkünlərin məsələsi düzgün yerinə yetirilmir. Bəyanatda bildirilir ki, BMT-nin Qaçqınlar Ali Komissarlığının nəzarəti aldında bütün qaçqınlar və məcburi köçkünlər öz yerlərinə qayıtmalıdırlar. Sülhməramlılar erməniləri bizim ərazilərə qaytarır, amma bizim əhalidən bir kəlmə də söz deyilmir. Əhalimiz Xankəndidə, Ağdərədə, Xocalıda yaşıyıb, öz yerlərinə qaytarılmalarından söz getmir. Belə olduqda da mən bir Azərbaycan vətəndaşı kimi fikirləşməyə başlayıram ki, mənə qarşı yenə oyun oynanılır. Necə olur, gedib ermənini Yerevanda avtobusa oturdub gətirə bilirlər, amma burden-bura özümün evimə getməyimə imkan vermirlər? Bu, Azərbaycan insanlarında müxtəlif fikirlər yaradır. Təbii ki, birinci növbədə sərhədlərimizi bağlamalıyıq, orada Azərbaycanın Sərhəd Qoşunları dayanmalıdır. Bilməliyik ki, ərazilərimizə icazəmiz olmadan bir quş da uça bilməz. Digər tərəfdən, mütəxəssislər minaların təmizlənməsini həyata keçirməlidirlər. Siyasətçilər də siyasi məsələləri həll etməlidir. Sərhədlər tam qapanmalı və qorunmalıdır ki, daxildə təmizlik işlərini düzgün apara bilək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.