“Məhərrəmlik başlayacaq, aləm bir-birinə qarışacaq” – Nadir Qafarzadə toylardan danışdı

23-06-2021, 18:12           
“Məhərrəmlik başlayacaq, aləm bir-birinə qarışacaq” –
Azərbaycanda toylarla bağlı qadağanın qüvvədə olduğu dövrdə bir çox sənətçilər xaricə, xüsusilə Rusiyaya üz tutublar. Onlardan biri də müğənni Nadir Qafarzadədir. Sənətçi bir müddət öncə sosial şəbəkədə Azərbaycanda gəlir əldə edə bilmədiyi üçün xaricə üz tutduğunu açıqlamışdı. Bəs, ifaçı Azərbaycana geri dönəcəkmi? Yoxsa fəaliyyətini Moskvada davam etdirəcək?

Musavat.com-un suallarına cavab verən sənətçi bildirib ki, oğlunun klip çəkilişindən sonra Azərbaycana dönəcək:

“Hazırda Moskvadayam. Sadəcə toya görə burada deyiləm. Bakıda olanda toya dəvət etdilər, gəldim, oxudum. İndi isə işlə bağlı buradayam. Oğlumun klip çəkilişləri var, çalışıram yanında olum”.

- Toylara qoyulan qadağa götürüldü. Müəyyən qaydalara əməl etməklə toylar keçiriləcək. Bu qərarı necə qarşıladınız?

- Toyların başlamağı yaxşı oldu, ancaq zaman qısadır. Tezliklə Məhərrəmlik ayı başlayacaq. Loru dildə desək, aləm qarışacaq bir-birinə. İnşallah həyat normala qayıtsın, işimizə başlayaq.

- Oğlunuz da müğənniliyə başlayıb. Bu qərarını necə qarşıladınız? Onun ifasını necə qiymətləndirirsiniz?

- Əslində oğlum çoxdan, balaca vaxtından oxuyur. Nanə xanımın verlişində mənimlə birlikdə çəkilmişdi. Biz birlikdə Müslüm Maqamayevin “Azərbaycan” mahnısını oxumuşuq, klipimiz də var. Səsini Sevda Ələkbərzadə, Lalə Məmmədova, Xatirə İslam, Murad Arifə göndərdim. Çox bəyəndilər. Klipdən qısa bir görüntü paylaşdıq. İzləyən insanların böyük qismi çox bəyəndi.

- Bir ildən çox vaxtdır ki, şənliklər, konsertlər olmur. Toy qiymətinizdə dəyişiklik edəcəksinizmi?

- Etməyəcəm. Təki elimizdə, ölkəmizdə toy olsun. Toy qiymətini qaldırmaq insanlara haqsızlıq olar.

- Restoranlar yerli müğənnilərin deyil, türkiyəli müğənnilərin konsertlərini təşkil edir. Buna münasibətiniz necədir?

- Türkiyədən gələn müğənnilərin gəlib- gəlməməyinin bizim üçün fərqi yoxdur. Əsas odur toy-bayram olsun, xalqımızın üzü gülsün. Pandemiyada, ikinci vətən müharibəsində itkilərimiz oldu. Çox böyük acılar yaşadıq. Yetər, artıq kifayətdir, yavaş-yavaş yasdan, bu çətinliklərdən, çıxmalıyıq. Xalq özünə gəlməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.