"Bakıda 10-15 min manata başa gələn yas mərasimləri Naxçıvanda 800-1000 manatla yekunlaşır"

28-06-2021, 10:26           
"Bakıda 10-15 min manata başa gələn yas mərasimləri Naxçıvanda 800-1000 manatla yekunlaşır"
Bir neçə gündür ki, sosial şəbəkələrdə sentyabrdan Naxçıvanda keçiriləcək toyların sadələşdirilməsi, israfçılığın qarşısının alınması üçün yalnız şirniyyatın olacağı xəbəri müzakirə olunur. Qeyd edilir ki, sentyabr ayından etibarən Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq toy şənliklərində yemək qadağan olunacaq. Yeni qaydalara əsasən toylarda süfrəyə yalnız şirniyyat və çay qoyulacaq.

Maraqlıdır, belə bir qərar öz təsdiqini taparsa, naxçıvanlıların reaksiyası necə olar? Yeni qadağa təqdir olunar, yoxsa təqdir? Moderator.az-ın sualına filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev aydınlıq gətirib. O bildirib ki, Naxçıvanda bir çox məsələlərdə nümunəvi qaydalar mövcuddur:

"Naxçıvan iməciliklər keçirilərək hər il böyük sahələrdə meşə salınması, yaşıllaşdırmada, yas mərasimlərinin sadələşdirilərək yas sahiblərinin xərcinin azaldılmasında, qəbirüstü abidələrin sadə formada düzəldilməsi zamanı mərhumun yaxınlarının büdcəsinə qənaət edilməsində, məktəb və universitetlərə həm şagird-tələbə, həm də müəllimlərin vahid formada gəlməsi, ilboyu quruculuq-təmir işlərinin aparılması, əsgərə yardım aksiyalarının tez-tez təşkil edilməsi və digər bütün sahələrdə hər zaman nümunə olub. Paytaxt Bakıda 10-15 min manata başa gələn yas mərasimləri Naxçıvanda 800-1000 manatla yekunlaşır. Sadələşdirilən yas mərasimi mərhumun ailəsini əlavə xərclərdən, borcdan, sıxıntıdan azad edir".

Ə.Vəliyev belə bir qərarı təqdirəlayiq hesab edir:

"Toy mərasimlərinin təşkili, toylarda adət-ənənənin pozulması, israfçılıq son zamanlar əndazəsini aşmışdı. Ona görə də toy mərasimlərinin sadələşdirilməsi və israfçılığın qarşısının alınması vacibdir. Əminəm ki, bu gözəl nümunə də ilk dəfə Naxçıvanda tətbiq olunaraq paytaxta çatacaq. Qardaş Türkiyədə uzun illərdir ki, toylar sadə formada, şirniyyat süfrələri ilə keçirilir. Toyun belə sadə süfrə ilə keçirilməsi yeni ailə quran cütlüklərin toydan sonra borc-xərcə düşməsinin, illərlə kredit ödəməsinin, toyda alınan qızılların satılmasının da qarşısını alacaq. Bu da bəzən borc-xərcə görə narazılıq yaranaraq boşanmalara aparıb çıxaran dava-dalaşın da qarşısını alacaq".

"Toyların sadələşdirilməsi, sadə süfrəylə keçirilməsi vacibdir, vətəndaşların ailə büdcəsinə xeyirlidir. Süfrədə çoxsaylı yeməklər olsa da çoxu ya zibilliyə, ya da köhnə yemək kimi növbəti toya verilir. İsrafçılığın qarşısı mütləq alınmalıdır. Sadə toyların keçirilməsi təklifini dəstəkləmək və tətbiq etmək lazımdır" - deyə həmsöhbətimiz vurğulayır.

Qeyd edək ki, xəbər rəsmi təsdiq olunmayıb. 2018-ci ildə də bu tip xəbərlər tirajlansa da, Naxçıvanda belə bir qadağa tətbiq edilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.