Elnur Məmmədli: “2-3 dəfə Olimpiya çempionu olub, bir qram hörməti yoxdur” - MÜSAHİBƏ

29-06-2021, 19:03           
Elnur Məmmədli:
Cüdo üzrə Pekin Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Elnur Məmmədlinin apasport.az saytına müsahibəsi

- 33 yaşınız tamam olması münasibətilə təbrik edirik.
- Təşəkkür edirəm. Allah hamıya can sağlığı versin. Dövlətimiz firavan yaşasın, hər günümüz ad günü olsun. Bu il bizim üçün uğurlu oldu. Çünki ikinci Qarabağ Müharibəsinin qalibi olduq. 30 il idi gözümüz yolda qalmışdı, torpaqlarımızı artıq işğaldan azad etdik. Ümid edirəm ki, idmançılarımız da bu il Yay Olimpiya Oyunlarında uğurlu çıxış edər, Vətənə medallarla qayıdarlar. O ki qaldı necə qeyd eləməyə, evdə ailəmlə birlikdə olacağam.

- İlk təbrik kimdən gəldi?
- Ailə üzvlərimdən.

- Hədiyyə almağı, yoxsa verməyi xoşlayırsız?
- Hər ikisini. Məncə, hədiyyələrin böyüyü-kiçiyi olmur. Baxır sənə kim nə hədiyyə verir. Hətta bəzən quru təbrik özü də bir hədiyyədir. Bu gün mənə zəng vurub təbrik edirsiz, unutmursuz, bu özü böyük hədiyyədir.

- Hələ gənclik illərindəsiz. Yaşınıza görə çox şey yaşadığınızı demək olar?
- Birmənalı şəkildə belədir. Yaşımdan çox böyüyəm. 33 yaş özü də bir təcrübədir. Fiziki cəhətdən özümü 18 yaşda hiss edirəm. Amma təcrübə baxımından götürsək, püxtələşmiş, ağıllı bir insanam. Bəlkə də, kənardan qiymət versələr daha yaxşı olar. Amma özüm də görürəm ki, artıq səhvlərə yol vermirəm. Dövlətimi, millətimi, Ali Baş Komandanımı sevirəm. Hər an da dövlətimin əsgəriyəm, onun xidmətindəyəm.

- Həyatınızda peşmanlıq yaşadığınız bir an olub?
- Qətiyyən olmayıb. Hər ilin, hər yaşın öz gözəlliyi var. Geri baxmaq olmaz, ancaq irəli baxmaq lazımdır.

- Əlinizdə imkan olsaydı, həyatınızda nəyi dəyişərdiz?
- İdmançı karyeramda olan gözəl xatirələri, o günləri bir daha yaşamaq, Azərbaycanın bayrağını yenidən dalğalandırmaq istərdim. Böyük arenalarda yenidən güləşmək gözəl olardı.

- Hələ də reallaşmayan arzunuz var?
- Bir arzumuz var idi, Qarabağı işğaldan azad etmək. Onu da ölkə başçımız və igid, müzəffər ordumuz reallaşdırdı. Düşünürəm ki, başqa həyata keçməyən bir arzum yoxdur.

- 24 yaşda karyeranızı bitirəndə 1 Olimpiya və 2 Avropa çempionluğunuz var idi. Cüdodakı çıxışınızı davam etdirsəydiz, indi nə qədər titulunuz olardı?
- Çox olardı. Amma zədə buna imkan vermədi. Dörd dəfə əməliyyat olundum. Heyfsiləndiyim bircə budur. O da Allahın qismətidir. Davam etsəydim, 2 dəfə Olimpiya çempionu ola bilərdim, Avropa və dünya çempionatlarının qızıl medallarını qazanardım. Düzdür, bir dəfə Olimpiya çempionu olmaq da tarixdir. İkinci dəfə bu titula yiyələnsəydim, daha gözəl olardı. Ancaq unutmayaq ki, hamı idmançı ola bilər, amma hər kəs insan ola bilməz. Əsas insanlıqdır, evdə alınan tərbiyədir. Başqa ölkələrdə idmançı tanıyıram ki, 2-3 dəfə Olimpiya çempionu olub, amma bir qram hörməti yoxdur. Bu üzdən vacib olan düzgün yaşamaq və hörmət qazanmaqdır.

- 9 ildir peşəkar idmandan uzaqsız. Nə vaxtsa qayıtmaq istəmisiz?
- Belə hal çox olub. 2015-ci ildəki I Avropa Oyunlarında qayıtmaq istədim. Məşqçimlə danışdım, məşqlərə də başladıq. Üstəlik, həkimlərdən icazəsiz başlamışdım. Sadəcə, zədə yenə imkan vermədi. Zədələnəndən sonra həkimə getdim, dedi ki, olmaz.

- Deyəsən peşəkar idmandan ötrü çox darıxırsız?
- Dəhşətli dərəcədə. Amma idman edirəm. Ötən həftə milli komandanın məşqlərinə getdim, uşaqlarla güləşdim, Olimpiadaya yollananlara bildiklərimi dedim, tövsiyələrimi verdim. İdman bizim ikinci evimizdir, onsuz yaşamaq çətindir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.