Rusiyaya qarşı yeni bir cəbhə formalaşıb

30-06-2021, 07:40           
Rusiyaya qarşı yeni bir cəbhə formalaşıb
Lavrovun Türkiyə səfəri çox kritik keçəcək

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu gün Türkiyəyə səfər edəcək. Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq. Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini, regional və beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə edəcəklər. Qeyd olunub ki, XİN rəhbərləri Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Əfqanıstan, Ukrayna, Orta Asiya, Şərqi Aralıq dənizi və Qara dəniz bölgəsindəki vəziyyətə dair fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, tərəflər 26 may 2021-ci il tarixində Suriyada keçirilmiş prezident seçkiləri fonunda ölkədəki böhranın həlli, Liviyadakı vəziyyətin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparacaqlar. Hərbi-texniki əməkdaşlıq, koronavirus infeksiyasına qarşı mübarizə məsələləri də diqqətdə olacaq.

Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə Sergey Lavrovun Türkiyəyə səfərini dəyərləndirib. Politoloq vurğulayıb ki, bu səfər çox kritik bir səfərdir:

"İlk olaraq qeyd edim ki, Co Baydenin Avropa turnesi və Ərdoğanla görüşündən sonra Rusiyaya qarşı yeni bir cəbhə formalaşıb. Qara dəniz priferiyasında Rusiyaya qarşı Qərbin, xüsusilə ABŞ-ın müəyyən təzyiqləri görülməkdədir. Həmçinin, NATO Qara dənizdə hərbi təlimlər keçirir ki, bütün bu məsələlər Rusiyanı ciddi narahat edir.

Digər məsələ isə təbii ki, Cənubi Qafqazda Türkiyənin artan roludur. Xüsusilə Şuşa Bəyannaməsindən sonra Türkiyənin Qarabağda siyasi, hərbi mövqeyinin güclənməsi, o cümlədən Azərbaycanla bütün sferalarda əməkdaşlıq, birgə hərbi təlimlər Rusiyanı ciddi narahat etməkdədir.

Habelə, Türkiyənin Azərbaycanda gələcək perspektivdə hərbi bazasının istisna edilməməsi də Rusiyanı təşvişə salır".

M.Əsədullazadə qeyd edib ki, S-400 raketlərinin növbəti alışı ilə bağlı Rusiyadan Türkiyəyə təkliflər var:

"Düşünürəm ki, Türkiyə bu təkliflərə yox deyəcək. Səfərdə Mərkəzi Asiyada iki dövlətin ortaq maraqları barədə fikir mübadiləsinin aparılacağı istisna deyil.

Fikrimcə, bu görüşdə Türkiyə Rusiya arasında Sergey, Putin və Ərdoğanın görüşünün razılaşdırılması, gözlənilən görüşün detalları ətrafında müəyyən mülahizələr irəli sürüləcək. Həmçinin Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan-Ermənistan arasında delimitasiya və demarkasiya prosesləri, o cümlədən 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsi də müzakirə ediləcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.