"Təmas xətti 140 kilometr qərbə çəkilib... Göyçəyə az qalıb" - SABİQ NAZİR

19-11-2021, 17:49           
"Təmas xətti 140 kilometr qərbə çəkilib...
Tofiq Zülfüqarov: "Ermənistanın təxribatlarda məqsədi odur ki, masada sərhədlərin dəqiqləşdirilməsi yox, təmas xətti olsun"

Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədində törətdiyi son təxribatdan sonra Azərbaycan Ordusundan adekvat cavab alan rəsmi İrəvan sərhədlərin dəqiqləşdirilməsinə razı olduğunu bəyan edib. Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən hökumətin iclasında sərhədlərin delimitasiya və demarkasiyasına razı olduğunu bildirib.

“Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflə çıxış edib. Dünən parlamentdə də dedim ki, 2021-ci ilin may ayından etibarən Rusiyadan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı üç təklif almışıq və hər üç təklif bizim üçün məqbul olub. Mənim bu bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiya prosesinin hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib”, - deyə o söyləyib.

Baş nazir qeyd edib ki, bu təkliflər məqbuldur və Ermənistanın müdafiə naziri Suren Papikyana Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə detalları dəqiqləşdirməyi tapşırıb: “Biz bu təklifləri Rusiyanın təklifləri çərçivəsində və əsasında həyata keçirməyə çalışacağıq”.

Qeyd edək ki, Paşinyan bundan əvvəl də sülh sazişinə hazır olduqlarını, amma burada ATƏT-in Minsk Qrupunun vasitəçiliyinin gərəkliliyini söyləmişdi. Maraqlıdır, sərhədlərin delimitasiya və demarkasiyası prosesi ilə bağlı Rusiya tərəfindən İrəvana edilən təklif və bu təkliflərdə Ermənistan üçün məqbul hesab edilən nələrdir?

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya müsahibəsində deyib ki, Paşinyanın bəyanatı sərhəddə baş verən son gərginlik və ondan qabaq baş verənlərlə bağlıdır:

- Xatırladım ki, bu hadisələrdən əvvəl gündəmdə iki mövzu var idi: Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün təşkil olunması və delimitasiya və demarkasiya, kommunikasiyaların açılması, ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında hansısa sənədin imzalanması. Yəni bu barədə fikirlər səslənirdi. Bizdə delimitasiya və demarkasiya deyiləndə fərqli məsələlər başa düşülür. Əslində, delimitasiya və demarkasiya texniki prosesdir. Bunun hüquqi bünövrəsi olmalıdır. Hüquqi bünövrənin olması isə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasından keçir. Ermənistan isə bundan qaçır. Səbəb də odur ki, ərazi bütövlüyünü tanıyandan sonra İrəvanın Azərbaycanın daxili işlərinə hansısa formada müdaxilə etmək hüququ olmayacaq. Ərazi bütövlüyünü tanımaq faktiki olaraq Ermənistanın Qarabağ mövzusundan uzaqlaşması deməkdir ki, İrəvan bunu istəmir. Ermənistanda bu, qəbul olunmadığı üçün görürük ki, orada daxili gərginlik də yaranıb. Hökumət əleyhinə mitinqlər, etiraz aksiyaları keçirilir.

- Belə anlaşılır ki, sərhəddəki təxribatlar da Ermənistanın masadan qaçış planının tərkib hissəsidir...

- Təxribatlarda məqsəd o idi ki, delimitasiya və demarkasiya aparılmasın və razılaşdırılacaq məsələ sərhədin dəqiqləşdirilməsi yox, təmas xətti olsun. Təmas xəttinin siyasi, hüquqi və digər xüsusiyyətləri beynəlxalq sərhəd anlayışından fərqlidir. Təmas xəttinin razılaşdırılması Ermənistana imkan verəcəkdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımadan öz “Miatsum” siyasətini yeni şəraitdə davam etdirsin. Əlbəttə, İrəvan başa düşür ki, bu siyasət Ermənistan üçün təhlükəlidir. Çünki Azərbaycan Ordusunun gücü və qüdrəti ermənilərə artıq çoxdan bəllidir. Lakin təxribatı törətdilər və həmişəki kimi məqsədləri o idi ki, toqquşmalara hansısa üçüncü qüvvəni cəlb etsin. Ya müşahidəçilər, ya sülhməramlılar qismində üçüncü qüvvəni proseslərə qoşmaq və həmin qüvvələrin arxasında gizlənərək öz siyasətlərini aparmaq istədilər.

Hesab edirəm ki, indiki mərhələdə də Ermənistanın məqsədi buna nail olmaqdır. İndi Paşinyan bəyanat səsləndirib, sülhə hazır olduqlarını, sərhədlərin delimitasiyası və demarkasiyasına razı olduqlarını deyir. Bundan əvvəl də belə açıqlamalar olub. Bəyanat o demək deyil ki, ona əməl ediləcək. İkincisi, biz başa düşməliyik ki, Ermənistan öhdəlik götürüb ərazi bütövlüyünü tanısa, onların ikinci müdafiə mövqeyi qalacaq. İrəvan deyəcək ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma Azərbaycan ərazisində ermənilər yaşayırlar. İrəvan iddia edəcək ki, millətlərin öz müqəddəratını təyin etmək hüququ var - hansı ki, bu prinsiplər ATƏT-in Minsk Qrupu tərəfindən tanınır. Və istəyəcəklər ki, proseslər Minsk Qrupunun nəzarəti ilə aparılsın. Yəni ki, yenə də status mövzusunu ortaya çıxaracaqlar. Təxminən vəziyyət belədir.

Bizdə belə bir ümid vardı ki, Ermənistan sülhü seçib, 30 il ərzində siyasətinin əsasını təşkil edən ərazi iddialarından əl çəkib, normal siyasət aparmaq istəyir. Amma görürük ki, yox. Ermənistan bir dövlət olaraq, cəmiyyət olaraq münaqişəni, ərazi iddialarını davam etdirmək niyyətindədir. Sərhəddə baş verən son təxribatlar İrəvanın məkrli siyasətini davam etdirdiyinin sübutudur.

- Sizcə, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Rusiyanın İrəvana Ermənistan üçün məqbul sayılan təklifləri nədən ibarət ola bilər?

- Birincisi, təklifləri ilə Kreml yeni vasitəçilik missiyasını üzərinə götürdüyünü elan edir. İkincisi, ermənilər təxribatlarına davam edib, ayrı-ayrı yerlərdə Rusiya müşahidəçilərinin yerləşdirilməsi tələbini qoya bilərlər. Mən bunu istisna etmirəm. Bununla da uzun-uzadı danışıqlar davam edəcək.

Rusiyanın təkliflərinə gəlincə, bundan əvvəl müxtəlif illərə aid xəritələr əsasında sərhədlərin dəqiqləşdirilməsi gündəmə gətirildi. Hətta ötən əsrin 20-ci illərə aid xəritələrdən söhbət getdi. Burada çox maraqlı məqam var: 1920-ci ilin əvvəlində Zəngəzur tam tərkibdə Azərbaycanın ərazisi idi. Delimitasiya və demarkasiya texniki proses olsa da, məsələ həll ediləndə Zəngəzurun Azərbaycana qaytarılmasının gündəmə gətiriləcəyi istisna olunmur.

Bütün hallarda, müsbət məqam ondan ibarətdir ki, münaqişə artıq Azərbaycan ərazisindən – Qarabağdan sərhədə daşınıb. İndiki təmas xətti – oranı sərhəd adlandırmaq mümkün deyil, çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır – bir il əvvəlki təmas xəttindən təxminən 140 kilometr Qərbdədir. Hesab edirəm ki, bu, Azərbaycanın xeyirinə olan məsələdir. Mübarizə isə hələ davam edir. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçdilər, qəhrəmanlıq göstərdilər.

- Azərbaycan Ermənistanın, Rusiyanın və prosesə cəlb olunmaq niyyətində olan Minsk Qrupunun siyasəti ilə bağlı hansı addımları atmalıdır?

- Təbii ki, sərhəddə baş verənlər və məsələnin həlli üçün yeni format olacaq. Ermənistan çalışır ki, məsələyə Rusiya ilə yanaşı, Qərb dövlətlərini – konkret olaraq ABŞ və Fransanı da cəlb etsin. Biz öncə sərhəd mövzusunu Qarabağ mövzusundan tamamilə ayırmalıyıq. Çünki Qarabağ məsələsi bəllidir – münaqişə bitib, hazırda reinteqrasiya prosesi gedir. Qarabağın reinteqrasiyasında Azərbaycanın tərəfdaşı Rusiya ilə Türkiyədir ki, biz sülhməramlıların missiyasının bitmə müddətinədək – 4 il ərzində məsələləri həll etmək niyyətindəyik. Sərhəd və Zəngəzur məsələsinə gəlincə, təbii ki, problemin yeni yaranmış formatda öz maraqlarımıza uyğun həllinə çalışmalıyıq. İnanıram ki, bu yöndə addımlar atılacaq. Mən kommunikasiyalar, sərhədin dəqiqləşdirilməsi məsələsini nəzərdə tuturam. Və məncə, tarixi ədaləti bərpa etmək üçün Azərbaycan öz cəhdlərini, siyasətini davam etdirəcək.

- Nəticə nə olacaq?

- Həmişəki kimi yaxşı olacaq. Münaqişənin sərhədə daşınmasının nəyi pisdir ki?! Qarabağ işğal ediləndə təmas xətti gəlib çıxmışdı Ağcabədiyə. İndi isə təmas xətti Kəlbəcərdə, Laçındadır. Demək olar ki, Göyçəyə az qalıb. Bu halda biz qətiyyən pessimist olmamalıyıq. Təbii ki, itkilər, şəhidlərimiz var. Amma bu, bizim seçimimiz deyil ki... Ermənistan təxribat törədir, biz isə təxribata adekvat cavab veririk.

- Təmas xəttinin Göyçəyə az qalmasını deyirik, Ermənistan dünyaya car çəkir ki, Azərbaycan “işğalçılıq” edir. Azərbaycanın tarixə əsasən, Zəngəzuru, Göyçəni qaytarmaq iddiasının olduğunu söyləyirlər...

- Ermənistanın beynəlxalq aləmə Azərbaycandan şikayətlənməsi məntiqsizdir. Çünki İrəvan açıq şəkildə deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımır. İki ölkə arasında olan beynəlxalq sərhədi tanımırlarsa, o zaman hansı işğaldan söhbət gedir? Azərbaycanın ərazi bütövlüyünü, sərhədini tanımamaq avtomatik olaraq Ermənistanın dövlət sərhədini ləğv edir. Saziş bağlanmayınca sərhəd yox, sadəcə təmas xətti var. İndi nəyin əsasında bilək ki, biz Ermənistanın ərazi bütövlüyünü pozduq, yoxsa Ermənistan bizim? Onlar öz sərhədlərini tanımırlar axı. Sərhəd yoxdursa, o zaman İrəvanın Azərbaycanı “işğalda” ittiham etməsi əsassızdır. Paşinyan vaxtilə demirdi ki, “Qarabağ Ermənistandır”? Keçmiş müdafiə nazirləri Tonoyan demirdi ki, “yeni müharibə ilə yeni ərazilər zəbt edəcəyik”? Deməli onlar öz sərhədlərini tanımırdılar, indi də tanımırlar. İndi hansı sərhəddən söhbət gedir? Sərhəd o zaman olacaq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edəcək.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.