“Mirzoyan tezliklə cəzalanacaq və görəcəksiniz” - Bakıdan sərt reaksiyalar

20-11-2021, 09:13           
“Mirzoyan tezliklə cəzalanacaq və görəcəksiniz” -
Erməni revanşistləri sərhəddə layiqli cavablarını alsalar da, Daşaltı terrorunun icraçısı uzun müddət sərbəst gəzə bilməyəcək...
Şuşa yaxınlığında törədilən erməni terror aktından bir həftə keçir. “Yeni Müsavat” bildirir ki, terror hücumunun əsas icraçısı Norayr Mirzoyan sanki heç nə olmayıbmış kimi unudulmaqdadır. Yəqin ki, indi o, sərbəst şəkildə azadlıqda gəzir. Halbuki erməni tərəfi yalandan da olsa “araşdırma” aparılacağını vəd eləmişdi. Ancaq heç bir tədbir görülmədi.

Təbii ki, belə şey gözlənilmirdi də! Əksinə, onu dərhal qəhrəmanlaşdırdılar, mükafat verdilər. Bəs Mirzoyanı qanunsuz şəkildə separatçılara təhvil verən Rusiya sülhməramlı kontingentinin rəhbərliyi niyə məsələyə seyrçi yanaşır? Axı bu həm də Rusiya üçün imic, etimad məsələsidir. Qumbara rus hərbçilərə tərəf atılsaydı, Moskva bu məsələni belə qoymazdı. Bu o anlama gəlmir ki, terror hücumunda Rusiya da maraqlı olub və yaxud da göz yummaqdadır.

İndi məlum olur ki, Ermənistan parlamentinin deputatları, erməni kilsəsinin nümayəndələri, eləcə də Qarabağ separatçılarının rəhbərliyi Mirzoyana dəstək məqsədilə “xeyriyyə aksiyası”na başlayıblar. Erməni mediası onun hazırda Xankəndində olduğunu yazır. Bununla belə, proses zamanı Mirzoyanın psixiatriya xəstəxanasına yerləşdirildiyi və burada heç də pis bir vaxt keçirmədiyi iddia edilir.

Eyni zamanda, “Hraparak”ın yazdığına görə, erməni deputatlar və ictimai xadimlər “Mirzoyanın ailəsinin maddi sıxıntı yaşaya biləcəyi” güman edildiyindən, terrorçunun ailəsini axtarmağa başlayıblar. Mirzoyan cütlüyü ehtiyacları üçün artıq 1000 dollar alıb. Erməni kilsəsinin nümayəndələri onun ailəsi üçün daha 3 min toplayıblar, lakin onlar hələ də köçürülməyib, çünki terrorçunun ailəsinin harada yaşadığını dəqiq bilənlər azdır.

Daha bir sual meydana çıxır ki, bu halda Azərbaycan niyə Mirzoyanın bizə təhvil verilməsində israr eləmir? Bəlkə zamanı uyğun saymır, yoxsa ayrı səbəb var? Əslində, general Rüstəm Muradovun Bakı ilə İrəvan arasında var-gəl etməsi fonunda İrəvana mesaj çatdırmaq mümkün idi. Ancaq bu mövzu müzakirə edilməmiş təəssüratı yaranır. 16 noyabrda 13 erməni hərbçinin bizə əsir düşməsini elə Mirzoyanın terroruna bir cavab kimi də qiymətləndirmək olar. Amma terror aktı Qarabağ ərazisində baş verib, üçtərəfli bəyanat pozulub, ən əsası Mirzoyanın cinayəti bir daha təsdiqləyir ki, sənədin 4-cü bəndinin, yəni sülhməramlı güclərin yerləşdiyi ərazidən erməni silahlıların çıxması haqda razılaşma icra edilməyib.O zaman məsələ belə də qalacaqmı?
Aqil Abbas

Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Mirzoyan tezliklə cəzalanacaq və onu hamı görəcək. A.Abbasın sözlərinə görə, Ordumuzun da cavabı olacaq, hüquqi müstəvidə də iş aparılmaqdadır: “Baş Prokurorluq cinayət işi açıb, o, Ermənistandan çıxa bilməyəcək. Bu hadisədə sülhməramlıların günahı var idi. Mən onlara erməniməramlı deyirəm. Çünki işi-gücləri erməniyə ev tikmək, park salmaq, yol çəkməkdir. Sülhməramlı qüvvə gəlmişdi ki, erməniləri silahsızlaşdırsın. Ancaq bunu etmədilər. Onların digər missiyası iki xalq arasında münasibət qurmaq idi, 1 ildə bunu da etməyiblər”.

A.Abbas qeyd etdi ki, Xocalıda pravoslav kilsəsi tikiblər, məscid də tikə bilərdilər: “Biz kilsə dağıdan deyilik, tolerant xalqıq. Amma Xocalıda məscid də tikərdilər. Sadəcə, yenə deyirəm ki, onlar sülhməramlı deyillər. Hələlik qarşıda 4 il var, ya işlərini görəcəklər, ya da belə davam etsələr, vaxtı çatanda çıxıb gedəcəklər. Ona görə Prezident İlham Əliyevin yaxşı sözü var - nəyi, nə vaxt və harada edəcəyimi bilirəm. İndi Putin bəyan edir ki, son hadisələrdən sonra sülhməramlı kontingentə ehtiyac olduğu görünür. Erməni sərhədində həmişə rus dayanıb, yəqin bundan sonra rus bazası dayanacaq”.
Üzeyir Cəfərov

Polkovnik Üzeyir Cəfərov bildirdi ki, Mirzoyanla bağlı indiki vəziyyətə çox təəssüf edir. Onun sözlərinə görə, R.Muradov Bakıda olanda da bu məsələyə toxunulmadı. Onun fikrincə, məsələnin üzərinə gedilməlidir və daha sərt şəkildə tələb qoyulmalıdır: “Sülhməramlılar necə onu ermənilərə təhvil vermişdilər, indi bizə qaytarsınlar. Bilirəm ki, verməzlər, amma ən azından tələb irəli sürməliyik. Qoy görsünlər ki, sakit dayanmamışıq və zamanı gələndə də biz adekvat münasibət göstərəcəyik. Ümumiyyətlə, Mirzoyanın sülhməramlıların tapşırığını yerinə yetirdiyi haqda məlumatlar gəzir. Odur ki, elədiyi cinayətə görə ona təşəkkür əvəzi ermənilərə təhvil veriblər”.

Polkovnikin sözlərinə görə, rus hərbçiləri özlərini çox yekəxana aparırlar: “Biz sözümüzü deməliyik və dözümsüzlük nümayiş etdirməliyik. Əgər ermənilər Mirzoyan üçün ianə toplayırsa, əmin olun ki, boşuna deyil, məqsəd digər terrorçuları həvəsləndirmək və bizə qarşı hərəkətləndirməkdir. Yəni ismarış verirlər ki, siz rahat olun, işinizi görün, biz nə lazımdırsa sizə şərait yaradacağıq. Ona görə tək Mirzoyan məsələsi deyil, daha geniş plan hesablanıb. Azərbaycan tərəfi ona cinayət işi açıb, istintaqın kağız üzərində qalmaması üçün çalışmaq lazımdır və Rusiya qarşısında çox ciddi şəkildə məsələ qaldırılmalıdır. Muradov erməni meyiti üçün tez-tələsik Bakıya gələ bilir, amma üç hərbçimizi yaralayan terrorçu ilə bağlı tədbir görülmür”.
Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, sərhəddə gedən toqquşmalarda 13 erməni hərbçinin əsir götürülməsi Mirzoyanı təhvil verməyənlərə cavabdır: “Biz bir Mirzoyan yerinə 13 mirzoyanı diz çökdürmüşük və indi əlimizdə saxlamışıq. Nə vaxt hansısa revanşist baş qaldıracaq, cəzası bu cür ağır olacaq. Ermənilər indi siçan deşiyi axtarırlar. Çünki Ordumuz 16 noyabrda onları peşman elədi. İndi erməni cəmiyyəti Paşinyanın yaxasından yapışıb ki, niyə belə etdin, nə üçün uşaqlarımız Azərbaycana əsir düşməlidirlər?! Bundan əvvəlki cinayət törətmiş əsirlər də Bakıda saxlanılır, üstünə 13 nəfər gəldi. Hələ şükür etsinlər ki, Laçında mühasirəyə düşən 60 erməni hərbçini sülhməramlının xahişini nəzərə alaraq geri qaytardıq. Ona görə nə zaman diversiya fəaliyyətinə keçsələr, yaxud terrora əl atsalar, atəşkəsi pozsalar, cəzaları ikiqat artıq olacaq. Prezident hər çıxışında erməni tərəfini xəbərdar edir ki, hansısa qüvvə başını qaldıracaqsa, ”dəmir yumruq" görəcək. Yəni məsələyə belə yanaşıram".

Siyasi ekspertin fikrincə, Mirzoyan yerindəcə məhv edilməliydi: “Amma sülhməramlılar onu dərhal aradan çıxardılar. Bu, bizə qarşı saymazlıq idi. Azərbaycan torpağında bizim əsgərə qumbara atanın mühakimə edilməsi lazımdır. Düzdür, sülhməramlının cəzalandırma səlahiyyəti yoxdur, amma onu geri təhvil veriblərsə, bizə hörmətsizlikdir. Ona görə Rusiya qarşısında tələbləri artırmalıyıq. Biz deyə bilmərik ki, pərdəarxası hansı iş aparılır. Lakin yenə deyirəm, 16 noyabrda əsir düşən 13 erməni Mirzoyanın terroruna layiqli cavab idi, indi yalvarsınlar, Muradovu elçi göndərsinlər, xahiş etsinlər ki, onları azad edək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.