Vitali Kovalyov: “Ümid edirəm ki, xəstəlik məndən həyat yoldaşım və qızlarıma keçməyəcək”

25-11-2021, 12:05           
Vitali Kovalyov: “Ümid edirəm ki, xəstəlik məndən həyat yoldaşım və qızlarıma keçməyəcək”
“Burnum axırdı, qrip olmuşdum. Məndən qabaq əsas komandanın 4 məşqçisi koronavirusa yoluxmuşdu. Klub həkiminə müraciət etdim. O dedi ki, get, test ver. Mən bildiyimə görə, adi qripdən koronavirusa yoluxma halı olmur. Ancaq test verəndən sonra bəlli oldu ki, mən də koronavirusa yoluxmuşam”.

Bunu Oxu.Az-a “Sabah” klubunun qapıçılar üzrə məşqçisi Vitali Kovalyov deyib.

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubunun 5 məşqçisi və 1 futbolçusunda koronavirusa yoluxma halı qeydə alınıb. Bunlardan biri Azərbaycanın Milli Qəhrəmanı, I Qarabağ Müharibəsinin şəhidi Yuri Kovalyovun kiçik qardaşı Vitalidir.

44 yaşlı sabiq qapıçı ikinci dəfə koronavirusa yoluxduğunu bildirib:

“Mən ilk dəfə təxminən bir il bundan qabaq – ötən ilin dekabrında koronavirusa yoluxmuşdum. Hətta vaksinim də var.

Hazırda burnumdan su gəlir, azca temperatur qalxıb. Yüngül formada keçirirəm. Ancaq cüzi də olsa narahatçılıq var. İybilmə, dadbilmə hələ ki itməyib. Hələ cəmi 2-3 gündür ki, yoluxmuşam. Yəqin onlar da sonra itəcək.

Evdə həyat yoldaşım və iki qızım var. Qızlarımdan birinin 16, digərinin 9 yaşı var. Ümid edirəm ki, məndən onlara bu xəstəlik keçməyəcək. Vaxtlı-vaxtında dərmanlarımı qəbul edirəm, zəncəfilli çay hazırladıb içirəm”.

Qeyd edək ki, “Sabah”da Vitali Kovalyovdan başqa, Ruslan Qafitullin, Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyev, eləcə də gürcü futbolçu Mixeil Erqemlidzenin koronavirusa yoluxduğu məlum olub.

Səbuhi Musayev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.