ABŞ oyuna girir: Azərbaycanla bağlı yeni konturlar cızılır - NƏ ETMƏLİ?

8-12-2021, 10:26           
ABŞ oyuna girir: Azərbaycanla bağlı yeni konturlar cızılır - NƏ ETMƏLİ?
“Bölgə dövlətlərinin siyasi elitaları arasında yüksək səviyyəli anlaşmalar əldə edilib. Yəni perspektivdə bu dəhlizin açılacağına ümid bəsləyə bilərik. Xatırladım ki, uzun müddətdir Türkmənistan qazının İran və ya Xəzər dənizi üzərindən Qərbə çıxarılması məsələsi problem olaraq qalırdı. Nəhayət, Tehranın türkmən qazının İran, bundan sonra Azərbaycan üzərindən çıxarılması ilə bağlı Bakıyla razılığa gəlməsi göstərir ki, bölgədəki nəqliyyat dəhlizlərinə fərqli baxışlar formalaşır. Ümumən bölgə dövlətləri arasında iqtisadi məsələlərlə bağlı anlaşmalar nə qədər yüksək səviyyədə olarsa, bu da regionda dayanıqlı sülh və sabitliyin olmasına öz töhfəsini verə bilər”.

Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Soçi görüşündə bölgədəki kommunikasiyaların açılması ilə bağlı növbəti anlaşma imzalandı. Bundan sonra ən qısa vaxtda bu yöndə konkret açıqlamanın olacağı bildirildi. Rusiya Prezidenti Vladimir Putin də öz çıxışında dəhlizlərin açılacağını bildirsə də, İrəvan təkid edir ki, bununla bağlı anlaşma yoxdur. Belə olan təqdirdə nəzərdə tutulan dəhlizlər necə açılacaq?

- Soçidə əldə edilmiş anlaşma müsbət dəyərləndirilməlidir. İlk növbədə, Azərbaycanın haqlı mövqeyi Bakı və İrəvan arasında gedən danışıqlarda moderator olan Rusiya tərəfindən anlayışla qəbul edilir. Yəni Rusiyanın özü də Azərbaycanın mövqeyinin beynəlxalq hüquq normalarına istinad etdiyinin mahiyyətinə varır. Nəzərə alsaq ki, Rusiyanın Ermənistan rəhbərliyinə qarşı ciddi təsir və təzyiq rıçaqları var və təbii ki, Moskva bu məsələdə həqiqətən israrlı və səmimi olsa, yaxın gələcəkdə həmin dəhlizin açıla biləcəyi ilə bağlı gəlişmələrin şahidi olacağıq. Şübhəsiz ki, bu dəhlizin açılması bölgənin iqtisadi baxımdan rentabelliliyinin təmin edilməsi ilə bağlı Rusiyanın özünün də maraqlarına cavab verir. Bu dəhlizin açılması, Rusiyanın Ermənistanla birbaşa ticari və iqtisadi əlaqələrinə, o cümlədən bu ölkədəki hərbi bazalarının təminatı ilə bağlı məsələlərə müsbət təsir göstərməlidir.

Bu gün Rusiyanın Ermənistanla birbaşa quru əlaqəsi yoxdur. Rusiya Ermənistandakı hərbi bazalarının təminatı çox baha başa gələn aviasiya reysləri vasitəsilə həyata keçirir. Gürcüstanla münasibətlərindəki problemləri də nəzərə aldıqda, Rusiyanın nə üçün bu dəhlizin açılmasında belə maraqlı olduğunu anlamaq olar. Eyni zamanda, bu dəhlizin açılması bölgə dövlətlərinin də maraqlarına cavab verir. Türkiyə və Rusiya arasında əldə edilmiş müəyyən razılaşmalar var. Bu dəhliz Türkiyənin Azərbaycan və digər türk respublikaları ilə birbaşa əlaqələrinin qurulması və münasibətlərinin fərqli müstəviyə keçirilməsi baxımından öz müsbət töhfəsini verməlidir. Daha qlobal baxımdan isə, bu dəhliz Böyük İpək Yolunun əvvəlki əhəmiyyətinin bərpa olunması anlamından qəbul edilməlidir.

Bölgə dövlətlərinin siyasi elitaları arasında yüksək səviyyəli anlaşmalar əldə edilib. Yəni perspektivdə bu dəhlizin açılacağına ümid bəsləyə bilərik. Xatırladım ki, uzun müddətdir Türkmənistan qazının İran və ya Xəzər dənizi üzərindən Qərbə çıxarılması məsələsi problem olaraq qalırdı. Nəhayət, Tehranın türkmən qazının İran, bundan sonra Azərbaycan üzərindən çıxarılması ilə bağlı Bakıyla razılığa gəlməsi göstərir ki, bölgədəki nəqliyyat dəhlizlərinə fərqli baxışlar formalaşır. Ümumən bölgə dövlətləri arasında iqtisadi məsələlərlə bağlı anlaşmalar nə qədər yüksək səviyyədə olarsa, bu da regionda dayanıqlı sülh və sabitliyin olmasına öz töhfəsini verə bilər.

Güman edirəm ki, Ermənistan rəhbərliyinin bu ziddiyyətli davranışları Nikol Paşinyanı hakimiyyətə gətirmiş Soros və ABŞ dərin dövlətinin ismarışları əsasında baş verir. Çünki həmin dəhlizlərin açılması Rusiya və İranın bölgədəki təsir imkanlarının artması demək olacaq, bölgə dövlətləri arasındakı əməkdaşlığın yeni mərhələyə daxil olmasına şərait yaradacaq. ABŞ isə bu proseslərdə hegemon rol oynamaq istəyir. Buna görə də, ABŞ yenidən ATƏT-in Minsk qrupunu dirçəltməyə və bununla “Qarabağın statusu” məsələsinə yeni impuls verməyə çalışır. Bunun da erməni cəmiyyətinin diqqətini cəlb edəcəyini düşünürəm. Bütövlükdə, Ermənistan-Rusiya münasibətlərində yarana biləcək problemlər və ya erməni cəmiyyətində anti-Rusiya ovqatının güclənməsi ABŞ-ın maraqlarına cavab verir.

- Bəs Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki erməni qanunsuz silahlı qüvvələrinin çıxarılması haqda niyə danışılmır? Rusiya üzərinə götürdüyü öhdəliyi niyə yerinə yetirmir?

- Əslində, həmin öhdəliyi Ermənistan rəhbərliyi Azərbaycan və Rusiya qarşısında öz üzərinə götürüb. Moskva razılaşmasının şərtlərindən biri də budur ki, erməni tərəfi Ağdam, Laçın və Kəlbəcərdəki öz işğalçı qüvvələrini çıxardıqdan sonra digər ərazilərdəki qoşunlar da çıxarılmalı və bu haqda qərar qəbul edilməlidir. Amma biz hələlik Ermənistanın belə bir addım atmadığını görürük. Əslində, erməni qoşunlarının oradan çıxarılması, Qarabağ məsələsinin tam mənada Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün imkanların yaranması demək olacaq. Çünki orada erməni qüvvələri olmayacağı təqdirdə, erməni icmasının ən qısa vaxtda Azərbaycan vətəndaşlığını qəbul edərək, onun konstitusiyası və qanunlarına tabe olacağı şəksizdir.

Görünür ki, bölgənin lideri dövləti Azərbaycanın müstəqil siyasət yürütməsinin qarşısına sədd çəkmək və onunla lazım olan təhdid və hədə dilində danışmaq üçün istər Qərb, istərsə də Rusiyadakı bəlli dairələr bu məsələnin gündəmdə qalmasında maraqlıdırlar. Razılaşın ki, Qarabağ münaqişəsi SSRİ-nin çökdürülməsi üçün Qərb tərəfindən düşünülmüş geosiyasi layihə idi. SSRİ rəhbərliyinin, yaxud Qorbaçov və onun yaxın ətrafının zamanında bu məsələnin həlli üçün lazımi addımlar atmaması, sonradan Sovet İttifaqının çökməsinə gətirib çıxardı. Yəni bu problem metastaz və SSRİ-nin digər bölgələrində etnik zəmində başlayan münaqişələrin qarşısını almaq mümkün olmadı. Beləliklə, Qərb SSRİ-ni çökdürmək üçün irəli sürdüyü bu layihəni reallaşdıra bildi.

Hesab edirəm ki, bu istiqamətdəki addımları Ermənistan rəhbərliyi atmalıdır. Belə bir addım atmayacağı təqdirdə də, Azərbaycan Ermənistanın bu şıltaqlığına uzun zaman dözməyəcək. Prezident İham Əliyevin təbirincə desək, "Dəmir yumruq” yerindədir. Bunu erməni siyasi istiblişmenti də bilməmiş deyil. Bölgədə maraqları olan dövlətlər də bu gücün mahiyyəyinə varırlar. Güman edirəm ki, Rusiyanın özü də bölgədə növbəti qarşıdurmanın müharibə həddinə keçməsində maraqlı deyilsə, öz imkanları daxilində Ermənistan hakimiyyətinə təsir göstərib, bu istiqamətdə qərarların qəbul edilməsinə getməlidir.

Yenə də deyirəm ki, Ermənistandakı siyasi rəhbərlik qərbyönümlüdür. Qərbin özü də Rusiyanın bölgədəki nüfuz dairəsinin genişlənməsinə yol verməmək üçün Qarabağ məsələsindən istifadə etmək fikrində olacaq. Əslində, bu problem həm Rusiya, həm də Qərbə bölgə uğrunda mübarizənin konturlarını cızmağa imkan verir. Ən azı Azərbaycanın qələbəsi nəticəsində bölgədə yaranmış yeni geosiyasi reallıqlar Rusiyanın maraqlarına cavab verir. Bu baxımdan, Rusiya bu kimi məsələlərin həllində Azərbaycanın da yox, beynəlxalq hüquq normalarının yanında olmalıdır. Belə olan təqdirdə biz həmin məsələlərin həlli istiqamətində konkret addımlar ata biləcəyik.

- ABŞ-ın fəallığı da diqqətdən yayınmır. Az qala hər gün Vaşinqtondan Bakıya telefon zəngi gəlir. Son olaraq, ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Xarici işlər naziri Ceyhun Bayramova zəng etdi. Bundan əvvəl isə Bayramov amerikalı həmkarı Entonu Blinkenlə görüşmüşdü. Bakı ABŞ-ın bu fəallığında maraqlıdırmı, ümumən bu, prosesə hansı formada təsir göstərəcək?

- ABŞ-ın fəallığı anlaşılandır. ABŞ bölgədəki yeni geosiyasi reallıqları qəbul etməyərək, bunları dəyişdirməyə çalışır. Amerikada anlamamış deyillər ki, bu reallığı Azərbaycan yaradıb. Bu reallıqların dəyişdirilməsində Azərbaycanın yetəri qədər imkanlarının olduğu da ABŞ tərəfindən nəzərə alınır. Buna görə də ABŞ həm bu, həm də bölgədəki yeni geosiyasi reallıqlarla bağlı məsələlərdə Azərbaycanla əməkdaşlığa üstünlük verəcək. Bu istiqamətdə də fəaliyyətini gücləndirəcəyini düşünürəm. Digər yandan, ABŞ bilir ki, Avropanın enerji bazarında Rusiyanın çəkisi yetəri qədər artıb. Rusiya “Şimal axını 2” kəmərinin çəkilməsindən sonra yeri gələndə neft-qaz strategiyasından Avropa dövlətlərinə qarşı təsir vasitəsi kimi istifadə edə bilir. Bu baxımdan, Rusiyanın Avropanın işlərinə doğru genişlənməkdə olan müdaxiləsinin qarşısını almaq üçün Azərbaycan kimi nəhəng enerji resurslarına malik olan dövlətlərlə münasibətləri bugünkü dünyanın və Avropanın enerji təhlükəsizliyi kontekstində qurmalıdır. ABŞ-ın siyasi istiblişementi də bunu bilir. Baxmayaraq ki, Azərbaycan özünün milli təhlükəsizlik maraqlarından çıxış edərək, Rusiya ilə ikitərəfli münasibətlərə böyük önəm verir, bununla belə xarici siyasətində çoxpektrli xətt qalmaqdadır. Bu da indiki şəraitdə Azərbaycana müstəqil xarici siyasət yürütməsini təmin edəcək xətdir.

Bütün bunları nəzərə aldıqda, perspektivdə ABŞ-Azərbaycan münasibətlərinin genişlənəcəyi də istisna deyil. Əgər ABŞ indi də Əfqanıstana milyardlarla dollar həcmində vəsait ayırırsa, bu o deməkdir ki, Vaşinqton hələ də Əfqanıstan və Mərkəzi Asiya ilə bağlı maraqlarından geri çəkilməyib. Yenidən bu bölgəyə qayıtmaq üçün tranzit potensialına malik Azərbaycanın bu imkanları həmişə ABŞ tərəfindən götür-qoy edilir. Üstəgəl, İran ərazisindən məlum qaz kəmərlərinin çəkilməsi ilə bağlı Azərbaycanın mövqeyi Amerikanın diqqətindən yayınmalıdır. Azərbaycanın burada razılığı olmasaydı, türkmən qazının Avropaya çıxarılması məsələləri həlsiz qalacaqdı.

“Qazprom” indiyədək Türkmənistandan qazı istədiyi qiymətlərlə alıb Avropaya satırdı. Şübhə etmirəm ki, Türkmənistan qazının Azərbaycan üzərindən çıxarılması məsələsində Rusiyanın da razılığı var. Yəni elə bir anlaşma əldə olunub ki, burada Rusiyanın da maraqlarına ciddi ziyan dəyməsin. Bir sözlə, ABŞ Azərbaycanın geniş tranzit imkanlarına malik olmasının mahiyyətinə həmişə varır. Buna görə də, həm bu bölgə, həm də Mərkəzi Asiya uğrunda mübarizə çərçivəsində Azərbaycanla əməkdaşlığın yeni konturları ABŞ tərəfindən cızılacaq.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.