“Suriyada gedən müharibə cihad deyil”
2-04-2016, 10:00
Əlixan Musayev: “Hakimiyyət nə qədər zalım olsa, ona qarşı çıxıb minlərlə insanın qətlinə bais olmaq şəriətə ziddir”
Müsahibimiz “Əbubəkr” məscidinin imamının keçmiş müavini Əlixan Musayevdir. Ə.Musayevin bir müddət əvvəl “Suriya cihadı” mövzusunda səs yazısı yayılıb və həmin səs yazısında onun “Qorxursansa deməyə ki, onlar Allah yolunda vuruşur, mücahiddir, inşallah şəhiddir, onlar cənnətlikdir, əleyhinə də demə də, qardaş” fikirləri geniş müzakirə mövzusuna çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Əlixan Musayev kimi adamların o cür çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır” deməklə məsələni bir qədər də aktuallaşdırdı.
- Səsinizi gizli şəkildə kim yazıb və sonradan yayıb?
- Bu söhbət 2 il yarım əvvəl çay evində olub. Çay içərkən 4-5 nəfərin arasında bu dialoq olub. Həmin uşaqları səslərindən təxminən tanıyıram. Dəqiq bilirəm ki, cavan uşaqlardır. Onlar dinlə maraqlanırlar. Onlara məsələni açıqlayanda məni başa düşdülər. Orada söhbət 1 saat olub. 1 saatın içindən 3 dəqiqəsini kəsib harasa göndərib, nə əvvəlini, nə də axırını verməyəndə söhbətə qulaq asan başa düşmür ki, nə demək istəyirəm.
- Nə demək istəmisiniz?
- Həmin 4-5 nəfərə başa salmaq istəmişdim ki, Suriyada olan insanların hamısına pis deməyin. Hamısını pis saymayın. Adam oranın vətəndaşıdır, görür ki, gözünün qabağında əzizlərini öldürürlər, qalxır müdafiəsinə. Əzizlərini, evini müdafiə edərkən adam ölürsə... məsələn, Xocalıda evində oturan adama düşmən hücum edib, o da evini, əzizlərini qoruyarkən vəfat edir. Bu insanı pis saymaq olar? Demişəm ki, belə adamların haqqında pis deməyin əleyhinəyəm. İŞİD-i mən həmişə tənqid etmişəm, pisləmişəm. Mən məzluma necə pis deyə bilərəm? Necə deyə bilərəm ki, o, cəhənnəmlikdir? Necə cəhənnəm köpəyi adlandıra bilərəm?
- Sizin Azərbaycandan Suriyaya gedərək İŞİD-ə qoşularaq döyüşənlərə münasibətiniz necədir?
- 2 il əvvəl bu barədə demişəm. Həmin səs yazımı sizin sayt da vermişdi ki, Əlixan Musayev bunu pisləyir. İnternetdə İŞİD barədə mövqeyimiz var. Mən bunu internetə vermişəm ki, ay camaat, ora getmək olmaz! Bu bir oyun ola bilər. Biz deyə bilmərik ki, İŞİD orada Allah yolunda, İslamı ucaltmaq, yaymaq məqsədi ilə vuruşur. İŞİD barədə yarım saatlıq xütbəmdə bunu açıqlamışam. Mənim mövqeyim həmişə bu olub.
- İŞİD-in hücumlarından sonra ən müxtəlif telekanallarda əsirlərin başlarının kəsilməsi əks olunan videolar yayılırdı. Həmin videolara münasibətiniz necədir?
- İslamda elə şey yoxdur. İslamda qəddarlıq yoxdur. İslam sülh, əmin-amanlıq dinidir. Məhəmməd Peyğəmbər əsirləri fidyə (qanpulu) müqabilində azad edirdi və ya onları ədalətlə cəzalandırırdı. Bəs bunu bu gün edənlər niyə çəkib göstərirlər? Yəni demək istəyirlər ki, müsəlmançılıq belədir? Belə qəddar dindir? O adamlar yanlış yoldadırlar. Belə şey yoxdur.
- Suriyadakı müharibəni dini baxımdan necə müharibə adlandırmaq olar?
- Hər bir işin başlanğıcına baxılmalıdır. Başlanğıcda inqilab, bir qiyam kimi idi. Bu onların daxili problemidir. Kənardan kimsə onların daxili probleminə müdaxilə etməməlidir. Nə Azərbaycan, nə də qeyriləri. Bir qrup insan hakimiyyətə qarşı çıxıb, bunu düz ediblər, səhv ediblər, öz daxili işləridir. Mən bu qiyamı düz saymıram. Hakimiyyət nə qədər zalım olsa, bir qrup insanın hakimiyyətə qarşı çıxıb minlərlə insanın qətlinə bais olması şəriətə ziddir. Mən həmişə soydaşlarımıza demişəm ki, başqa ölkənin problemlərinə, xüsusilə də siyasətinə qarışmayın. Özünüzü yandıracaqsınız.
“Cihada qoşulmaq üçün əvvəla, dövlət başçısının, sonra isə ata-ananın izni olmalıdır”
- Azərbaycandan xarici ölkələrə, Suriyaya döyüşməyə gedənlərə sözünüz nədir?
- O şəxslərlə Suriya ilə bağlı 2 ildir ki, iş aparıram. Bundan əvvəl 2006-2007-ci illərdə İraq, 2003-də Çeçenistan məsələləri olanda belə izahat işləri aparmışam. Adamlara başa salmışıq ki, istənilən bir yerdə cihad deyilirsə, cihadın şərtləri olmalıdır. Cihada qoşulmaq üçün əvvəla dövlət başçısının, sonra isə ata-ananın izni olmalıdır. Cihad dediyin yerdə oyun, qurma işlərin olub-olmaması müəyyənləşdirilməlidir. Yəni bu şərtlərə əməl etmədən gedib kiməsə qoşulmaq olmaz. Dünyanın heç bir yerində qəsd etdiyim cihad yoxdur.
- Sizin universitetə, teatra, kinoya münasibətiniz necədir?
- Universitet olmasa, orada kadrlar yetişməsə, bu xalqı kim idarə edər? Həkim kim olacaq? Mühəndis, müəllim və sair kim olacaq? Qaldı ki, teatra, teatr kimisə yamsılamaqdır. Məhəmməd Peyğəmbər haqda film stilində çəkilmiş kinolara problem yoxdur. Ancaq o kino, o teatr ki, insanın, xalqın mənəviyyatını korlayır, bunun əleyhinəyəm. Quranda, Loğman surəsində deyilir ki, insanlar arasında elələri var ki, boş-boş sözlərlə, lağlağı ilə insanları haqq yoldan azdırırlar. İnsanlara ancaq xeyirli şeyləri çatdırmaq lazımdır ki, onlar maariflənsin, bu xalqa xeyir versinlər.
- Necə düşünürsünüz, teatrda dediyiniz kriteriyalara cavab verməyən tamaşalar qoyulursa, həmin teatr dağıdılmalı, yerlə-yeksan edilməlidir?
- Xeyr! Birincisi, teatrı idarə edənlər orada baş verənlərə görə məsuliyyət daşıyır. Peyğəmbərimiz deyir ki, haradasa xoşagəlməz bir şey gördükdə çalış nəsihət edib düzəldəsən. Yəni biz nəsihət edirik ki, bu din belə lağlağıların, bayağı oyunların əleyhinədir. Düzəldi düzəldi, düzəlmədi, özü bilər. Biz kimik ki? Biz başqaları düşündüyü kimi dağıdan, partladan deyilik. Bizim şəriətdə belə şey yoxdur. Peyğəmbərimiz Məkkədə yaşayarkən Kəbənin içində və ətrafında bütlər olub. İndi sual verirəm, büt, bütpərəstlik Allah yanında daha böyük günahdır, yoxsa teatr, səhnə? Əlbəttə ki, bütpərəstlik böyük günahdır. Peyğəmbərimiz, onun sahabələri 13 il Məkkədə yaşadı, bütlərə barmağının ucu ilə belə toxunmadı, dağıtmadı. O bütləri ora qoyanlar məsuliyyət daşıyırlar. Qiyamət günü Allah qarşısında, Allaha şərik qoşduqlarına görə cavab verəcəklər. Mən teatrı dağıtmaqla yaşadığım yerdə sadəcə fəsad törədə bilərəm. Ona görə də Allah-təala deyir ki, sizin dininiz sizə, mənim dinim mənə aiddir. Biz də deyirik ki, onun teatrda kimisə yamsılayıb lağlağı etməsi, yoldan çıxarması ona aiddir, mənim elə adamlara qoşulmamağım da mənə aiddir.
- “Əbu-Bəkr” məscidinin açılması ilə bağlı hər hansı bir müraciətləriniz olubmu?
- Mən o məsciddə 3 il imamın müavini olmuşam. Qamət Süleymanovla dost olmuşam. 2000-ci ildən 2003-cü ilə qədər. Sonradan kitab yazmağa, tərcümə etməyə başladım, Azərbaycan, rüs, türk dillərində 70-ə yaxın kitab tərcümə etmişəm. Kitab işi ilə məşğul olduğuma görə məscid fəaliyyətindən kənarlaşmışam. Cümə və namazlarda həmişə orada olmuşam. Oranın bağlanmasını oranı sonradan idarə edənlər bilər. Mən bilmirəm niyə görə bağlanıb, niyə görə açılmır. Onu özündən soruşun, özü bilər.
- Dediniz ki, Qamət Süleymanovla dost olmusunuz. Hazırda dost deyilsiniz?
- Hazırda aramızda soyuqluq var.
- Nə ilə bağlıdır?
“Qamət Süleymanovla aramızda yaranan soyuqluğun bəzi səbəbləri var”
- Şəriət məsələləri ilə bağlıdır, insaniyyət baxımından başqa cür insandır. Amma şəriət baxımından onun öz fikirləri var, mənim öz fikirlərim. Fikirlərimiz üst-üstə düşmür deyə aramızda soyuqluq var.
- Belə məlumatlar vardı ki, Qamət Süleymanovun ətrafında olanlar daha radikal şəxslər olub...
- Xeyr, tam əksidir, onlar loyal insanlardır. Əksinə, Qamət dövlət xəttini tutub və bu xətlə getmək niyyətindədir. O, radikallıqla mübarizə aparır.
- Aranızdakı soyuqluq onun mövqeyinə görədir?
- Yox, buna görə deyil.
- Konkretləşdirmək olar?
- Ramazan bayramında həmişə ixtilaf olur. Bəziləri deyir ki, ay çıxmalıdır, bəziləri deyir ki, 1 gün sonra bayram keçirilməlidir. Bəziləri Səudiyyə Ərəbistanı, bəziləri Türkiyə, bir başqaları İranla, digərləri dövlətlə birgə bayramı qeyd etməyin düz olduğunu deyirlər. Belə ixtilaflara görə aramız soyuyub.
- Siz Ramazanı hansı təqvimlə keçirməyin tərəfdarısınız?
- Etiqadıma görə dünyanın harasında etibar etdiyimiz müsəlmanlar Ayı görürsə, bütün dünya bununla başlayırsa, mən buna inanıram. Mən çoxluğa tabe oluram.
- Çoxluq dediyinizin təqvimi hansı regionun təqvimi ilə üst-üstə düşür?
- Səudiyyə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt. Əhli-sünnənin çoxluğu nə zaman başlayıb, nə zaman bitirdisə, mən də o yolla gedirəm.
- Aranızdakı ixtilaf sırf buna görədir?
- Sırf buna görə deyil, belə məsələlərə görədir. Bunu şişirtməyə ehtiyac yoxdur. Bu, iki qardaşın arasında dini məsələlərə görə olan ixtilafdır. Bunu ədavətə çevirməyə ehtiyac yoxdur.
- Bir-birini qardaş adlandıran dindarların arasında dini məsələlərə baxışların fərqli olması tərəflər arasında dərin uçurumun yaranmasına qədər uzanması normaldır?
- Mənim indiyə qədər mediada Qamətin əleyhinə çıxışım olmayıb. Bir kəlmə söz deməmişəm. O, müsəlman qardaşımızdır, Allah rizası, onun yaxşı əməllərinə sevinirəm, yaxşı əməllərini dəyərləndirirəm, səhvlərinə görə də Allah qarşısında özü cavab verəcək.
- Səsinizin gizli yazılmasında, sonradan yayılmasında Qamət Süleymanovun, onun ətrafında olan şəxslərin marağı olmaları haqda iddialar var.
- Mənim əlimdə əsas olmadan kimsənin haqqında pis fikirləşə bilmərəm. Mediada yaza bilərlər ki, bunu edən Qamətdir, onlara qarşı olanları da yaza bilərlər ki, Əlixandır. Bunlar hamısı qalmaqaldır. Belə hallarda bizim əsas mövqeyimiz Allahın bizə buyurduğudur: “Ey iman gətirənlər, bir xəbərçi sizə gəlib xəbər söylədikdə, o xəbərin doğru olub-olmadığını araşdırın. Yoxsa özünüz da bilmədən bir kimsəyə pislik edərsiniz, sonra həmin pisliyin peşmançılığını çəkərsiniz”.
- Səs yazınız yayılandan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri fikirlərinizin araşdırılacağını söyləmişdi.
- Mən mətbuatı izləmirəm. Haqqımda ciddi bir şey olarsa, onu o dəqiqə bilərəm. Çağırırlar Dini Qurumlara, Ruhani İdarəsinə və ya harasa, məndən izahat istəyərlər ki, bu nə şeydir ki, sən danışmısan. Ciddi bir şey deyil. Bunu söhbətin əvvəlində dedim ki, anonim məktub şəklində mətbuata yollayıblar. Mətbuat belə şeyləri yaymaqla öz işini görür.