“HƏRBİ BAXIMDAN RUSİYANIN QÜDRƏTİ HAQQINDA MİFLƏR SINDIRILDI” – “Bu, Putini arxayın saldı və belə yanaşma ortaya çıxdı ki...”

25-03-2022, 00:00           
“HƏRBİ BAXIMDAN RUSİYANIN QÜDRƏTİ HAQQINDA MİFLƏR SINDIRILDI” –
Arif Əliyev: “İstənilən halda Rusiya öz gələcəyini uduzdu... Rusiyanın gücünün və qüdrətinin sarsılması, Moskvanın dünya siyasətində rolu və yerinin dəyişməsi ilə bağlı olacaq”

“Rusiyanın imici və nüfuzu ən aşağı səviyyədədir. Onlarla ölkədə insanlar yalnız rus olduğuna görə təzyiqlərə məruz qalırlar”

Artıq bir aya yaxındır Putinin Ukraynaya qarşı başlatdığı müharibə davam edir. Bu müddətdə Ukraynanın bir sıra şəhərləri artilleriya və hava zərbələri nəticəsində yer üzündən silinsə də, Ukrayna xalqının və dövlətinin müqaviməti şiddətlə davam edir. Bununla paralel olaraq dünya ölkələrinin, xüsusilə ABŞ və Avropa Birliyinin Ukaynaya dəstəyi davam edir. Müharibənin nə zaman bitəcəyi hələ bilinməsə də Ukraynada baş verənlərin tarixin axarını dəyişəcəyi artıq şübhə doğurmur.

“AzPolitika.info” bu mövzunu “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, analitik Arif Əliyevlə müzakirə edib:


- Arif bəy, artıq bir aya yaxındır ki, Ukraynada müharibə davam edir, hər iki tərəfdən böyük itkilər qeydə alınır. Görünən odur ki, Putin hələ də Ukraynanı tam işğal etmək fikrindən daşınmayıb. Siz bu prosesin gedişini və perspektivini necə görürsünüz?

- Müharibə nə hücum edənin, nə də müdafiə olunan tərəfin gözləmədiyi bir mərhələyə çatıb. Artıq dördüncü həftədir ki, bu savaş davam edir və hər növbəti gün təcavüzkar Rusiyanın əleyhinədir. Həm hərbi, həm iqtisadi, həm sosial, həm də imic baxımından. Yəni müharibə Rusiyanın beynəlxalq müstəvidə vəziyyətini ağırlaşdıra-ağırlaşdıra gedir.

Ümumi qiymətləndirmə belədir ki, Rusiya planlaşdırdığı və başlatdığı əməliyyatı istədiyi kimi, yəni qısa müddətdə başa çatdıra bilmədi. Proseslər çox ağır mərhələyə daxil oldu. Eyni zamanda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkəni çökdürür. Müharibə nə qədər uzun çəksə, zərbənin təsiri də bir o qədər böyük olacaq. Sülhün əldə olunması isə sual altındadır, hərçənd son günlər Avropa ölkələri daha da fəallaşıb, Moskva ilə danışıqlar intensivləşib. Qənaətimcə, sülhün əldə olunması prosesi hələ uzanacaq. Çünki Rusiya maksimal tələblərində qalır. Baxmayaraq ki, onun tələblərini yumşaltdığı haqda iddialar səsləndirilirdi.

Sözsüz ki, Ukrayna da özünün minimal tələblərindən geri çəkilə bilməz. İndi Moskva tərəfindən irəli sürülən tələbləri qəbul etmək heç bir halda Ukrayna üçün məqbul sayıla bilməz. Bu mənada düşünürəm ki, proses Rusiyanın daha da zəiflədiyi mərhələyə qədər uzanacaq.

- Sizcə, hazırkı mərhələdə Ukrayna və Rusiya nələri itirib və nələri qazanıb?

- Ukrayna əlbəttə ki, böyük itkilərlə üz-üzədir. Xüsusilə də insan itkisi. Ukraynanın fəxri sayıla biləcək bir sıra şəhərlər yer üzündən silinib, məhv edilib. Artıq Ukrayna vətəndaşı olan 10 milyona yaxın insanın qaçqın olduğu deyilir. Bunu təsəvvürə gətirmək lazımdır. Biz bir milyona yaxın qaçqının ağrısını hələ də çəkirik. 10 milyon qaçqının 3,5 milyondan çoxu Ukraynanı tərk edib və bunun da 90 faizi qadın və uşaqlardır. Eləcə də Ukraynanın infrastrukturuna, maliyyə vəziyyətinə olduqca ağır zərbələr dəyib. Müharibənin izlərini silmək üçün Ukraynaya on illərlə vaxt lazım olacaq.

Rusiyanın da itkisi maksimum həddədir. Fikrimcə, indiki halda hərbi baxımdan Rusiyanın qüdrəti haqqında miflər sındırılıb. Tərifli rus ordusu artıq dördüncü həftədir ki, Ukrayna bataqlığından çıxa bilmir, Ukrayna kimi böyük ərazidə gündə cəmi 1-5 kilometr irəliləməyə nail olduğu deyilir. Görünən odur ki, ortada konkret bir nəticə yoxdur.

Ukraynaya təcavüzdən sonra tətbiq edilən sanksiyalar artıq Rusiyaya təsir edir. Müharibə qərarı ilə Rusiya özünün maliyyə ehtiyatlarının üçdə ikisini artıq itirib və bu proses davam edir. Dördüncü və beşinci sanksiyalar paketi də hələ son deyil. Daha ağır təsir üsulları var. Şübhə yoxdur ki, Avropa onları tətbiq edəcək. Beynəlxalq imicdən isə danışmağa dəyməz. Bu saat Rusiyanın imici və nüfuzu ən aşağı səviyyədədir. Onlarla ölkədə insanlar yalnız rus olduğuna görə təzyiqlərə məruz qalırlar. İndiyə qədər belə vəziyyət olmayıb. Hələ bunun sonrakı mərhələləri, o cümlədən Rusiyanın bölünməsi və parçalanması təhlükəsi var. Bu baxımdan Rusiyanın itkiləri maksimum həddədir. Ən əsası Rusiya döyüş meydanından çıxsa, hətta Ukrayna üzərində qısa müddətli qələbəsini təmin etsə belə, fikrimcə, strateji baxımdan məğlubiyyətdən sığortalana bilməyəcək.

- Hazırda dünya analitikləri “Putini nə dayandıra bilər və ümumiyyətlə, onu dayandırmaq üçün mexanizm varmı” sualına cavab axtarırlar. Siz necə düşünürsünüz, Kreml sahibini dayandırmaq mümkündürmü, əgər mümkündürsə, niyə dayandırılmır?

- Putini zamanında dayandırmaq mümkün idi və bu barədə yekun rəylər də var. Amma ona çox güzəştlər edildi. Məsələn, 2014-cü ildə Krımda törətdikləri, habelə 2008-ci ildə Tiflisdə, eləcə də Qarabağda atdığı addımlardan sonra onun qarşısına çıxan olmadı. Müəyyən bəyanatlar və fikirlər oldu, amma indiki sanksiyalar ortaya qoyulmadı. Bu da Putini arxayın saldı, belə yanaşma ortaya çıxdı ki, 2-3 gün ərzində Ukraynada qələbəni təmin etdikdən sonra Avropada bir az “donquldanacaqlar” və sonda sakitləşəcəklər. Amma görünür, bu, yekun mərhələ idi. Odur ki, təzyiqlər davam edir və getdikcə də güclənəcək.

“Putini nə saxlaya bilər” sualı üzərində indi ayrı-ayrı ekspertlər, beyin mərkəzləri deyil, güclü ölkələrin böyük kəşfiyyat qurumları da işləyir. Çalışırlar ki, Putinin beynində nə baş verdiyini, onun bundan sonra hansı addımlar ata biləcəyini araşdırsınlar. Çünki istər kimyəvi, istərəsə də məhdud taktiki nüvə silahının tətbiqi məsələsi, habelə bu savaşın dünya müharibəsinə çevrilməsi təhlükəsi hələlik öz aktuallığını saxlayır. Yəni belə təhlükələr mövcuddur. Bu səbəbdən Putinə münasibətdə müəyyən ehtiyatlılıq da göstərilir.

Müəyyən ehtimallar var ki, ən yaxşı çıxış yolu Rusiyanın daxilində etirazlar və ya saray çevrilişi formasında dəyişiklik olsun. Buna xarici qüvvələr də kömək etməyə hazırdırlar. Amma bu, o qədər də real görünmür. Xüsusən, indiki vəziyyətdə. Rusiya daxilində Putinin mövqeyi möhkəmdir. Həmçinin, Rusiyada bütün idarəçilik və qərar vermə səlahiyyəti bir nəfərdən -Putindən asılıdır. Odur ki, bu məsələdə daxildə nəsə baş verəcəyi gözlənilmir. Bu mənada tətbiq edilən sanksiyalar və bunun vasitəsilə Rusiyanın əldən salınması variantı daha realdır. Yəni hansısa məqamda Rusiya yumşalmağa və geri çəkilməyə məcbur olacaq. Bildiyiniz kimi, artıq Rusiyada tank təmiri zavodu fəaliyyətini dayandırdı. Eləcə də ərzaq, silah-sursat təminatı çətinlikləri yaranıb. Bunun müqabilində Ukraynaya böyük məbləğdə yardımlar ayrılır. Artıq ABŞ da Ukraynaya hərbi yardımlar göndərib və bu yardımlar qısa müddətə Ukraynaya çatacaq.

- Siz Rusiyada təhsil almısınız, orada yaşamısınız. Doğrudanmı vaxtilə faşizmin hər üzünü görmüş rusların özləri hazırda faşizmdən əziyyət çəkir və birmənalı olaraq imperiya ambissiyalarını müdafiə edirlər?

- Şübhəm yoxdur ki, Rusiyada Putinin nüfuzu və ona dəstək yüksək səviyyədədir. Burada müəyyən məqamları hökmən nəzərə almaq lazımdır. Şovinizm, köhnə imperiya sərhədlərinin bərpası cəhdləri hər zaman rus cəmiyyətində səs qazanıb.

İkincisi, rusların Ukraynaya münasibəti ayrıca məsələdir. Ruslar gerçəkdən də hesab edirlər ki, ümumiyyətlə ukraynalılar deyə bir millət yoxdur, ərazi də yoxdur. Bu, sadəcə ruslardan alınan ərazilərdə formalaşan qrup, ikinci sort insanlardır və indi onlar rusların üzünə dururlar. Bax, bu yanaşma tərzi Rusiyada geniş yayılıb və güclüdür.

Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, rus cəmiyyəti müasir tarixdə ən qapalı cəmiyyətlərdən biridir. Ən azı informasiya baxımından. Rus xalqı hökumətin ciddi informasiya təzyiqi altındadır. Rus hakimiyyəti müstəqil medianı çoxdan nəzarətə götürüb və məhv edib. Onun sonuncu işartıları da müharibə başlayan günlərdə məhv edildi və ya qapadıldı. Qanunvericiliyə ciddi dəyişikliklər edilib. Fərqli fikirlər demək, müharibə əleyhinə çıxış etmək 10-15 il müddətinə həbs cəzası almaq deməkdir. Sözsüz ki, bunlar ciddi faktorlardır. Belə bir situasiyada keçirilən sorğuda əhalinin 80 faizə qədəri Putini dəstəkləyir. Dediyim kimi, şübhə yoxdur ki, Putinin tərəfdarları müharibənin əleyhdarlarından qat-qat çoxdur.

Ruslar hesab edirlər ki, Ukraynaya girməsəydilər, NATO və ya Ukrayna onlara hücum edəcəkdi. Belə fikirlərin üstünlük təşkil etməsində də aparılan təbliğatın rolu böyükdür. Amma o da nəzərə alınmalıdır ki, Rusiya kimi qapalı, avtoritar və bu gün hətta totalitar deyə biləcəyimiz cəmiyyətlərdə sorğulara etimad çox aşağıdır. Belə informasiya təzyiqinin altında olan cəmiyyətlərin hətta telefon sorğusunda öz rəyini açıq deyəcəyinə, müharibənin əleyhinə olduğunu ifadə edəcəyinə inanmaq çox çətindir. Bu mənada nəzərə alınmalıdır ki, bu qədər qorxunun, basqının altında əgər insanların üçdə biri - 30 fazi müharibənin əleyhinə olduğunu söyləyirsə, bunun özü böyük resursdur. Məhz buna görə son günlərdə Rusiya informasiya mühitinə Qərb ölkələrinin müdaxilə cəhdləri artıb. Hətta təlimatlar dərc edilir ki, adi insanlar hansı yollarla sosial şəbəkələrə daxil olaraq Ukraynada baş verən real hadisələri və faktları yerləşdirə bilər. Odur ki, bu qapalı və birtərəfli məlumatlandırılan informasiya mühitinə təsir cəhdləri həyata keçirilir.

- Bu savaşın nüvə müharibəsinə keçidi perspektivi böyükdürmü?

- Hesab edirəm ki, nüvə müharibəsinə keçmək perspektivi çox azdır. Çünki bu, ümumiyyətlə bəşəriyyətin məhvi anlamına gələrdi. Bu, çox böyük riskdir. Məncə, Putin bunu anlayır, amma həm də daha çox Qərbi qorxudur. Bu qorxutmaq cəhdi təkcə onun çıxışlarında əks olunmur. Məsələn, bu yaxınlarda açıqlandı ki, Kremlin yeddi təyyarəsi Novosibirsk vilayətinə uçub. Beləcə, Putin göstərmək istəyir ki, nüvə müharibəsinə hazırlıq gedir. Çünki nüvə müharibəsi ilə bağlı orada hökumət üçün xüsusi bunkerlər tikilib. Putin belə davranışlarla beynəlxalq cəmiyyətə təsir etmək, onu qorxutmaq istəyir. Amma bunun perspektivi o qədər də böyük deyil.

Mənim gördüyüm odur ki, istənilən halda Rusiya öz gələcəyini uduzdu. Son bir ayda Ukrayna xalqının dirənişi tarixin gedişatında böyük dəyişikliklərə yol açır. Bu dəyişikliklər ilk olaraq Rusiyanın gücünün və qüdrətinin sarsılması, Moskvanın dünya siyasətində rolu və yerinin dəyişməsi ilə bağlı olacaq. Bir daha deyirəm ki, əgər Rusiya ölkəni və şəhərləri dağıtmaqla Ukraynanı ələ keçirsə belə, ciddi yükün altına girəcək. Bu halda Rusiya Ukrayna ilə bərabər çiynində daşıdığı Krım və Donbasdakı separatçı rejimləri, Abxaziya və Osetiyanı, habelə Dnestyani əraziləri, Qarabağdakı qondarma qurumu necə saxlayacaq? Rusiyanın özündə ciddi aclıq gözlənilir. Hələ sanksiyaların bir ayı tamam olmayıb, artıq biz görürük ki, Rusiyada nələr baş verir. Bundan da təsirlisi olacaq energetika ilə bağlı sanksiyalar isə qarşıdadır. Odur ki, dünya dirəniş göstərsə, bu birliyi qoruyub saxlaya bilsə, Rusiya üçün perspektivdə qələbə variantı olmayacaq. Təsədüfi deyil ki, ABŞ və Avropa ölkələri deyirlər ki, bu müharibə bitdikdən sonra Putinə heykəl qoymaq lazım olacaq. Çünki Putin Avropa ilə Amerika arasında, eləcə də Şərqi Avropa ilə Qərbi Avropa arasında bir çox ciddi narazılıqları arxa plana keçirərək parçalanan Avropanı birləşdirdi.

- Siz də hesab edirsiniz ki, Putinin bu addımlarının yeganə səbəbi imperiyanı bərpa etmək istəyidir?

-Mən nəinki belə hesab edirəm, hətta deyirəm ki, bu tezisi ilk irəli sürən analitiklərdən biriyəm. Bir müddət əvvəl Moskvada Azərbaycanla saziş imzalananda yazmışdım ki, Putin Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümünə deyil, 30 dekabra hazırlaşır. 30 dekabr SSRİ-nin yaradılması haqda müqavilənin imzalandığı gündür. Mən şübhə etmirəm ki, Putin öz varlığının əsas mənasını və tarixi missiyasını Rusiya imperiyasının itirdiyi torpaqları bərpa etməkdə görür. Putinin özü illər əvvəl açıq bildirmişdi ki, SSRİ-nin dağılması XX əsrin ən böyük geosiyasi fəlakətidir. Odur ki, mən buna şübhə etmirəm. Rusiyanın Ukraynadakı avntürası alınsa, Azərbaycanın, Qazaxıstanın, yəni keçmiş SSRİ-də potensialına görə mühüm olan ölkələrin təhlükə altında qalacağını düşünürəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.