"Kim onun müdafiəsinə qalxacaq?.."

25-03-2022, 16:44           
"Kim onun müdafiəsinə qalxacaq?.."
“Rusiya ordusunun Ukraynaya təcavüzü zamanı bir aya yaxın müddətdə verdiyi külli miqdarda canlı qüvvə və texnika itkiləri onun əslində çoxlarının təsəvvür etdiyinin əksinə olaraq bərbad bir durumda olduğunu göstərdi”. Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sabiq Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib.

“Diqqət etmək gərəkdir ki, Putin hakimiyyətə gələndən bəri, yəni son 22 ildə Rusiya ordusuna kimlər rəhbərlik edib. Mebel mağazasının müdiri olan Serdyukov... Bu üzdəniraq korrupsioner müdafiə naziri 6-7 aviasiya, neçə ümumqoşun, tankçılıq məktəbini və s. ləğv edib. Baş Qərargah akademiyasında, Frunze adına hərbi akademiyada ixtisarlar aparıb. Bir sözlə, Serdyukovun vaxtında Rusiya ordusuna sarsıdıcı zərbə vurulub. Və 2012-ci ildən, yəni artıq 10 ildir ki, nazir olan Şoyqu... Məgər o, hərbi mütəxəssisdir? Onun nəinki hərbi təhsili yoxdur, heç hərbi xidmətdə də olmayıb. Müdafiə naziri olanadək Fövqəladə Hallar naziri olub... Putin arvadları ordu generalı edib. Belə orduda hansı ruh yüksəkliyindən danışmaq olar? Zabitlər də görür, anlayır ki, onlara kimlər rəhbərlik edir” –açıqlamasının ardında bunları deyən general “Necə hesab edirsiz, Rusiyada hərbçilər Putinə qarşı hərbi çevriliş, yaxud sui-qəsd təşkil edə bilərmi?” sualını da cavablandırıb:

“Mənim müşahidələrimə, təhlillərimə görə, hazırkı şəraitdə Rusiyada hərbçilər tərəfindən Putinin devrilməsi,yaxud sui-qəsd təşkil edilməsi mümkün deyil. Rusiya generalitetində elə bir cəsarətli hərbçi tanımıram. Hazırda bu ölkədəki bütün proseslərə “FCB” nəzarət edir, bütün rıçaqlar həmin qurumun əlindədir, bütün oliqarxlar da bu sistemin adamlarıdır. Ona görə də Putin istəsə, Şoyqunu bu saat işdən azad edər və həbs edər. Kim onun müdafiəsinə qalxacaq?.. II Dünya müharibəsindən sonra Jukov kimi marşalın bütün SSRİ-də nə qədər böyük nüfuzu vardı, Stalin onu vəzifədən azad etdi. Kim onu müdafiə etdi?..

Putini yalnız Rusiya xalqı ayağa qalxıb devirə bilər. Amma məlum olduğu kimi, oliqarxların da bütün pulları batır. Ona görə də onlar da bütün imkanlarıyla Putinin devrilməsinə, yaxud fiziki cəhətdən məhv edilməsinə çalışırlar. Çox güman ki, sonda Putini də Stalin kimi öz ətrafındakılar hansısa yolla aradan götürəcəklər...”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.