“Axı bir insan 10-15 adda qida məhsulunu yeyə bilməz” - Deputat: "Qabaqlayıcı tədbirlər görməliyik"

26-03-2022, 11:58           
“Axı bir insan 10-15 adda qida məhsulunu yeyə bilməz” -
“Ərzaq problemləri bu gün dünyada çox ciddi məsələdir. Bu gün dünyada 800 milyon insan aclıqdan əziyyət çəkir. Deməli qida çatışmır. 600 milyondan çox insan keyfiyyətsiz qidalardan zəhərlənir. Bu rəqəmlər bizə onu deyir ki, mütləq istehsal artmalı, müəyyən qənaətlər olunmalı, yeni torpaqlar əkin dövriyyəsinə qatılmalı və oradan məhsul istehsal olunmalıdır”.

Bunu Redaktor.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Deputat qeyd edib ki, məhsulu da istehsal etmək üçün mütləq su olmalıdır.

“Əgər su yoxdursa, əksən də bitməyəcək. Ona görə də dünya bu cür problem qarşısındadır. Əlbəttə bizdə də müəyyən məsələlər var. Çörəyin, un məmulatlarının, bitki yağlarının, heyvandarlıq məhsullarının qiyməti artır. Bunlar dünyada baş verən proseslərdir, bizə də təsirini göstərməlidir. Ancaq bir çox ölkələrdə bu qiymət artımı bizdən xeyli yüksəkdir. Ona görə də biz bunun qarşısını almaqdan ötrü müəyyən qaydada qabaqlayıcı tədbirlər görməliyik. Əkin sahələrində məhsuldarlığı yüksəltməliyik. Əgər keçən il hər hektardan 32 sentner taxıl götürmüşüksə, elə etməliyik ki, 35-40 sentner taxıl götürək ki, müəyyən qədər bu çətinliklərin qarşısını alaq. Məhsula qənaət etməliyik. Hesablamalar göstərir ki, bizdə hər gün on tonlarla çörək atılır. Bir restoran, şadlıq evində 10-15 adda qida məhsulu stola qoyurlar. Onun içində çörək, un məmulatları, paxlava, şəkərbura, kolbasa, pendir, göy-göyərti və digər məhsullar var. Axı bir insan 10-15 adda qida məhsulunu yeyə bilməz. Ona görə də biz düşünüb israfçılığa getməməliyik. Bunun da qarşısını almaq üçün tədbirlər olmalıdır”, - deyə tahir Rzayev bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.