“Ayıblarının üstünün açılmasını istəmədikləri üçün “Oxu.az”-ı bloklayıblar” – Elçin Şıxlı

27-03-2022, 16:39           
“Ayıblarının üstünün açılmasını istəmədikləri üçün “Oxu.az”-ı bloklayıblar” – Elçin Şıxlı
Xəbər verdiyimiz kimi, Azərbaycanın ən oxunaqlı saytlarından olan “Oxu.az”-a Rusiya ərazisində blok qoyulub.

Bu qərar Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən verilib.

“Azxeber.com” bu qərarla bağlı "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlıdan açıqlama alıb.
Ətraflı

O açıqlamasında bildirib ki, bu addım təsadüfi deyil. Rusiya bəzi adamlar vasitəsilə bundan öncə də Azərbaycan mediasına təhdid edib:

"Bundan əvvəl də Oleq Kuznetsov adlı bir adam var idi, biz onu Qarabağ müharibəsi dövründə çox tərifləyirdik ki, obyektiv mövqe tutub, Azərbaycana qarşı deyil. O da fikir söyləmişdi ki, Rusiyanın Ukraynada apardığı "xüsusi əməliyyata” müharibə deyən və Rusiyanın əleyhinə yazılar verən Azərbaycan kütləvi informasiya vasitələrinin baş redaktorlarına qarşı iş qaldırılacaq. Onlar beynəlxalq axtarışa veriləcək. Soruşulanda nə əsasla, bildirmişdi ki, fevral ayında Rusiya və Azərbaycan arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq "qardaşlıq” barədə müqavilə bağlamışıq. Həmin müqaviləyə əsasən Azərbaycanda nə istəsək, edə bilərik. Bu da həmin siyasətin davamıdır. Çünki özünə əmin olan, özünün gördüyü işlərin, atdığı addımların doğru olduğunu bilən və onların doğruluğuna inanan hər hansı bir obyekt və ya subyekt digər fikirləri dinləməkdən qorxmaz. Mən doğruyamsa, mənim haqqımda nə qədər yalan söz söyləyirlərsə, söyləsinlər. Yaxud mənə çamur atırlarsa, o mənə yapışmayacaq, yerə düşəcək. Rusiyanın qorxusu bundan ibarətdir ki, ona qarşı söylənilən hər bir fikir doğrudan da Rusiyaya yapışır və yaraşır”.

Elçin Şıxlı deyib ki, “Oxu.az” və digər bloklanan saytlar həqiqəti yazdığı üçün Rusiya bundan narahat olub:

"Biz Qarabağ müharibəsində Azərbaycan qanunlarını, hətta beynəlxalq qanunları belə pozmadığımıza görə rahat idik. Çünki biz beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərimiz çərçivəsində öz ərazilərimizi azad edirdik. Buna görə də rus kanallarının və ya digər kanalların ağzını yummurduq. Çünki bizim işimiz haqq işi idi, amma rusun işi haqq işi deyil. Rus işğalçı siyasət yürüdür. Rus müharibənin səbəbkarıdır və mülki əhalini məhv edir. Şəhərləri yerlə-yeksan edir və təsəvvür edin ki, Mariupol Ağdama bənzəyir. Ermənilər necə Ağdamı yerlə-yeksan etmişdisə, ruslar da o şəhərləri məhv edir. Ona görə də öz gördükləri ayıb işlərin üstünün açılmasını istəmirlər və “Oxu.az” və digər saytları Rusiyada bloklayıblar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.