Kirayə ev problemi: Boşanan, tək yaşayan qadınlar harda qalmalıdır? (MÜSAHİBƏ) q

29-03-2022, 16:47           
Kirayə ev problemi: Boşanan, tək yaşayan qadınlar harda qalmalıdır? (MÜSAHİBƏ)
Azərbaycanın ən səsli-küylü məkanları - kirayə verilən evlər… Gah evə daşındığı gündən bir ay sonra qiymətlər qaldırılır, gah da "evinə kişi (qadın) gəlib” deyə ittiham olunur, evdən atılırlar. Beləcə, kirayənişinlə kirayəçinin arasında yaranan mübahisələr böyüyüb ən acınacaqlı, bəzən çox qorxunc hallara səbəb olur. Əsasən də qadın kirayənişinlər ev götürən zaman kirayəçinin "yanına kim gəlib-gedəcək”, "niyə boşanmısan”, "saxlayanın varmı”, yaxud da "görüşdüyün, gizlin yaşadığın kişi bu evə gələ bilməz, bunu eşitsəm, səni gecəykən küçəyə atacam” təhdidləri altında qadınlar təhqir olunur. Amma buna baxmayaraq, hamının gözünün qarşısında baş verən bu iyrənc, cahil qaydaların, mentalitetin problem kimi həlli yolları tapılmayıb.

İqtisadçı ekspert İlham Əzizov Qaynarinfo-ya müsahibəsində məsələnin həllinin hələ ki, "Asan kirayə”, yaxud da "Asan əmlak” adlı yeni yaranacaq qurumda tənzimlənə biləcəyini deyir.

- Əmlak bazarı ölkədə olan bazarların bir növüdür. Kirayə ilə icarə fərqli şeylərdir. Bunların fərqi nədir? Hər ikisində yer verib əvəzində pul alırsan. İcarə odur ki, həmin obyektdə sənin icarəyə verdiyin adamlar pul qazana bilərlər. Məsələn, mən bu ofisi icarə götürüb içərisində satış təşkil edə bilərəm, yaxud da xidmət təşkil edə bilərəm. Oradan pul qazanaram. Amma kirayədə bu mümkün deyil. Kirayənin icarədən fərqi budur. Kirayə mənzil pul qazanmaq məqsədi ilə götürülmür. Burada üçüncü şəxslər iştirak eləmir, bu, bir bazar növüdür. Rəsmi qayda-qanunlar olmalıdır. Amma kirayə ilə bağlı rəsmi qərarlar yoxdur. Ümumiyyətlə, kirayə bazarında böyük bir pul fırlanır. Bizim milli mental xüsusiyyətlərimizə uyğun olan bir neçə məsələ bazarlarda problem yaradır. Bu nədir? Hər il Azərbaycanda xeyli ailələr boşanır. Yeni nikahlar kimi yeniləri də pozulur. Bu, təbii prosesdir. Əgər biz ailəsindən boşanan, tək yaşayan qadınlara kirayə ev verməyəcəyiksə, onda bu qadınlar harada yaşasın? Əgər biz qeyrət-namus çəkəniksə, onlar da bizim xalqın nümayəndəsidir. Bu adamlar harada yaşasın? 18 yaşı olub, hamı kimi ailə qurub və həyat elə gətirib ki, boşanıb. Ata evində də qalmağa imkan yoxdur. Məcbur olub kirayə götürür. Amma ona deyirlər ki, "sənin evinə kimlər gələcək”, "biz gəlib tez-tez evi yoxlayacayıq”. Hətta ev sahiblər hər ay gəlib kirayə verdiyi evi yoxlayırlar. Axı nə haqla? Hansı əsasla? Sən qeyrət-namus çəkirsənsə, xalxın qızını tez-tez niyə yoxlayıb, narahat etməlisən? Sən bu evin yaşamaq hüququnu müyyən müddətə satmısan. Sənin orada yaşayanlarla işin ola bilməz. Onun həyatına qarışa bilməzsən. Bəzən deyirlər ki, qonşuları narahat edirlər, səs salırlar. Qonşular səs salsa, sən ev yiyəsi olaraq onları köçürə bilərsən? Mənim mülkiyyət hüququm var, evimdəyəm, tullanıram, sənə nə var. Burada problem nədir? Bu bizim travmatik mentalitetimizdən gəlir, bilirlər ki, həmin evlərdə yaşayan vətəndaşlar, ailələr maddi cəhətdən zəifdir. Maddi cəhətdən zəif olan ailələrin üstünə qışqırmaq bizim içimizdən gəlir.

- Deyirsiniz, Azərbaycanda evi olmayan, kirayədə yaşayanlara yuxarıdan aşağı baxırlar?

- Bəli, evi olmayan adamlara hər sözü deyə bilirlər, üstünə qışqırırlar, hədələyirlər və s. Amma bir də var şəhərin mərkəzində kirayədə qalanlar. Orada ailələr çox baha qiymətə kirayədə qalırlar. Hətta aylıq 2-3 minə qalanlar var. Hansı qonşu, yaxud da ev yiyəsi gedib həmin kirayədə qalan adama deyə bilər ki, evinə adam gəlməsin, yaxud da aç qapını, görüm evdə neynirsən? Bunu deyə bilməzlər… Çünki orada qalan adamlar imkanlı şəxslərdir, iş adamlarıdır. Bizim Azərbaycanda imkanı olan adamlara kimin gücü çatır? Kasıbdır deyə kirayədə qalan adamların az qalır qonşular basıb gözünü çıxartsın. Ev yiyəsi bir yana, qonşular belə adamlara rahat gün vermirlər. Bunun islamda da yeri yoxdur.

- Qanunvericilikdə bu necə tənzimlənir, kirayə verən şəxs həmin evə hansı halda gəlməlidir?

- Evini kirayə verən şəxs içindəki əşyalarının qeydiyyatını aparıb, müqavilədə tarix və ödəniş günü göstərilməli və 1-2 aylıq depozitlik alınmalıdır. Birdən kirayə qalan çıxıb getsə, evin içindəki əmlakı xarab edibsə, həmin puldan bu məqsədlə istifadə edilməlidir. Heç bir halda onun qapısı döyülməməlidir.

- Kirayə qalanlar üçün müzakirə olunan məsələlərdən biri də evdə xarab olan əşyaların kim tərəfindən düzəldirməsidir. Xarab əşyaları kim düzəltdirməlidir?

- Əmlak sağlam halda verilibsə, o xarab olan zaman kirayədə qalan şəxs düzətdirməlidir. Amma vaxtı ötən əşyalar xarab olubsa, onu danışıqlar yolu ilə də həll etmək olar. Məsələn, mən Çində kirayədə qalmışam, adamları tanımırsan, hər şeyi şirkətlə həll edirsən. Bir də çıxanda həmin şirkət gəlib evi təhvil alır. Sən kirayə verən şəxsi tanımamalısan. Azərbaycanda minlərlə adam kirayədə qalır, rayonlardan qızlar gəlib oxumağa qalmağa ev tapmırlar. Deyirlər ki, evinə adam gəlib-getməsin. İndi 17-18 yaşında qızlara nikah bağlatdırsınlar? Belə şey olar? Təklifim odur ki, bunun bankı yaradılsın, kirayə ev həmin bankda göstərilməlidir. Gəlib onu yoxlayıb götürməlidir. Şirkət onu müəyyən komissiya xidmətində verməlidir "Asan əmlak”, "Asan kirayə” adlı quruma. Bu qurum bizə mütləq lazımdır. Kirayənişinlə kirayəçinin arasındakı təması qıracağıq. Artıq ev yiyəsi deyə bilməyəcək ki, evinə kim gəlib?

- "Evinə kim gəlib-gedir” sualını tanımadığın şəxsə necə vermək olar?

- Ümumiyyətlə, bu, çox əxlaqsız sözdür. İstəlinən bir qadına, yaxud da kişiyə bunu necə demək olar? Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Bu, ancaq Azərbaycandadır. Bu nədir? Eqoistlik, kirayə qalan adamın maddi vəziyyətinin aşağı olmasından istifadə etmək. Kirayə verənlə qalanın təmasını qırmaq lazımdır. Buna görə də ortaya normal bir təşkilat girməlidir. Kirayədə qalan evdə hər cür hadisə ola bilər. Bunun üçün aidiyyatı qurum var, hadisəni araşdıracaq. Ev yiyəsi qətl hadisəsini araşdıracaq? Bizdə kirayəçini küçələrə salırlar, Neftçilərdə bağın içində uşaq yanında ora qovurlar, bura qovurlar. Maklerlər sistemi Azərbaycanda düzəlməlidir, bununla bağlı qərarlar çıxarılmalıdır, məsələ kompleks düzəlməlidir. Makler gəlir evi verir, iki gündən sonra onu axtaranda tapmırsan. Bu sistem düzəlməlidir.

- Kirayə bazarında ikinci problem kirayə qiymətinin tez-tez qaldırılmasıdır. Bu məsələni necə həll etmək olar?

- Bəli, bu da böyük problemdir. Bu da dünyanın heç bir ölkəsində yoxdur. Qanun lazımdır, hər şey müqavilə şərti ilə hazırlanmalıdır ki, həmim adam orada yaşamağa başlayanda heç olmasa qiymət bir il qüvvəsində qalsın. Axı imkansız adam gündə bir yerə daşına bilməz. Bunun da xərcləri var, üstəlik əşyalar söküləndə sınır-dağılır. Bu prosesi ancaq qanunvericilik qaydaya sala bilər, vəssalam… İqtisadi vəziyyətimiz yaxşıdır. Hamını evlə təmin edə bilərik. Təmin edə bilməsək belə, elə etməliyik ki, vətəndaşlarımız yaşamaqla bağlı əziyyəti çəkməsin.

Bahar Rüstəmli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.