Bakıda uşaq sığınacağı önündə qalmaqal: Qadın iki dəfə polis çağırdı - AÇIQLAMA + VİDEO

21-06-2022, 10:54           
Bakıda uşaq sığınacağı önündə qalmaqal: Qadın iki dəfə polis çağırdı - AÇIQLAMA + VİDEO
Bakıda beş gün əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən azyaşlı uşaq Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Bundan sonra bir qadın həmin sığınacağın qarşısına gələrək övladının oğurlandığını deyib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağıran qadın gələn polislərə də hədə-qorxu gəlib və təkrar “102” Xidmətinə zəng vurub.

Məsələ barədə Oxu.Az-a açıqlamasında sığınacağın rəhbəri Kəmalə Ağazadə bildirib ki, uşağın Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə, ailənin vəziyyətinə uyğun qiymətləndirilərək müəssisəyə gətirilməsinə qərar verilib.

O deyib ki, prosesdə Abşeron RPİ əməkdaşları da iştirak ediblər:

“Qadını həkim-psixiatr briqadası ilə aidiyyəti üzrə tibb müəssisəsinə yerləşdiriblər. Uşaq gətiriləndə çox pis vəziyyətdə idi. Təcili yardım çağırdıq, uşağa həkim baxışı keçirildi. İlkin dəyərləndirmə və müşahidələr onu göstərir ki, uşaq uzun müddət yuxu dərmanlarının təsiri altında olub. İki yaş səkkiz aylıqdır, lakin öz yaşına uyğun olaraq fikrini aydın izah edə bilmir. Çox çətinlik çəkir. Artıq beş gündür ki, uşaq bizdədir.

Lakin iki gün sonra ana yerləşdirildiyi tibb müəssisəsindən buraxılıb. Səhiyyə Nazirliyinin aidiyyəti müəssisəsi bu qadını necə evə buraxa bilib? Sosial şəbəkələrdə videodan da görürsünüz. Qadın bir neçə dəfə gəldi, səs-küy yaratdı. Mən hələ proseslərin çox yumşaq hissəsini ictimailəşdirdim”.

K.Ağazadə məsələ barədə dərhal polisə məlumat verdiyini də bildirib:

“Qadın özü də polisə zəng edərək şər-böhtan atırdı. Heç ona yaxın gedən olmamışdı. Çünki görürük ki, ruhi xəstədir. Qadının adı M.Bəhrəmovadır, mən gözləyirəm ki, nazirlik açıqlama versin ki, bu vəziyyətdə bir qadın necə küçədə gəzə bilir?”

“Qadının davranışları ruhi əsəb xəstəsi olduğunu deməyə əsas verir. Ehtimal edilir ki, narkotik vasitə də istifadə etmiş ola bilər. Qonşularının mənə dəfələrlə yazdığı məlumatlarda həmin qadının içki düşkünü, yüngül həyat tərzi keçirən və hətta narkotik vasitə istifadəçisi olduğu bildirilib. Dünən gecə saatlarında 7-ci bölmədən yenə mənə zəng gəldi ki, qadın gedib oraya və uşağının oğurlandığını iddia edib. Mən görüntüləri polislərə geniş formatda göndərdim. Əminəm ki, o bu gün də sığınacağa gələcək və bizə hədə-qorxu gəlməyə başlayacaq”, - deyə K.Ağazadə qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.