Yazıçılar Birliyində ev qalmaqalı yenidən qızışdı - AÇIQLAMA
29-06-2022, 17:13
Azərbaycan Yazıçılar Birliyinə (AYB) yeni üzv olduğu iddia olunan gənc yazarlar Rəvan Cavid və Həmid Piriyevin bu addımını digər qələm adamları birmənalı qarşılamayıb.
Onların quruma üzv olamları haqqında “Alatoran” yayınlarının rəhbəri Rasim Qaraca sosial şəbəkə hesabında paylaşım edib.
Publisist qurumun gənclərə təqaüd və ev vədi qarşısında ciddi ədəbiyyat yarana bilməyəcəyindən narahatlığını ifadə edib:
“Ev almanın cazibəsi qarşısında dayanmaq çətindir və indiki maaşlarıyla 50 il bundan sonra da ev ala bilməyəcək gənclər öz vicdanları ilə ciddi məhkəmə qarşısında buraxılır. Zatən onların bu hərəkətini qınayan da yoxdur. Mən özüm də qınamaq fikrindən uzağam. Lakin. . . bir lakin var: Bu gedişlə ciddi ədəbiyyat yaranmayacaq, ölkəmizdə azərbaycanski bir ədəbiyyat olacaq, “Ədəbiyyat” qəzetinin sunduğu tör-töküntü ədəbiyyat adına cəmiyyətə sırınacaq, 100-200 tirajla çıxan kitablar bayağı kitab təqdimatlarında cəmi bir dəfə közərib sonra əbədi olaraq unudulacaq, hamının biri-birini təriflədiyi mübahisəsiz bir yaradıcılıq prosesi nəsibimiz olacaq, icazəli, ölçü-biçili, ütülənmiş əsərlər axın-axın üstümüzə gələcək, bu zövqsüzlük ortamında dəyərlərin xaosu yaranacaq. Həmidlər və Cavidlər altın parçası olsalar belə zir-zibil içərisindən parlaya bilməyəcəklər, gəncliyə yaraşan xəyal pərvazlanmasını, yüksək uçuşları görməyəcəyik, onların ayaqlarına bağlanmış "təqaüd", "ev" buxovu buna imkan verməyəcək. Təəssüf!” Teref.az-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya danışan yazar Həmid Piriyev may ayından etibarən Azərbaycan Yazıçılar Birliyinə üzv olduğunu bildirib: “Ev qeydiyyatında deyiləm. Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyi üzvlərinə ev verildiyini bilmirdim. Son iki-üç gündə yazılanlardan öyrəndim. Belədirsə, nə gözəl. Kimsə evlə təmin olunacaqsa, həyat şəraiti yaxşılaşacaqsa, bunu ancaq alqışlamaq olar. Qaldı mənim üzv olmağıma, Birliyə üzv olmağın xüsusi imtiyaz olduğunu düşünmürəm. Azərbaycan vətəndaşıyam, Azərbaycan dilində yazıram, Azərbaycan dilinə tərcümə edirəm - Azərbaycan Yazıçılar Birliyinə üzv olmağımdan daha təbii nə ola bilər?”.
Azərbaycan Yazıçılar Birliyinə üzv olduğunu təsdiqləyən gənc yazar Rəvan Cavid ev üçün müraciət etmədiyini deyib:
“Bəli, elə bir iddia var. Mən də təqaüdçülər sırasındayam. Ev üçün isə müraciət etməmişəm. O ki qaldı yaradıcılığa. Azərbaycan Yazıçılar Birliyinə üzv olmağım yaradıcılığımda heç bir dəyişiklik etməyəcək. Hazırda bu quruma üzv olmaq heç prinsipiallıq məsələsi də deyil. Ölkədə yeganə ədəbi qurum buradır. Məncə, burada olmağım, ədəbi statusa təsir etmir”.