“2-3 nəfəri dəyişməklə gömrükdəki problemlər öz həllini tapmaz ki?”
13-08-2022, 00:04
Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun “Yeni Sabah”a müsahibəsi:
– Bildiyiniz kimi, Dövlət Gömrük Komitəsi (DGK) rəhbəri Səfər Mehdiyevin vəzifəsindən azad edildi və bəzi həbslər oldu. DGK-da baş verən son həbsləri və dəyişiklikləri necə qiymətləndirirsiniz?
– Vəziyyət elə əvvəldən gərgin olub ki, bu həbslər baş verib. Əgər DGK sədrinin müavini bu işlərlə məşğul olursa, həbslərin başlaması normaldır. Gömrükdən kifayət qədər böyük şikayətlər var idi. Hətta karqo əməliyyatları çox pis vəziyyətdə idi. Türklərin özü, eləcə də yerli sahibkarlar bu barədə mənə müraciət etmişdilər. Belə şikayətlər var idi və gömrüklə əlaqədar problem böyük idi. Ona görə də bu məsələlər yavaş-yavaş öz həllini tapmalı, gömrük sistemi təmizlənməli və normal insanlar gəlib dövlətə, millətə xidmət etmədilir.
– Bəziləri bildirir ki, baxmayaraq ki, bu dəyişiklər həyata keçirilib, amma problemlər hələ də qüvvədə qalmaqdadır. Problemlərin həlli üçün nə etmək lazımdır?
– Əlbəttə, problemlər hələ də qalmaqdadır. Birdən-birə 2-3 nəfəri dəyişməklə problemlər öz həllini tapmaz ki? Lakin müəyyən qədər müsbət addımlar atılır və mən bunu hiss edirəm. Bütün dəyişikliklərin nəticəsi olaraq biz bunu görürük. Yeni gələn cavan kadrlar və s. daha çox qanuna uyğun işləməyə çalışırlar. Düzdür, onların arasında da bəziləri var ki, əməllərində qanuna uyğun olmayan hərəkətlər var, amma əksəriyyəti normal işləyir və çalışırlar ki, problem yaranmasın. Çünki problem yaransa, onları da belə ağır cəzalar gözləyə bilər.
Amma mən belə hesab edirəm ki, yeni kadrların gəlməsi vacibdir. Dövlət başçısı onların qarşısında tələb qoyub ki, işləmək lazımdır, əhaliylə təmasda olmaq vacibdir və sahibkarları incitməmək lazımdır. Bu iradları da hamı qəbul etməli və buna əməl etməlidir.
– Səfər Mehdiyevin DGK sədri olduğu müddətdə ölkəyə bir sıra məhsulların gətirilməsində gömrük rüsumları bir xeyli qaldırılmışdı. Bir sıra ekspertlərin rəyinə görə isə ölkədə bahaçılığın əsas səbəblərindən biri də məhz bu olub. Lakin Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra indi də bu rüsumlar qüvvədədir. Müvafiq rüsumların dəyişdirilməsi yönündə onlara yenidən baxmaq mümkündürmü?
– Əvvəla, rüsumları komitə sədri müəyyən etmir. Rüsumları müəyyən edən Azərbaycan hökuməti – Nazirlər Kabinetidir. Biz xüsusi qərar qəbul etmişik ki, lazım olanda Nazirlər Kabineti rüsumları endirir. 0-dan 15-ə qədər rüsumun dərəcəsi var. Lazım olanda sıfırlayır, lazım olanda da qaldırır.
Məsələn, keçən il taxılda və digər məsələlərdə biz neçə dəfə təkliflər vermişik ki, Əlavə Dəyər Vergisi (ƏDV) azaldılsın. Bütün məhsullara 18% ƏDV şamil edilməməlidir. Elə məhsullar var ki, məsələn, ərzaq, gündəlik tələbat malları və s. məhsulların ƏDV-si 2-3% olmalıdır. Amma prestij məhsullar ki, var, məsələn, mebel, maşın və digər məhsullar; bunları qaldırın lap 25-30% qoyun. Amma gündəlik tələbat mallarını aşağı etmək lazımdır. Bu, həm qiymətlərə müəyyən təsir edəcək, həm də əhalinin sosial vəziyyətinin yaxılaşdırılmasına xidmət edəcək.
Ona görə də hökumət bu məsələyə baxmalıdır və rüsumları vaxtı-vaxtında dəyişdirməlidir. O cümlədən də ƏDV çox ciddi bir məsələdir. ƏDV-nin dəyişdirilməsinə çox böyük ehtiyac var. Dünyada belə praktikalar var: prestij məhsullara yüksək, gündəlik tələbat və qida mallarına isə aşağı ƏDV qoyulur.
İndi də bilirsiniz, dünyada ərzaq problemi ilə yanaşı bir sıra ciddi problemlər – inflyasiya, qiymət artımları və s. var. Ona görə də bu məhsulların ƏDV-sini azaltmağa böyük ehtiyac var.
Gömrük rüsumları hökumətin ixtiyarındadır. 0-dan 15-ə qədər rüsumlar var. İkincisi, qanunlar var və hər şey onlara uyğun olmalıdır. Mən rəsmi rüsumları deyirəm. Qeyri-rəsmi indi onlar nə istəyirlər, nə alıb-veriblər, bu, tamamilə başqadır. Elə vəziyyət belə olub deyə, bu dəqiqə həbslər başlayıb, yoxlamalar gedir.