Bölgədə kritik gəlişmə: “Proses Xankəndini də əhatə edəcək”
25-08-2022, 10:35
TEREF yazır ki, politoloq Yeganə Hacıyeva Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Laçın şəhəri, Sus və Zabux kəndlərinin Azərbaycana təhvil verilməsi prosesi Ermənistanda başqa müzakirələrin də önünü açıb. Ermənistanın bəzi siyasi çevrələrinin və media qurumlarının iddiasına görə, proses yeni mərhələyə qədəm qoyub, Zəngəzur dəhlizi və Qarabağdakı qanunsuz hərbi qüvvələrin çıxarılması məsələlərinin həlli yekunlaşmaq üzrədir. Hesab etmək olarmı ki, proses həqiqətən bu mərhələyə keçib?
- Məsələ budur ki, artıq 10 noyabr üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, orada qanunsuz şəkildə yerləşdirilmiş hərbi birləşmələrin çıxarılması yönündə müəyyən işlər görülüb. Əslində, bu, anlaşmanın imzalanmasından keçən iki il ərzində bu və ya digər formada həyata keçirilmişdi. Bu o deməkdir ki, Ermənistan razılaşmanın imzalanmasından sonra gizli şəkildə Qarabağa hərbçilər göndərmişdi. Yəni 30 illik işğal dövründə olduğu kimi, Ermənistan Müdafiə Nazirliyinin çağırışçıları açıq şəkildə ora göndərilməmişdi.
Bunun üstü də Qarabağa gizli şəkildə göndərilmiş çağırışçıların valideynlərinin etirazından sonra açılmışdı. Bu proses Azərbaycanın haqlı iradından və 4-cü bəndin yerinə yetirilməsi tələbindən sonra dayandırıldı.
Bundan sonra Qarabağda separatçı birləşmələr və 1990-cı illərdəki işğalda iştirak etmiş terrorçular və onların yetirmələri qaldı. Bir də işğal dövründən orada olan Ermənistanın bir sıra dövlət orqanlarının nümayəndələri və bu kontekstdə bir neçə yüz adam. Bura Qarabağda yaşayan erməni gənclərin beyinlərini yuyaraq “hərəkat” formalaşdırmağa çalışan şəxslər də daxildir.
Bu ilin yayında həmin hərbi birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması ləng də olsa, davam etdi. Hərbi terrorçular təkcə Qarabağın dağlıq hissəsində yox, Laçın şəhəri, Zabux və Sus kəndlərində də yerləşdirilmişdi. Həmin hərbi terrorçularla yanaşı, orada qanunsuz şəkildə yerləşdirilmiş mülki ermənilər də çıxarıldı. Onların hamısı bu ərazilərəd yaşamaq üçün legitim əsasları olmayan şəxslərdir. Bu proses ona rəvac verdi ki, xüsusilə Yaxın Şərqdən, Suriya və Livandan gətirilmiş ermənilər Qarabağın dərinliklərinə qədər çəkildilər.
Azərbaycanda onların sayları, hara çəkilmələri və digər hərəkətləri barədə peyk görüntüləri, yetəri qədər məlumatları var. Hələ iyunda qarşıdakı aylar, yaxud ayrılan zaman ərzində qanunsuz birləşmələrin çıxarılacağını demişdik və qənaət özünü doğrultdu.
- Bəs növbəti mərhələdə nələr ola bilər?
- Üçtərəfli razılaşma imzalandan gündən deyirik ki, Azərbaycan öz suverenliyini bütün inzibati ərazilərində bərpa edəcək. Bura Xankəndi də daxildir. Əks halda, uzunmüddətli hesabla “gələcəkdə partlayacaq minaların basdırılması” kimi bir effekt yarana bilər. Əlbəttə, biz buna imkan verməyəcəyik və məsələləri yerində həll edəcəyik.
Məsələ budur ki, Azərbaycan hökuməti ölkənin suverenliyini bütün ərazilərində bərpa etməyi tələb edir. Bu, beynəlxalq hüquqla yanaşı, Azərbaycan Konstitusiyasının tələbidir və onlar da buna əməl etməlidirlər. Dediyim kimi, proses Xankəndi də daxil olmaqla bütün əraziləri əhatələyəcək. Bu və digər məsələlərin hər biri üçtərəfli razılaşma və digər anlaşmalarda da öz əksini tapır.
Sərhədlərin delimitasiya və demarkasiyası da yekunlaşacaq. Ən azı ilin sonuna kimi bu məsələnin də həllini tapacağını düşünürəm.
Zəngəzur dəhlizi ilə bağlı proses isə artıq ikinci mərhələyə qədəm qoyub. İlkin mərhələni keçmişik, artıq aralıq mərhələdəyik. Bu o deməkdir ki, Ermənistan tərəfindən bu yöndə problem yarada biləcək istənilən addıma Azərbaycandan adekvat cavab veriləcək. Artıq ermənilər anlayırlar ki, Zəngəzur dəhlizi açılacaq. Əgər Ermənistan tərəfindən bununla bağlı üçtərəfli anlaşmada yer almayan addımlar atılsa, analoji proses Azərbaycan tərəfində də gedəcək. Məsələn, onlar post qoymaq istəsələr, biz də eynisini edəcəyik, onlar gömrük və daşınmalara nəzarət etmək istəsələr, biz də belə edəcəyik və s.
Eyni zamanda, onlar gömrüklə bağlı bir yerdə bizə maneə yarada bilərsə, bizim bir neçə yerdə bunu etmək imkanlarımız var. Bunu ermənilərin özləri yaxşı bilirlər.
Qanunsuz hərbi qruplaşmalara gəldikdə, dediyim kimi, onlar Qarabağda qalmayacaqlar. Bunu Qarabağ erməniləri ilə yanaşı, Ermənistan da bilir.
1990-cı illərdəki işğalda iştirak etmiş bir terrorçu qrup vardı ki, onlar daha sonra Ermənistanda hakimiyyətə gəlmişdilər. İndi buna oxşar proses 44 günlük müharibədən sonra da gedir.
- Nəyi nəzərdə tutursunuz?
- 44 günlük Vətən Müharibəsində Azərbaycana qarşı vuruşmuş, digər yandan, 30 il ərzində işğalda qalan ərazilərimizin – Qarabağın talanmasında, bundan başqa, oradakı hərbi qruplaşmalarda yer almış, bütün qeyri-legitim proseslərdə iştirak etmiş simalar siyasiləşmiş bir hərəkat formalaşdırırlar. Məsələn, Qarabağdakı separatçı rejimdə təmsil olunmuş Davit Qaltsyan adlı şəxs “Qarabağın müstəqilliyi” adlı bir “hərəkat” yaradıb. Bu “hərəkat”ı sentyabrın 2-də elan etməyə çalışırlar.
Bir şeyi bilmək lazımdır ki, 30 illik işğal dövründə Qarabağın dağlıq hissəsində formalaşdırılmış bütün “təchizatlar”ın hamısı Ermənistanın dövlət qurumlarının nümayəndələridir. Çünki Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqovlar və başqaları Ermənistana qarşı” məhkəmə presedenti daxil olmaqla, digər bu kimi proseslərə, nəhayət, üçtərəfli bəyanata imza atmaqla Ermənistan qeyri-legitim fəaliyyətlər, işğaldakı iştirakçılığını və bunların formalaşmasındakı rolunu rəsmən təsdiqləyib. Bu sənədlərin hamısının altında Ermənistanın imzası var.
İndi Ermənistan göstərməyə çalışır ki, Qarabağda onun iradəsindən kənarda bir proses gedir və bu “müstəqil tərəf”dir. Yəni 30 il ərzində Azərbaycan ərazilərini talamış terrorçular “siyasi hərəkat” qurmağa çalışırlar. Həmin şəxslərdən biri olan Davit Qaltsyan Azərbaycan torpaqlarının talanmasında iştirak etmiş banklardan birinin “Xankəndi ofisi”nin rəhbəri olub. Bu, “Armbiznes” bankdır. Bu bank Ermənistanda yaradılıb. Bu bankın yaradılmasında iştirak etmiş şəxs Livan ermənisidir və 1980-ci illərdə Ermənistana gəlib.
Eyni zamanda, 1990-cı illərdə Qarabağdakı qanunsuz silahlı qruplaşmalarda yer alıb və Azərbaycana qarşı döyüşüb. Nəhayət, Azərbaycan ərazilərinin talanmasından əldə etdiyi gəlirlərlə bu bankı yaradıb. Təbii ki, talanmada iştirakını davam etdirib.
İndi bu kimi şəxslər “siyasi hərəkat” yaratmağa çalışırlar və Ermənistan rəhbərliyi də göstərmək istəyir ki, bu proses onun iradəsindən kənarda baş verir. Amma bu belə deyil. Ermənistanın birinci niyyəti budur ki, bununla Qarabağı “müstəqil” tərəf kimi, ikincisi, onu dinləmədiyini göstərməyə çalışır. Üçüncüsü isə 10 noyabr anlaşması ilə işğalçı tərəfin özü olduğunu növbəti dəfə təsdiqləyən Ermənistan bununla həm də 30 illik məsuliyyətindən qaçmağa cəhd göstərir.
- Bu durumda Azərbaycan nə edə bilər?
- Təbii ki, Azərbaycan tərəfinin atacağı addımlar var. Birincisi, Azərbaycan siyahı hazırlamalıdır və artıq hazırlayıb. Bu siyahı da Azərbaycan torpaqlarının talanmasında və işğalında iştirak etmiş Ermənistan vətəndaşları və onların Qarabağdakı nümayəndələrinin hüquqi məsuliyyətə cəlb olunmasını ehtiva edir. Çox geniş resursların talanmasından söhbət gedir. Talanmanın həcmi milyonlarla yox, milyardlarla ölçülür. İndi bu talanda iştirak etmiş şəxslər özlərini qorumaq üçün bir “hərəkat” formalaşdırmağa çalışırlar.
Əslində, onların əsas hədəfi özlərini qorumaqdır. Bura Araik Arutyunyan, Davit Qaltsyan və Vitali Balasanyanla yanaşı, digər bir sıra terrorçular daxildir.
Bir sözlə, 30 il ərzində ərazilərimizin dağıdılmasında və talan edilməsində iştirak etmiş və indi də Xankəndidə “fəaliyyət göstərən” şəxslər müəyyənləşib. Onların sayı çox deyil, bir neçə ailədir. Söhbət bu talana qərar verənlərdən gedir. Onların əməllərinə hüquqi qiymət veriləcək. Təbii ki, Azərbaycanın sadalaya bilməyəcəyimiz digər addımları da var ki, bunlar da atılacaq.
- Son gəlişmələrdən yaranan təəssüratlardan biri də budur ki, Rusiya ənənəvi mövqeyini dəyişib. Belə bir təəssürat və İrəvan-Kreml gərginliyi fonunda Moskvada liderlərin üçtərəfli görüşünün keçiriləcəyi də ehtimal vektorunu bir qədər də şaxələndirir. Sizin bu haqda fikriniz necədir?
- Bizdə yanlış bir təəssürat var. Rusiyanın buradakı nüfuz dairəsində olan şəxslər göstərməyə çalışırlar ki, guya bu proses Moskvanın jestidir. Belə deyil. 44 günlük Vətən Müharibəsində 3 minə yaxın Azərbaycan övladı şəhid olub. Biz torpaqlarımızı qanımızla azad etmişik, yenə də prosesi öz canımız və qanımızla aparırıq. O günlərdə iki övladımız Laçında minaya düşdü. Bizim bu torpaqlarımızın azadlığı uğrunda övladlarımız həlak olub. Bir də bütün günü bayrağı başlarının üstünə qaldıraraq, özlərini “siyasi” adlandırıb küçələrdə şou göstərən dələduzlar var.
Bu fonda öz vətənlərini həqiqətən, təmənnasız sevən insanlarımız da var ki, onlar bu torpaqlar üçün öz canlarını ortaya qoyublar, qoyurlar. Yəni prosesin müqəddəratını biz müəyyən edirik.
Bunların heç biri Rusiyanın sevinərək və həvəslər etdiyi şeylər deyil. Bu proseslər vaxtilə burada qurulmuş konfiqurasiyaların məntiqi nəticələrdir. Eyni zamanda, Rusiyanın Ermənistanla münasibətinin necəliyinin bizə heç bir aidiyyəti yoxdur. İkili münasibətlərin və İrəvanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Moskvada əsli erməni olan bir xarici işlər naziri oturub.
Rusiyanın baş naziri də ermənidir. Rusiyanın digər dövlət təchizatlarının hamısında erməni nümayəndələr var. Rus mediası hər gün bizim əleyhimizə danışır. Rus telekanallarında baş verənləri izləmək lazımdır. Bir sözlə, bunların hamısı Rusiyanın məcburən getdiyi proseslərdir.
Bir məsələ də var ki, “güclü Rusiya”, “hər şeyə qadir Rusiya” mifini Ukrayna dağıdıb. Rusiya Əfqanıstanda necə uduzmuşdusa, Ukraynada da eyni formada məğlub olur. Yəni bu, güc deyil, mifdir. Bu mif də təbliğat üzərində qurulub. Bu mifin də güclü təbliğatı var. Bir sözlə, prosesi biz aparırıq. Proses bizim təqdim etdiyimiz kimi getməlidir və gedəcək. Onsuz da Ukraynadakı proseslə bağlı daşınmalarda ciddi problemlərlə üzləşən Avropa, Rusiyanın özü çıxılmaz dalana sürüklənir.
Məsələn, Rusiya Azov dənizində ələ keçirdiyi limanlardan istifadə edə bilirmi? Avropanın Azov dənizindən sonrakı əsas yük qəbuletmə və daşıma nöqtələri Hollandiya limanları idi. İndi Hollandiya limanları Rusiyanın nəzarətində olan Qara və Azov dənizindən yükləri qəbul edirmi? Xeyr!
Bir yeri ələ keçirmək heç nə deyil, əsas məsələ onu qurmaq və istifadə etməkdir. İndi həmin proses burada da gedir. Təsəvvür edin ki, Çinlə Avropa Birliyi arasında trilyonlarla dollar həcmində ticarətin edildiyi və yüklərin daşındığı nəhəng Şimal dəhlizi indi Azərbaycana dönüb.
1990-cı illərdə Azərbaycanın siyasətinə hopmuş məğlubiyyət sindromundan çıxa bilməyən siyasilər var, onları hər yerdə görürük, otuz ildir eyni şeyləri danışırlar. Bu ölkədə hakimiyyət dəyişib, amma müxalifət dəyişməyib. Yenə də müxalifət meydanında eyni adamlardır, onların deməyə başqa sözləri yoxdur, təkrar-təkrar eyni sözləri dilə gətirirlər. Bunlar İran və Rusiyanın Azərbaycanın qələbəsinin mahiyyətinin zəiflədilməsinə yönəlik təbliğatından gələn fikirlərdir.
10 noyabr anlaşması imzalananda bu kimi siyasilər üstümüzə gəlirdilər ki, bəs nə oldu? O zaman nə demişdiksə, proseslər o istiqamətdə də davam etdi, edir. Amma bu şəxslərdən biri də üzr istəmədi ki, siz deyənlər düz idi. İnsan yanlışını anlamalıdır.
Həmin insanlar yenə də Rusiyanı “güclü”, İranı isə “haqlı” göstərməyə çalışan təbliğat aparırlar. Dediyim kimi, bu proseslər Rusiyanın Ermənistanla münasibətlərindən asılı deyil. Çünki İrəvanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, erməni mafiyası, klanı və lobbisi Rusiyanın dövlət strukturlarında oturub. İndi Ukraynadakı müharibəyə görə Putinin zəif vaxtlarıdır və onlar istədikləri qərarı Rusiya liderindən keçirə bilərlər. Bir sözlə, Rusiya təqdim olunduğu və göründüyü kimi deyil.