Azərbaycanda narkotikləri xarici mərkəzlər yayır – Millət vəkilindən SOS!
26-08-2022, 00:08
Narkotik satışı ilə məşğul olanların və istifadəçilərinin sayının artması cəmiyyət üçün təhlükəli hal alıb.
Həmçinin narkotik istifadəçilərinin sosial şəbəkələrə ayaq açması, öz məşğuliyyətlərini açıq-aydın təbliğ etmələri vəziyyəti daha da ağırlaşdırır.
Məsələ ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Bakupost.az -a açıqlama verib.
Millət vəkili qeyd edib ki, bir gündə 15 nəfər narkotik satan və istifadə edən şəxsin saxlanılması SOS vəziyyəti deməkdir:
“Narkomaniya kimi bəlanın qarşısını almaq üçün Daxili İşlər Nazirliyi, eyni zamanda nazirliyin Narkomaniyaya qarşı Mübarizə Baş İdarrəsi çox ciddi işlər görür. Təkcə nazirlik yox, digər qurumlar da bu istiqamətdə ciddi gücləndirilmiş tədbilər həyata keçirməlidir. Hesab edirəm ki, bu bəlanın törədə biləcəyi fəsadlarla bağlı televiziyalar maarifləndirmə çarxları, verilişlər hazırlmalıdır. Çox təəssüf ki, bizim televiziyaların əksəriyyətinin efirini çox lazımsız, narkotik qədər zərərli olan verilişlər əhatə edir. Narkotikin açıq-aşkar yayılması bəzi xarici mərkəzlər tərəfindən dövlətçiliyimizə qarşı təşkil olunmuş məqsədyönlü əməliyyatdır”.
E. Məmmədov qeyd edib ki, narkotiklərin yayılmasına qarşı ümümxalq mübarizəsi aparılmalıdır:
“Vətəndaşlarımızın ayıq-sayıqlığı vacibdir. Narkotiki satanlar da, qəbul edənlər də bu cəmiyyətin üzvləridir. Bunlar cəmiyyətin gözünün qarşısında narkotikdən istifadə edir, satır və gəncləri zəhərləryirlər. Ona görə cəmiyyətin narkotikə və narkotik istifadəçilərinə qarşı barışmaz mövqeyi olmalıdır. İctimai qınaq məsələsi gündəmə gəlməlidir. Bütün KİV vasitələri bu məsələdə maarifləndirmə işinə qoşulmalıdır”.
Deputat narkotik bəlasının hətta məktəblərə də sirayət etdiyini deyib:
“Çox təəssüf ki, bu hallar təkcə paytaxtda deyil, eyni zamanda bölgələrdə də yaşanır. Bu adamlara qarşı həm cəmiyyət, həm də qanun sərt mövqedə olmalıdır. Cinayət Məcəlləsində bu məsələlərlə bağlı maddələr daha da sərtləşdirilməldir. Narkomaniya gənc nəslin gələcəyini təhlükə altında qoymaqla, dövlətçiliyimizə ciddi zərə vuran bəladır. Hətta bu bəla məktəblərimizə də ayaq açıb. Ona görə narkomaniya ilə mübarizənin çox kəskinləşdirilməsi hədsiz vacibdir”.
Millət vəkili bölgələrdə narkomanların sağalması üçün müvafiq mərkəzlərin yetərli olmadığını da diqqətə çatıdırıb:
“İlk vaxtlardan bu bəladan qurtulmaq istəyənlər də var. Onlar Azərbaycan vətəndaşlarıdır və kənara atmaq olmaz. Biz bu insanların müalicə olunması, sağalması, normal insan kimi cəmiyyətə qayıtması üçün tədbirlər görməli, müalicə mərkəzlərini çoxaltmalıyıq. Həm maarifləndirmə, həm də müalicə ilə bu işi görmək olar. Bölgələrdə narkomanların müalicə məsələsi qaneedici deyil. Səhiyyə Nazirliyi və TƏBİB zəhmət çəksin, xəstəxanalarda, poliklinikalarda bu sahəyə aid şöbələri genişləndirsin, işçilərin sayını artırsın. Təhsil Nazirliyi bu məsələlərlə bağlı tədbirləri gücləndirməlidir. Bu mübarizə komplekls şəkildə aparılmalıdır”.