“AYB-dəki yazarlar öz qələm yoldaşlarını satanlardı” – Rasim Qaracadan İTTİHAM
27-08-2022, 12:38
Folkner fikirləşirdi ki, sahili gözdən itirməyə cəsarət etmədikcə, yeni üfüqlərə üzə bilməzsiniz. Yazıçı dənizin dibini görməli və ondan yaza bilməlidir.
TEREF “Alatoran” nəşriyyatının rəhbəri, məşhur şair, yazıçı Rasim Qaracanın Bizim.Media-ya müsahibəsini təqdim edir:
– Rasim bəy, öncəliklə necəsiniz? Görünmürsünüz deməyəcəm, özünüzün rakursundan necə görünürsünüz?
“Yaxşıyam, təşəkkür edirəm. “Öz rakursunuzdan necə görünürsünüz?” sualı xoşuma gəldi. İnsanın öz rakursunun olması önəmlidir, istəyəndə görünsün, istəyəndə görünməsin. Ümumən “görünmək” onu bu qədər qayğılandırmasın. Daim görünməkdə biraz terror elementi var, məncə. “Görünmə”nin bir dəyərə çevrildiyi, hər kəsin göründüyü bir ortamda “görünməmək” mənə daha mənalı gəlir. Bu təcrübəni keçməliyik bir kərə - heç görünməmək, unudulmaq, “görünmənin” alt qatını öz gözlərimizlə görmək. Xüsusən yazarlarda bu var, daim aktual olmaq, başqalarının diqqətini bombardman etmək istəyirlər, bu cür yazarlarda tükənmək, daha heç bir şey yaza bilməmək qorxusu var. Məncə labüd yoxluqla barışıq olmalıdır insan...”
– Bu gün ədəbiyyatda hansı proses gedir, sizcə, bədii, yaradıcı olaraq demirəm, sosial-mədəni sahə kimi?
“Müstəqil, parlamentar bir respublikanın ədəbiyyatı olaraq proses mənə görə durğunluq içərisindədir. Bütün sahələrdə nisbi yenilənmə və ya buna nə cürsə cəhdlər var, amma ədəbiyyat sahəsində bir tərpəniş yoxdur, sovet prinsipləri hələ də qalır və üstəlik qorunur. Təkcə rəsmi “Ədəbiyyat Qəzeti”ni vərəqləməniz yetərlidir ki, 40-50 il bundan əvvəlki mənzərənin dəyişmədiyinə şahid olasınız”.
– Bir yazınızda qeyd etmişdiniz ki, “bütün milçəklər AYB-yə uçur”. Niyə bu qədər kobud? Siz özünüz antiteza verməyi xoşlayırsınız, deyək ki, ümumiyyətlə, bilirsinizmi, bütün cücülər işığa gəlir? Yəni, “Günəşdən gizlənən yarasalardır” deyək.
“Kobud deməzdim. Yumorlu bir cümlədir. Bununla Yazıçılar Birliyinin durğunluq içərisində olduğunu ifadə etmişəm”.
– Oxumuşam ki, əvvəllər Azad Yazıçılar Ocağı var idi. Fəallıq vardı, çoxlu səs-küylü imzalar toplanmışdı ətrafına. Necə oldu onlar?
“2001-2011-ci illərdə belə bir ədəbi qrup var idi. Necə oldu – bu haqda çox danışmışam və yazmışam, özümü təkrarlamaq istəmirəm. Sizin də təsdiq etdiyiniz kimi fəallıq vardı, səs-küylü imzalar bir araya gəlmişdi. Sonrakı dövrlə müqayisədə bu fərq aydın görünür – indi fəallıq yoxdur və imzalar səs-küylü deyil. İndi gənc yazarlar Yazıçılar Birliyinin verdiyi təqaüd ətrafında birləşib və gözlərini ev növbəsinə dikib. Bu hal onların yaradıcılığına təsirsiz ötüşməyib və şəxsiyyət kimi meydana çıxmalarına mane olmaqdadır”.
– Müəyyən səbəblərə görə gənclər də AYO-dan uzaqlaşdılar. Həmin gənclərin görmək istədiyi mühit ilə mövcud AYO mühiti arasında nə kimi fərqlər var idi?
“Gənclərin görmək istədiyi mühit bax elə indi içində olduqları mühit idi – dövlət onları yazıçı olduqlarına görə qiymətləndirməli, ev, təqaüd və s. verməli idi. Bu yanlış praktikadır. Ədəbi proses bundan qurtulmalı idi. AYO buna cəhd etdi, ancaq bataqlığın bu qədər dərin olduğunu hesablaya bilmədi”.
– Həmid Herisçi 2014-cü ildə yazır ki, Azərbaycan mediası, ədəbiyyatı AYO-suz mümkün olmazdı. Qanun nəşriyyatı, Kulis saytı, Azadlıq radiosunun ədəbi əlavəsi və “Əli və Nino” şəbəkələri sadəcə AYO-nun kadrları ilə alver etdilər. Bu günün reallığı sizdə bu fikirlərə qarşı necə təəssürat formalaşdırır? Herisçi haqlı idimi?
“Həmid haqlıdır. Bir ara yeni yaranan mətbuat orqanlarının əsas imzaları Azad Yazarlar Ocağının üzvləri idi. Qəzetlər, saytlar reytinq qazanmaqdan ötrü azad yazarlara möhtac idi”.
– Herisçi ilə yollarınızı ayırdınız bəs? Bəzi yerlərdə onun sizin ünvanınıza bir az kəskin danışdığını da deyirlər. Niyə incitmisiniz onu?
“Yollarımızı mən ayırmadım, yollar təbii olaraq ayrıldı. Təkcə Həmid deyil, başqa azad yazarlar da AYO-da qalıb iş-gücdəm məhrum olmaq istəmədilər. Dəfələrlə olub, bir AYO-çuya vəzifə veriləndə bu təşkilatdan çıxmaq tələbi qoyublar. Həmidin haqqımda kəskin sözlər danışmasından xəbərim yoxdur”.
– Məlumdur ki, bəzi yazarlar AYO-nu tərk etdikdən sonra AYB-yə üzv oldular. Yəni, “tövbə qapısı” həmişə açıqdır, sizin tövbələtmə eləmək fikiriniz yoxdur?
“Mənim belə bir fikrim yoxdur. Lap əvvəldən də demişəm, AYB tarixən ləkəli təşkilatdır, çox da uzaq olmayan tarixdə burada yazarlar sağ qalmaqdan ötrü öz qələm yoldaşlarını satıblar. AYB-yə yeni üzv olanlar, oradan təqaüd alanlar və ev növbəsinə duranlar bu cinayətə ortaq olurlar. Lakin, AYO ideyası bir neçə yazarın timsalında hələ də yaşamaqdadır. Tarixi missiya olaraq bu təşkilat AYB-dən daha üstündür. Onu tərk etmək, hansısa maddi şeylərə görə keçmişi ləkəli olan bir təşkilata üzv olmaq bəsirətsizliyin son həddi olardı”.
– Əgər AYO sıralarına, həqiqətən, azad yazıçılar yığılmışdılarsa, onlar bu alverə niyə getdilər?
“Demək ki öz azadlıqlarının qiymətini bilmədilər. Bunu onlardan soruşmaq lazımdı, nə üçün belə etdilər? Məncə, cavab verə bilməyəcəklər. Çünki azadlıq anlayışı dərin olduğu qədər mübahisəlidir. Azadlıq insanın dörd təməl psixodinamiklərindən biridir. Həm azad olub, həm də sistemin yanında, yaxınlığında olmaq, sonda ikincini xeyrinə birincidən vaz keçmək, məncə, qorxudan qaynaqlanır – azadlıq qorxusundan”.
– İfrat azadlıq xaosa sürüklənir. AYO xaosa məğlub oldu?
“Azadlıq hər zaman ifratdır. Orada voltaj yüksədir. Yüksək gərginlikdən başı gicəllənənlərin AYB kimi stabilizatora ehtiyacı var əlbəttə... Dediyim kimi, AYO ideyası bir neçə yazarın timsalında yaşamaqdadır, ona məğlub oldu demək doğru deyil məncə”.
– Azərbaycanda azad ədəbiyyat təşkilatlarının işləyə bilməsi üçün antitezə sahib olması mütləqdir. Belə bir şəraitdə ölkənin ədəbiyyat sahəsində mübarizəni yox, sülhü bərqərar etmək necə mümkün olacaq?
“Azərbaycanda azad ədəbiyyat təşkilatlarının işləyə bilməsi üçün bir şey lazımdır- dövlət ədəbiyyatı kontrol etmək missiyasını üzərindən atmalıdır. Bu yanaşma çox köhnəlib və işlək deyil. Yalnız bir təşkilata milyonlar verib başqa təşkilatların rəsmi qeydiyyata alınmasına belə mane olmaqla inkişaf mümkün deyil. Bir neçə təşkilatın, – nə mübarizə nə sülh, – fəaliyyətinə şərait yaradılmalıdır.
– Sizin AYB ilə apardığınız mübarizənin əsas qayəsi nədən ibarətdir? Nə istəyirsiz onlardan, “siz gedin biz gələk”, ya AYB-siz də dünyanın işi keçərmiş?
“Mənimlə müsahibələrdə nədənsə hər zaman AYO-AYB söhbətləri önə çıxır, jurnalistlər mənim öz yaradıcılığımla az maraqlanır... AYB-nin varlığı, rəsmi şəkildə maliyyələşməsi ədəbi prosesə öldürücü təsir göstərir. Başqa sahələrdə olduğu kimi burada da problem idarəetmənin demokratik olmamasındadır. Yazıçılar Birliyinin sədri yuxarıdan təyin edilir, bilmirəm buna nə ehtiyac var. Məncə bu təşkilat dövlət tərəfindən sərbəst buraxılmalı, Yazıçılar Birliyinin binası müxtəlif ədəbiyyat qurumlarının ixtiyarına verilməlidir. Bizim əsas qayəmiz budur – hər şey demokratik olmalıdır. Yazıçılar Birliyi istedadlı insanları əzmək və istedadsızları önə çəkmək maşını olmamalıdır. “Siz gedin biz gələk” söhbətinə də tamamən yadam, bu söhbət prinsiplərimə ziddir və bunun bir mexanizmi də yoxdur.
– Bildiyimiz qədər, Həmid Hersçi, Şərif Ağ, Səlim Babullaoğlu ilə bir zamanlar sıx dostluğunuz olub. Amma indi münasibətləriniz sərindir, hətta bəziləri ilə daha kəskin forma alıb. Niyə? Dostluq edə bilmirsiz, yoxsa sizinçün ən vacibi əqidədir, hesab edirsiniz ki, onlar sizin prinsiplərinizə uyğun deyillər?
“Biz millət olaraq, (ümumən şərq-müsəlman toplumlarında belədir) dostluq anlayışına xüsusi önəm veririk. Dost – kənarda bir qüvvədir, lazım olan anda bizi bataqlıqdan çıxaracaq. Bu ümidsiz bir illüziyadır, bizim cəmiyyətlərin çıxılmaz olduğundan qaynaqlanır.
Mənə görə işgüzar, yaradıcı münasibətlər daha önəmlidir və belə münasibətlərdə də əqidəli olmaq da palaz altına süpürüləcək məsələ deyil. Bunları sualınızdan qaçmaq üçün demirəm, adlarını çəkdiyiniz insanlarla vaxtilə eyni hədəflərimiz olub, bu hədəflərə doğru çiyin-çiyinə addımlamışıq, indi hədəflər ayrılıb və yollar da ayrılıb.
– Keçək bir az da yaradıcı məsələlərə. Ədəbiyyat ipi üzərində iki fərqli ucunda hal-hazırda dayanmısınız. Nəşriyyat rəhbəri və yazıçı. Özünüzü ən çox hansı tərəfə yaxın hiss edirsiniz?
“Heç vaxt yaxşı naşir ola bilməyəcəm, çünki özümü yazıçı kimi görürəm, diqqətim daha çox ədəbi yaradıcılıq üzərindədir. Nə vaxtsa maddi stabillik qazanıb nəşriyyat işini buraxmaq və vaxtımı tamamən yazıb-yaratmağa ayırmaq barədə xəyallar qururam desəm, yalan olmaz”.
– Müasir ədəbiyyatımızdan kimləri oxuyursunuz? AYB-də heç ümid verən yazıçı, şair görmürsünüz?
““Bu böyüklükdə dənizdə heçmi bir bardaq şirin su yoxdur” deməyə bənzəyir söylədikləriniz. Oradakıların hamısı birər istedadlardır, az və ya çox dərəcədə, biri biraz parlaq, biri daha çox parlaq, buna şübhə etmirəm.
Lakin bu parlaqlığın üzü sönməyə doğrudur. Bunu onları özləri də bilir, lakin batan gəmidə tək olmamanın təsəllisi ilə özlərini aldadırlar... Kimləri oxuyuram? AYB üzvlərindən heç kimi. Bu önyarqı deyil. Sadəcə bu əsərlərdə yaradıcı cəsarətin izini görə bilməzsiniz. Hamısı sönmüş vulkana bənzəyir. Ümumən təsdiqi təsdiq ədəbiyyatıdır.
AYB-dən kənarda isə çoxlu maraqlı imzalar var. Alatoran Yayınlarında nəşr olunan Zümrüd Ankanın, Orxan Gülalının, Cavid Ramazanovun romanlarını oxumuşam, hal-hazırda Rəşad Səfərin yeni çapdan çıxmış “Keçilərin nəğmələri” adlı romanını oxuyuram.
Bu müəlliflərdə azad yazıçı iradəsinin təcəssümünü görmək mümkündür. Yoxsa tükənmək qorxusu ilə yazan, qayəsi “özünü göstərmək” olan AYB-li yazarları oxumaq sadəcə vaxt itkisidir.
Son vaxtlarda üç “nəhəng” yazıçının (Əkrəm, Elçin, Anar) hekayəsini analiz edən məqalələr yazdım, usta olmadıqlarını, əslində yaza bilmədiklərini faktlarla sübut etdim. Yerdə qalan 2 min AYB üzvünün isə tənqidə dəyər bir əsərini tapmaq çətindir.
– Azərbaycan poeziyası və nəsri indi hardadır, əlimizi gözümüzün üstünə qoyub çox arxaya baxaq, yoxsa irəliyə, arxasınca qaçaq? Ədəbi tənqidimiz haqda nə deyə bilərsiz? Müasir tənqidçilər sırasını necə nömrələyərdiniz?
“Azərbaycan poeziyası tamamən iflas edib, bunu əminliklə deyə bilərəm, sovet dövründə qazanılmış yüksəkliklər əldən verilib. Gözəlləmə janrında yazılmış qızbibi motivlər şeirimizdə üstünlük təşkil edir. Müasir Azərbaycan şeirini xaricdə folklorik adlandırırlar. Nəsr haqqında bunu deyə bilmərəm, axtarışlar var, xüsusən roman janrı bu günkü ədəbiyyatımızda aktualdır.
Təəssüf doğuran cəhət burasıdır ki, əsərlər müzakirə olunmur, yaxşı tənqidçilərimiz, resenzentlərimiz demək olar ki yoxdur. Bir neçə “məşhur”, əsasən “Ədəbiyyat Qəzeti”ndə çap olunan tənqidçi var, mən onları ədəbi prosesə təsir edəcək gücdə görmürəm. Daha çox tərifləməklə və ya “möhüb düzməklə” məşğul olurlar”.
– Tənqidçilərdən qorxursuz?
“Məncə əksinədir, onlar məndən qorxur. Hələ bu günə qədər yaxınıma düşə bilməyiblər... Hamısı sovet ədəbi-tənqid məktəbinin davamçılarıdır, müasir metodlar, yeni nəzəriyyələr onlar üçün yalnız gəlişigözəl sözlərdir – istəyəndə qoşma yazan bir əyalət şairini də postmodernist çıxarda bilirlər.
Həm də, əgər yazdığın şeylər sənin həyat tərzin deyilsə və ya inandığın şeylər deyilsə, o zaman o yazılanlar mənasız söz yığını təsiri bağışlayır. Məsələn, öz ölkəsində sistemə qarşı çıxış edən, mübarizə aparan, döyülən, söyülən, həbs olunan bir yazar haqqında sistemə boyun əymiş, ona nökərçilik edən, hətta onu mədh edən bir tənqidçinin məqalə yazması sizcə saxtakarlıq deyilsə, bəs nədir?
Bu cür tənqidçilərin sənə bulaşacağından hə, qorxmaq lazımdır. Bir sovet şairi vardı, dünyanın bütün inqilabçıları haqqında poemalar yazmışdı, hətta hadisəni yerində görmək üçün o inqilabçıların ölkələrinə ezam olunmuşdu, özü isə qorxağın dal ayağı idi və hakimiyyəti mədh etməkdən utanmırdı”.
– Bilirəm ki, cəsarətli adamsınız, bəzən hətta ifrat şəkildə. “Azərbaycan arqo deyimləri” kitabınız özündə Azərbaycan sosiumunun psixo-sosial tarixi təkamülünü kadr və kadr göstərən nadir ədəbiyyat nümunələrindəndir. Hələ də bu düşüncədəsiniz?
“Hə, “Arqo Deyimlər”i çap etmək cəsarət istəyirdi. Kitabın giriş sözündə də yazmışam, “bu kitabla toplumumuzda hökm sürən bozluğa özümün kiçik etiraz payımı verdiyimi gizlətmirəm”. Yeri gəlmişkən, kitabın 5-ci nəşrini çapa hazırlayıram, artırılmış versiyada”.
– Bildiyim qədəri ilə, hər ad gününüzdə özünüzə bir kitab hədiyyə edirsiniz. Bəs gələn il, 18 fevral üçün bir kitab nəzərdə tutmusunuz?
“Yeni şeirlər kitabımı nəşr etməyi düşünürəm”.
- Son sual. Kimləri ədəbiyyatda görmək istəyirdiniz, gəlmədilər və ya fəal deyillər. Kimləri ədəbiyyatı tərk etməyini istəyirdiniz, ikiəlli yapışıblar?
“İndiki durum istedadların qol-qanad açması üçün, potensialını tam ifadə etməsi üçün uyğun deyil. Yazıçılar Birliyi, ev növbəsi, təqaüd, başqa imtiyazlar qələm adamlarını iflic edib. Son vaxtlar neçə-neçə istedadlı yazar Yazıçılar Birliyinə üzvlüyə qəbul edildi, təqaüd almağa başladı.
Hər kəsə biraz da olsa “şirinquş” verib salıblar avtopilot vəziyyətinə. Sovetdənqalma “idarəolunan ədəbiyyat” dedikləri olayın tam ortasında yer alıblar, özlərinin də xəbəri yoxdur.
Əlbəttə, bəraət üçün çox söz tapacaqlar, ola bilsin haqlıdırlar, ancaq mən belə görürəm. Və nəticə olaraq istedadlı insanları total çöküşü göz önündədir. Kənarda fəaliyyət göstərən bir neçə müstəqil yazar isə mənzərəni dəyişmək gücündə deyil”.