“ELƏ BİLİRLƏR Kİ, BU YOL ONLARIN DƏDƏLƏRİNƏ EHSAN OLARAQ ÇƏKİLİB...” – “Tələblər elə qaydada qoyulmalıdır ki, İrəvan boyun qaçıra bilməsin”

30-08-2022, 09:34           
“ELƏ BİLİRLƏR Kİ, BU YOL ONLARIN DƏDƏLƏRİNƏ EHSAN OLARAQ ÇƏKİLİB...” –
Elman Məmmədov: “Laçın dəhlizinə alternativ yola Azərbaycanın rəsmi qaydada nəzarəti omalıdır... Rus hərbi kontingentinə arxayın olmamalıyıq”

Azəbaycan avqustun 25-də Laçın rayon mərkəzini, eləcə də Zabux və Sus kəndlərini tam nəzarətə götürdü, eyni zamanda Laçın dəhlizi bağlandı. Qarabağda yaşayan ermənilər bundan sonra alternativ yoldan istifadə etməli olacaqlar. Laçına nəzarəti bərpa etmək Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Faktiki olaraq Qarabağdakı separatçıların ətrafındakı həlqə bir qədər də daralıdı. Bundan sonra Azərbaycanın Qarabağdakı növbəti hədəflərinin nə olacağı maraqlıdır.

“AzPolitika.info” bu mövzunu Milli Məclisin Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsindən deputatı Elman Məmmədovla müzakirə edib:

- Elman müəllim, Laçın rayonu, Sus və Zabux kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Sizcə, bundan sonrakı hədəf nədir?

- Əslində, “Laçın rayonunu, Sus və Zabux kəndlərini ermənilərdən azad etdik” ifadəsi daha doğru olardı. Tədricən və zamanla bütün hədəflərimizə çatırıq. Hər birimiz üçün də hədəflərimiz məlumdur. Necə ki, Laçın şəhəri və dünənə qədər ermənilərin yaşadığı Zabux və Sus kəndləri işğalçılardan təmizləndi, yaxın gələcəkdə Xocalı, Xocavənd, Ağdərə, Xankəndi, ümumiyyətlə bütün ərazimiz separatçılardan və cinayətkarlardan təmizlənəcək. Bunu ona görə inamla deyirəm ki, 2020-ci ildə müharibə bitəndən bu günə qədər müəyyən ərazilərimizdə baş verənlər, uğurlar, “Qisas” əməliyyatı və s. əsas verir ki, belə düşünək. Məqsədimiz suveren və müstəqil Azərbaycan dövlətinin ərazisini bütün terrorçu və separatçılardan təmizləməkdir. Onların xeyli hissəsi ərazimizdə qalmaqda davam edir. Zamanla onlarla bağlı məsələlər də yoluna qoyulacaq. Hazırda Laçın sevincini yaşayırıq. Laçın bütövlükdə bizdədir. Gələcəkdə digər sevincləri də yaşayacağıq. Bunun üçün həm siyasi iradə, həm də iqtisadi və hərbi gücümüz var. Əsas odur ki, beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Çünki heç bir suveren dövlət qəbul etməz ki, onun ərazisində ona tabe olmayan, vətəndaşı olmayan kimlərsə qalsın və yaşasın. Heç bir dövlət bunu qəbul etmədiyi kimi, Azərbaycan da qəbul etməz.

- İndi bəzi şəxslər Laçından sonrakı hədəf kimi Xocalını, bəziləri Ağdərəni işarə edir. Sizcə, Laçını götürməklə inzibati baxımdan nə dəyişir?

- Birincisi, Laçın rayonunun ərazisinin 90 faizindən çoxu bizim nəzarətimizdə idi, işğaldan azad etmişdik. Yalnız Laçın rayon mərkəzi dəhliz adı ilə qalmışdı. Eləcə də Zabux və Sus kəndləri. Onları da azad etdik. İndi ermənilərin Qarabağda yaşadığı ərazini Ermənistandan Laçın və Kəlbəcər rayonları ayırır. Gələcək hədəflər də aydındır. Ağdərə rayonu 1992-ci ildə Ali Sovetin qərarı ilə ləğv edilib. Onun ərazisi Kəlbəcər, Ağdam və Tərtər rayonları arasında paylanılıb. İndi yəqin ki, Kəlbəcərin ərazisini tamamilə separatçılardan təmizləməliyik. Bu gün orada bəzi hissələr qalır. Ermənilər onu Mardakert rayonu kimi qəbul edib saxlayırlar. Eyni zamanda Ağdərənin bir hissəsi Ağdamdadır, həmçinin Tərtərdə. Yəni, hədəflər məlumdur, tədricən bu işlər davam edir. Sonuncu işğalçı və separatçı ərazimizdən təmizlənənə qədər durmaq yoxdur. Biz uğurlu əməliyyatlar keçirməklə məqsədlərimizə nail olacağıq.

- Bəs, Ermənistanın bundan sonrakı addımlarını necə proqnozlaşdırmaq olar?

- Ermənistanda gedən proseslər, indiki siyasi vəziyyət göstərir ki, İrəvan istəsə də, istəməsə də Türkiyə ilə əlaqələrin yaranmasının tərəfdarı olacaq. Ermənmistan bunu istəyir. Eyni zamanda o, Azərbaycanla əlaqə qurmaq istəyir. Çünki ortada qalıb. Amma buna mane olan qüvvələr, daha dəqiq desək, dövlətlər var. Rusiya bölgədə öz nəzarətini qoruyur, ondan da daha çox İran bu münasibətlərin qaydaya düşməsinə qarşıdır. Çalışırlar ki, Türkiyənin bölgədə nüfuz və təsiri güclənməsin, Ermənistan-Azərbaycan əlaqələri qurulmasın. Bəhanələri də odur ki, guya Ermənistanla İran arasında gediş-gəlişə mane olan proses başlayıb. Əlbəttə, Zəngəzur dəhlizini nəzərdə tuturlar.

Digər tərəfdən, Qərb Rusiyanın bölgədə nüfuz və təsirini azaltmaq üçün əlindən gələni edir. Bütün bunlar Ermənistanı siyasi arenada manevr etmək məcburiyyətində qoyur. O mənada ki, Ermənistan hansı tərəfdə olacaq və hansı yolu seçəcək. Ermənistan sabitlik və inkişaf üçün hansı yolu seçməsini özü götür-qoy etməlidir. Məncə, əvvəlki kimi Türkiyə və Azərbaycanla düşmənçilik yolunu seçəcəksə, heç bir uğur əldə etməyəcək. Artıq qlobal proseslər yeni şərtləri ortaya çıxarıb. Bu şərtlər çərçivəsində Türkiyə və Azərbaycanla düşmənçilik aparmaqla güclənmək və iqtisadi inkişafa nail olmaq Ermənistan üçün mümkünsüz görünür.

- Avqustun sonunda Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Sizcə, bu görüşdə böyük razılaşma əldə oluna bilərmi?

- Təkcə mən deyil, bütün Azərbaycan gözləyir ki, nəticəli görüşlər olsun. Baxın, 10 noyabr 2020-ci ildən bu görüşlər iki platforma üzrə aparılır - həm Rusiya, həm də Avropa İttifaqı vasitəçiliyi əsasında. Bəli, demək olmaz ki, heç nə əldə edilməyib, müəyyən irəliləyişlər var. Az qala iki il olur ki, proses gedir, amma hələ də ərazilərimizdə Ermənistan hərbi birləşmələri qalmaqda davam edir. Yalandan deyirlər ki, yoxdur, erməni rəsmiləri elan edirlər ki, ora çağırışçı göndərmirik və s.

Amma başqa adlarla eyni yolu davam etdirəcəklər. Məsələn, deyəcəklər ki, onlar bizim əsgərlərimiz deyil, orada könüllü və ya muzdlu kimi iştirak edirlər. Hələ də Zəngəzir dəhlizi məsələsi həll edilməmiş qalır, həmçinin sərhədlərin delimitasiya və demarkasiyasına dair ciddi irəliləyiş yoxdur. Bəli, deyirlər ki, komissiya yaradılıb, fəaliyyət göstərir. Amma bu iki ildə hansı nəticə əldə edilib, ermənilər haqqa gəlibmi? Yəni çox məsələlər var. Azərbaycan zamanında özünün 5 maddəlik təklif və tələbini Ermənistana təqdim etdi. İrəvan da bildirdi ki, bu tələbləri qəbul edir. Amma reallıqda bunları icra etmir, yerinə yetirmir. Məsələn, mənim gözləntim odur ki, Avropa İttifaqı və Rusiya ortaya qəti tələb qoysun ki, filan vaxt bu işlər olmalıdır. Necə ki, vaxt verildi ki, avqustun 25-nə qədər Laçın və iki kənd boşaldılmalıdır. Azərbaycan bu məsələdə qəti təkid etdi. Enerji təminatı, rabitə kəsildi və s. Bu baxımdan Ermənistanın qarşısında tələblər elə qaydada qoyulmalıdır ki, İrəvan boyun qaçıra bilməsin. Əks təqdirdə, belə görüşlər çoxsaylı olacaq. “Qisas” əməliyyatı kimi anti-terror əməliyyatları keçirib bunları məcbur etmək lazım gələcək.

- Bayden administrasiyasının artıq mövcud olmayan ATƏT-in Minsk Qrupunu diriltmək cəhdlərini görürük. Vaşintonda Minsk Qrupuna yeni həmsədr təyin edilir, beləcə İrəvanın istəkləri doğrultusunda siyasi gediş baş verir. Sizcə, bu addımlar hansı nəticə yaradacaq?

- Bunlar kimlərinsə xam xəyallarıdır - ermənilərin, fransızların və ya ABŞ-dakı hansısa siyasi dairələrin. Bu gün Minsk Qrupuna həmsədrlik edən üç dövlətdən ikisi üçüncüsü ilə düşmən vəziyyətindədir. Onlar necə birləşib hansısa məsələni həll edəcəklər? Faktiki bir-birilə düşməndirlər. Prezident Əliyev də Minsk Qrupu haqqında fikrini qəti bildirib. Deyib ki, Minsk Qrupunun fəaliyyətinə ehtiyac görmürük. Açıq bildirib ki, sizin 30 ildə edə bilmədiyinizi biz 44 gündə həll etdik. Yəni, Minsk Qrupuna heç bir ehtiyac yoxdur.

Məncə, bu münaqişənin həll edilməsi üçün çox vasitəçilərə ehtiyac yoxdur. Vasitəçi çox olanda işlərin necə getdiyini 30 il ərzində görmüşük. Çoxu münaqişənin həllinə maraq göstərmir, öz maraqları çərçivəsində yanaşırlar. Biz məsələyə dövlət və strateji maraqlarımız çərçivəsində yanaşırıq. Heç Rusiyanın da marağında deyil ki, bu münaqişə ocağı birdəfəlik sönsün və Azərbaycanla Ermənistan arasında xoş qonşuluq başlasın. Belə olan halda Rusiyaya bölgədə ehtiyac olacaqmı? Yox. Bu baxımdan Rusiyanın nə deməsindən asılı olmayaraq, onun məqsədi həm də odur ki, münaqişə sönməmiş qalsın və ona da ehtiyac yaransın. Eləcə də digərləri. Ona görə də ən düzgün variant tərəflərin birbaşa dialoqa getməsidir.

- Problemin sülh yolu ilə həllini gözləyirsiniz, yoxsa güc faktorundan istifadə lazımn gələcək?

- Məsəl var, ilan ulduz görməsə, ölməz. Erməni güc görməsə təslim və tabe olmur. Belə güc də Azərbaycanda var. Vaxtaşırı bu gücün işləməsinin şahidi oluruq. İndi başqa proses başlayacaq. Ermənilər Xankəndinə gedib-gəlmək üçün yeni yoldan istifadə edəcəklər, rus hərbi kontingenti də həmin yola nəzarət edəcək. Məncə, burada başqa məsələlər yaşanacaq. Rusiya hərbi kontingenti və ermənilər elə bilirlər ki, bu yol onların dədələrinə ehsan olaraq çəkilib. Bunlar da oradan Laçın dəhlizində olduğu kimi sərbəst hərəkət edəcəklər, bütün terrorçular, cinayətkarlar, separatçılar gedib-gələcək, nə istəsələr aparıb-gətirəcəklər. Mən hesab edirəm ki, belə olmayacaq. Azərbaycan buna yol verməməlidir. Bizim bu yola rəsmi qaydada nəzarətimiz olmalıdır. Həm sərhəd keçid, həm də gömrük məntəqəmiz işləməlidir. Bura Azərbaycan ərazisidir, sizə yol vermişik, amma nəzarətimiz altında. Həmçinin, rus hərbi kontingentinə də tam arxayın olmamalıyıq. Arxayın olduq və nəticəsini də gördük. Nə qədər silah-sursat daşıyırdılar. Təkcə Sarıbaba dağını nəzarətə götürəndə kiçik ərazidə minə qədər mina aşkarlandı. Bu minaların istehsal tarixi 2021-ci il idi. Harada istehsal olunub? Ermənistanda. Rus hərbçilərin xəbəri olmadan bu qədər mina necə daşınıb bu ərazilərə? Deməli, şərait yaradılıb. Odur ki, yeni yolda da bu problem olacaq. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi belə halların qarşısını almaq üçün tədbirlər həyata keçirəcək.

Rasim Əliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.