"Vəziyyət təhlükə həddinə çatıb" - Boran Əziz

30-08-2022, 17:19           
"Vəziyyət təhlükə həddinə çatıb" - Boran Əziz
“Bu, Azərbaycanda rusbaşların çoxalmasın səbəb olacaq. Vəziyyət təhlükə həddinə çatıb”.

TEREF.AZ xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında BDU-nun professoru Boran Əziz deyib.

O, Azərbaycanda rus bölməsinə axınla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münaisbət bildirib.

Professor xatırladıb ki, XIX əsrin 70-ci illərində Azərbaycan ziyalıları doğma dilmiz olan Azərbaycan dilində təhsil almaq üçün gərgin mübarizə aparıblar:

“Bu mübarizədə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetində yazdığı məqalələr, apardığı mücadilə xüsusi bir önəmə malikdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Azadlıq Hərəkatının birinci mərhələsində doğma dildə təhsil almaqla bağlı aparılan mübarizə onun mühüm bir hissəsini təşkil edir.

Niyə doğma dildə təhsilə bu qədər önəm verillər? Həsən bəy millətin salamat qalması, dirilik olması üçün isə milli birlik lazımdır deyirdi. Milli birliyə nail olmaq üçün isə göstərirdi ki, hökmən doğma dildə təhsil alınmalıdır. Çünki dil və din birliyi yaratmadan milli birliyə nail olmaq mümkün deyil. Dil birliyinin təminatı isə məktbdə doğma dildə təhsil almaqdan keçirdi. Çünki məktəbdə doğma dil həm dilin inkişafına, onun təkmilləşməsinə, ayrı-ayrı dialektlərin əvəzinə ümumişlək ədəbi dilin yaranmasına səbəb olurdusa, həm də müxtəlif təriqətlərə malik olan insanlar doğma dildə oxumaqla, onların bir yerdə yaşaması və oxumasının mümkün olduğu qənaətinə gəlirdi.

Həm də bu ona görə lazım idi ki, Çar Rusiyasının yeritdiyi siyasət nəticəsində sünni və şiə təriqətləri arasında Azərbaycanda çox dərin bir ziddiyət meydana gəlmişdi və onlara aşılanmışdı ki, guya bu, müxtəlif təriqətlərdən olan uşaqlar bir yerdə oxuya bilməz. Ona görə milli dildə təhsilə çox böyük əhəmiyyət verirdilər”.

Professor “Həsən bəy deyirdi ki, bununla biz əslində uşağı valideynin, arvadı ərin, rəiyyəti padşahın zülmündən qurtaracağıq” deyib:

“Yəni doğma dildə təhsilə bu qədər önəm verirdi o. Milli dildə təhsillə bağlı onun apardığı təbliğat işləri və qəzetdə dərc etdiyi yazılar hətta dövrün ən məhşur adlarından olan Mirzə Fətəli Axundzadədə də belə təəccüb doğurmuşdu ki, axı biz doğma dildə necə təhsil alaq?

Məktəblər yox, olsa belə tədris edə bilən müəllimlər yox, müəllim tapılsa belə dərsliklər yox. Yəni belə bir çətinlikdən sonra müəyyən qədər milli dildə məktəblər açıldı, cümhuriyyət dövründə də xüsusilə bu təbliğat genişləndirildi və.s

Təəssüflə deməliyik ki, indi milli dildə təhsilə yenidən ögey münasibət hiss olunur. Bu çox ürəkağrıdıcı bir məqamdır, çünki uşaq orta məktəbdə Dostoyevskinin, Tolstoyun və digələrinin xristian fəlsəfəsinə uyğun olan əsərlərini oxuyur. Bu, onların şüuraltı qatlarına, dünyagörüşünə dərin təsir göstərir və uşaq təpədən dırnağa millilik təbliğ edən Mirzə Ələkbərin, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin və digər tanınmış yazıçılarımızın şerlərindən bixəbər qalır.

Ona görə də sözün açığı hesab edirəm ki, doğma dildə təhsil olduqca vacibdir.

Biz çox dil bilməyin əlehinə deyilik. Ancaq orta məktəbdə dövlət büdcəsi hesabına təhsil yalnız doğma dildə olmalıdır. Kim istəsə özəl məktblərdə və ya liseylərdə istədiyi dildə övladını təhsilə yönəldə bilər”.

Əziz Boran bildirib ki, insanların rus dilinə maraq göstərməsi süni ajiotajla bağlıdır:

“Guya ki, rus bölməsi daha yaxşı təhsil verir. Bu tamamilə absurd bir fikirdir. Biz Dövlət İmtahan Mərkəzinin tələbələrin universitetə qəbul olması haqqında xalqa açıq paylaşdığı statistikada rus bölməsi ilə Azərbaycan bölməsi arasındakı fərqi aydın görə bilərik.

Bəzən birşey mənə çox təəccüblü gəlir. Evdə atası, anası bir kəlmə belə bilməyən uşaq məktəbdə rus bölməsində təhsil alır.

Universitetdə rus dili təhsilinin olması müstəqillik dövrünün tələblərinə uyğun deyil. Hər bir xalqın mədəniyyətinə, dininə və dilinə böyük hörmətimiz var, lakin büdcə hesabına həmin xalqın dilini öyrənmək düz deyil.

Əvvəl biz SSRİ-nin tərkibində olduğumuza görə hər bir yerdə rus dili vacib idi. Bəs indi niyə belə bir ajiotaj var, mənə çox maraqlıdır. Hər bir valideynin özündə vətənpərvərlik hissi olmalıdır, konstitusiyamızda yer alan dövlət dilinə - yəni Azərbaycan dilinə hörmətlə yanaşmalıdır.

Gələcəkdə rusbaşların sayının çoxalması böyük bir təhlükədir. Məncə valideynlər uşaqlarını rus bölməsinə qoymasa, gələcəkdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bu bölmələrə tələbatın olmadığını görüb ləğv edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.