Turizm şirkətləri məmurların monopoliyasındadır - Lerik qəzasının pərdəarxası

5-09-2022, 15:51           
Turizm şirkətləri məmurların monopoliyasındadır - Lerik qəzasının pərdəarxası
Ötən gün Lerikdə turist avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfərin ölümü turizm şirkətlərindəki özbaşınalığı bir daha gündəmə gətirdi. Qeyd edək ki, bu ilin iyun ayında məktəbliləri daşıyan daha bir avtobus qəza törətmişdi.

Teref.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda bu sahə ilə bağlı qanunvericilikdə boşluq yoxdur.

Ekspert deyib ki, sadəcə Azərbaycanda avtobus parkının yenilənməsinə çox ciddi ehtiyac var:

“Bu ehtiyacı da ödəmək üçün avtobusların, mikroavtobusların gətirilməsi qaydasını sadələşdirmək lazımdır. Bizdə isə əksinə həm ictimai nəqliyyat, həm də digər sərnişindaşıma fəaliyyətində istifadə olunan avtomobillər yerli istehsal olmadığı halda, onların ölkəyə gətirilmə rüsumu hər 2-3 ildən bir artırılır. Nəticədə, ictimai nəqliyyatda hələ də köhnə avtobuslardan yaxa qurtara bilmirik. Bölgələrə sərnişin daşıyan köhnə avtobuslardan isə danışmağa dəyməz".

Onun sözlərinə görə, eyni problemlər turizm sektorunda da yaşanır:

“Bölgələrə turist daşıyan avtobuslar əslində ölkəyə turizm məqsədilə gətirilməyib. Sadəcə bəzi insanlar bu sahədə tələbat olduğunu görərək, köhnə bir avtobus alıb, üst-başını da rəngləyib, sərnişin daşımağa başlayır. Avtotexniki ekspertiza Lerikdəki hadisədən sonra rəyini verməyib. Çox güman ki, dağlıq ərazidə sürücü qeyri-peşəkarlıq göstərib, ya da avtobusun texniki parametrlərində, tormuz sistemində problem olub. Çünki avtomobil 90-cı illərin mersedes tipli mikroavtobusudur. Onun hansısa problemi mütləq üzə çıxacaq. Eyni qəzada 8 nəfəri itirmək çox ağır hadisədir. Sürücü sağ qalıbsa, ona cinayət işi açılaraq 7-8 il həbs veriləcək. Ancaq bu, ölənləri geri qaytaran deyil. Məhz ona görə də, bu məsələlərə ciddi nəzarət edilməlidir”.

E.Muradlı qeyd edib ki, belə səfərlər zamanı say məsələsi nəzərə alınmalı, avtomobil mütləq texniki müayinədən keçirilməli və rəsmi icazə olmalıdır:

“Turist daşıyan insanlardan əksəriyyəti rəsmi icazə olmadan çalışır. Bu şəxslər hansısa turizm şirkətinə avtobusları olduğunu bildirirərək sərnişin olduğu halda məlumat verilməsini istəyir. Şirkət də həmin şəxsə zəng edir, sabah 30 nəfərin Lerikə getməli olduğunu saat doqquzda müəyyən ərazidə olmasını bildirir. Bununla da iş bitir. Rəsmiyyət, texniki müayinə, sürücünün sağlamlığını yoxlama prosedurları olmur. Buna görə də, turistlərin yola çıxması təmin olunarkən hansı qaydalara əməl edilməsi ilə bağlı "Turizm haqqında" Qanuna dəyişiklik edilməlidir. Səfərdən öncə avtobus texniki müayinədən keçməlidir. Yol polisi sürücünün və avtobusun vəziyyəti ilə bağlı məlumat almalıdır”.

“Bu tələbləri qanun şəklinə gətirsələr, onun da bir yolunu tapacaqlar. Avtobusun texniki vəziyyətinin əla olduğu ilə bağlı formal olaraq kağız alacaqlar. O qədər turizm şirkətləri var ki, məmurların əlinin altında fəaliyyət göstərir. Onlar ipə-sapa yatacaqmı? Yaxud heç turizm şirkəti olmasın, rayonlarda avtobusu olan şəxslər var ki, həmyerlilərini ziyarətlərə aparır. Sadəcə yığılma yerini deyir, bitdi. Vəssalam bununla da qanunvericilik batır. Həmin sürücünün harada istirahət etdiyi, axşam nə yeyib-içdiyi, saat neçədə yatığı ilə bağlı heç kimin xəbəri olmur. Sürücülərin iş və istirahət rejimi, təcrübəsi, avtobusun texniki vəziyyəti - bunlar hamısı önəmli məsələlərdir. Təsəvvür edin ki, həmin avtobusu yolda polis saxlasa, sürücü kənarda qalacaq, sərnişinlər polisin üstünə hücum çəkəcəkdi. Az qalacaqdılar ki, polisin gözünü çıxartsınlar. Deyəcəkdilər ki, sən niyə bizi saxladın, bizim ziyarətimiz qəbul olunmayacaq. Polis də belə olan halda avtobusun sərnişin daşıdığını, rayon yeri olduğunu nəzərə alaraq heç bir şey etmir. Nəticədə, avtobusun texniki vəziyyətinin yaxşı olmadığından xəbərsiz olur. Ancaq qanunvericilik tələb edir ki, hər gün reysqabağı texniki müayinə təmin edilsin", - deyə E.Muradlı vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.