Karantin qaydalarının tətbiqinə ehtiyac qalmayıb - həkim-radioloq
10-09-2022, 10:28
“Həftə içi” qəzetinin suallarını “Azərbaycan Həkimləri" İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev cavablandırıb. TEREF.AZ həmin müsahibəni təqdim edir:
- Aydın həkim, yeni tədris ilinin başlaması ilə əlaqədar koronavirusa gündəlik yoluxanların sayında yenidən kəskin artım ola bilərmi?
- Bugünkü “COVID-19” mutasiyası adicə qrip kimi bir şeydir. Heç bir təhlükəsi yoxdur. Çox xahiş edirəm, bunu cəmiyyətə çatdırın. 85-90 yaşında xəstələr tanıyıram ki, bu virusa yoluxub, yüngül keçirib və sağalıb. Heç bir ağırlaşma vermir. Ölüm sayı sıfırdır. Yəni, böyük əksəriyyət indi xəstəliyi çox yüngül keçirir. Əgər birinin dördüncü mərhələ onkoloji xəstəliyi varsa, birinə orqan köçürülüb immun sistemi zəifləyibsə, birinin ağırdərəcəli qaraciyər, böyrək, ürək çatışmazlığı varsa, bunları nəzərdə tutmuram. Böyük əksəriyyət üçün virus təhlükəsi yoxdur. Bunu deməkdə məqsədim odur ki, yoluxma sayı gündəlik 20 minə belə çatsa, heç bir təhlükəsi yoxdur. Məncə, bundan sonra karantın qaydalarının tətbiqinə və sərtləşdirilməsinə ehtiyac duyulmur. Karantini sərtləşdirib insanları cərimələyib onların əsəbləri ilə oynamağa ehtiyac yoxdur. Boş səbəblərdən insanları cərimələməsinlər. Hazırda insanların maddi-iqtisadi durumu yaxşı deyil. Bütün ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti qalxıb. İnsanlar evlərinə bazarlıq etməyə çətinlik çəkirlər. Bütün ailələr stresdədir. Valideyn bu gün fikirləşir ki, uşağıma paltar, çanta, qələm, dəftər alıb məktəbə göndərməyə imkanım yoxdur. Bu qədər stresin içində olan əhalimizə əlavə yersiz olaraq belə problemləri yükləməyin məntiqi varmı? Başı çıxan varsa, bununla bağlı danışsın, başı çıxan yoxdursa lütfən, sussun. Düzdür, 2 il bundan əvvəl bu virusun müəyyən aktivliyi var idi. Amma “COVID-19” la bağlı 2 il bundan qabaqkı bigimizlə bugünü şərh ediriksə, biz cəmiyyətimizə qarşı xəyanət etmiş oluruq. Belə olmaz. Pandemiya başlayanda mən hamıdan çox car çəkənlərdən biri idim ki, “Evdə qal”, “Maska tax”, “Gigiyena qaydalarına riayət et” və s. O vaxt həqiqətən də bu virus təhlükəli idi, biz virusu tanımırdıq, yüngül mutasiyalar yox idi. Lakin bu gün durum tam fərqlidir. Dünya hər an dəyişir. Biz 2 il yarım bundanöncəki durumla indiki vəziyyəti qarşılaşdıra bilmərik. Ona görə də həmkarlarıma bir daha müraciət edirəm ki, bugünkü bilgilərlə davranmaq lazımdır. Yəni, insanların panikaya düşməsinə heç bir əsas yoxdur.
- İnsanlar bu xəstəliyə əvvəlki kimi həssas yanaşmırlar. Yəqin, siz də müşahidə edirsiniz ki, qapalı məkanlarda maska taxanların sayı çox azdır, məsafə saxlanılmır və s. Sizcə, bu məsələdə insanlar necə davranmalıdırlar?
- Bu məsələdə məcburiyyətə heç bir ehtiyac yoxdur. Virus dəfələrlə mutasiyaya uğrayıb və zəifləyib, öldürə bilmir, ağır fəsadlar yaratmır. Əksinə, orqanizm üçün xeyirli hala gəlib. Yoluxduğumuz halda immunitetimiz inkişaf edir. Bu cür viruslar immunitetimizi məşq etdirir. Təbii ki, təhlükəli həddə qorunmaq lazımdır. Bu gün COVID-in qorxusu yoxdur. Maska, məsafə və s. bunların hamısı könüllü olmalıdır. Kim istəyir maska taxsın, kim istəyir taxmasın.
- Bu virusun yeni ştamlarının yaranma ehtimalı nə qədərdir?
- Təbii ki, yeni ştamlar yaranacaq və virus daha da yüngülləşəcək.
- Son olaraq Azərbaycanda aparılan peyvəndləmə prosesini necə qiymətləndirirsiniz? Bu proses davam etməlidirmi?
- Bizdə kifayət qədər peyvəndləmə aparılıb. Bundan sonra proses könüllü olmalıdır. Pasport tələbi də ləğv olunmalıdır. Buna da heç bir ehtiyac yoxdur.