"Bu istəyin arxasında da Ramiz Mehdiyev və onun əlinin altında olan insanlar dayanır" - Partiya sədri
12-09-2022, 11:57
“Prezidentə çatdırmaq lazımdır ki, bu həbs ölkədə sabitliyin pozulması üçün 5-ci kalonun ortalığa atdığı bir oyundur. Bu məsələ Prezidenti müdafiə edən insanların sıradan çıxarılması üçün hesablanmış bir addımdır”.
Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reaksiya TV-də Zaur Qəriboğlunun aparıcılığı ilə yayımlanan “Bizim Reaksiya” verlişində deyib.
Hafiz Hacıyevin jurnalist Əvəz Zeynallının həbsi ilə bağlı dediyi fikirləri təqdim edirik:
“Əvəz bəy, ləyaqətli insan və ləyaqətli jurnalistdir. O şərin, böhtanın qurbanı olub. Mən düşünürəm ki, ölkə prezidenti bu məsələdə humanist addımını atacaq. Çünki Əvəz Zeynallının bu cür həbs edilməsi ölkədə siyasi tarazlığın pozulması deməkdir. Eyni zamanda bu həbs Azərbaycan dövlətinin və prezidentinin başını qatmaq deməkdir. Cənab Prezident də bu məsələni bilən kimi öz ədalətli sözünü deyəcək.
Əvəz bəy həmişə ölkə prezidentinin yanında olub. Prezidentin ideyalarının həyata keçməsində həmişə ona yardımçı olub. Buna görə də mən də çalışacam ki, bu məsələ cənab Prezidentə çatsın. Prezidentə çatdırmaq lazımdır ki, bu həbs ölkədə sabitliyin pozulması üçün 5-ci kalonun ortalığa atdığı bir oyundur. Bu məsələ Prezidenti müdafiə edən insanların sıradan çıxarılması üçün hesablanmış bir addımdır.
Bildiyimiz kimi partiyalar haqqında yeni qanun layihəsi olacaq. Çalışırlar ki, ölkədə sabitlik pozulsun. Bu istəyin arxasında da Ramiz Mehdiyev və onun əlinin altında olan insanlar dayanır. Amma mən inanıram ki, Prezident bu ədalətsizliyə son qoyacaq. Ola bilər Prezidentə düzgün məlumat çatdırmayıblar. Əvəz bəy həmişə cənab Prezidentin təbliğçısı olub. Bunu da istəməyən qüvvələr var. Bu günlərdə 5-ci kalon çox fəal işlər görürlər. Amma onlar heç nəyə nail ola bilməyəcəklər. Mən əminəm ki, cənab Prezidentin humanist addımından sonra Əvəz bəy azadlığa çıxacaq. Beləliklə də, biz 5-ci kalona qalib gələcəyik.
5-ci kalon ölkədə bu cür işlər həyata keçirməklə dünyaya mesaj vermək istəyir ki, Azərbaycanda söz azadlığı yoxdur. Amma Azərbaycanda söz azadlığı da, 44 günlük müharibədə 30 illik işğalda olan torpaqları azad edən qətiyyətli Prezidenti də var. Əgər ölkədə olan rüşvətxorları axtarırlarsa, mən onlara siyahını vermişəm. Biz cənab Prezidenti qoruduğumuza görə də Əvəz bəyi azadlığa çıxarmalıyıq.
Mən 5-ci kalona xəbərdarlıq edirəm. Onlar elə etməsinlər ki, açaq sandığı tökək pambığı. Bəsdirin, cənab Prezidentə etdiyin xəyanətlər kifayət edər. Bu həssas dövrdə siz nə istəyirsiniz cənab Prezidentdən? Qarabağı azad edib deyə narahatsınız? Siz ölkədə qarışıqlıq yarada bilməyəcəksiniz. Nə qədər Hafizlər, Əvəzlər və onların ətrafında olan adamlar var, onlar istədiklərinə nail ola bilməyəcəklər. Biz axıra qədər mübarizəmizi aparacağıq”.
pia.az