Paşinyanın Səmərqənd sınağı: üç ölkənin liderindən tələb - GƏLİŞMƏ
14-09-2022, 10:59
Politoloq Ramiyə Məmmədova Teleqraf.com-a müsahibə verib.
TEREF.AZ onunla müsahibəni təqdim edir:
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə Suriya məsələsi də müzakirə ediləcək. Bundan əvvəl Rusiyadan Türkiyənin Suriyadakı mümkün antiterror əməliyyatına etiraz olmuşdu. Sizcə, Ərdoğan Suriya məsələsi ilə bağlı Putinlə hansı məqamları razılaşdıra bilər?
- Putin-Ərdoğan görüşündə bir çox məsələnin müzakirə ediləcəyi gözlənilir. Ukrayna və Suriyadakı durumla yanaşı, Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrin də iki liderin masasında olacağını düşünürəm.
Hesab edirəm ki, Rusiya və Türkiyə arasında Ermənistan-Azərbaycan məsələsi ilə bağlı bir anlaşma olsa da, Suriya və Liviyaya dair tərəflər arasında fikir ayrılıqları və yekdil razılaşmaya gəlmək mümkün olmur. Bu o demək deyil ki, Rusiya və Türkiyə tərəfdaşdırlarsa, bütün məsələlərdə bir yerdədirlər. Belə deyil.
Türkiyə və Rusiya həmişə üz-üzə gələn dövlətlərdir, tərəflər arasında fikir ayrılıqlarının olduğu kifayət qədər mövzu var. Yaxın Şərq məsələsi, xüsusən də Suriya bunlardan biridir. Rusiyanın Bəşər Əsədə verdiyi dəstəyə cavab olaraq, Türkiyənin müxalifəti dəstəkləməsi tərəfləri üz-üzə qoyur. Bu səbəbdən də Rusiya Türkiyənin Şimali Suriyada antiterror əməliyyatına qarşı çıxır. Amma bu etirazın o qədər də sərt olduğunu düşünmürəm. Çünki Türkiyənin keçirdiyi və reallaşdırmaq istədiyi əməliyyatlar Rusiyanın da maraqlarına uyğundur.
Türkiyənin Suriyada keçirdiyi əməliyyatlar ABŞ tərəfindən dəstəklənən terrorçu qruplaşmalara yönəlib. Yəni bunun Rusiyaya toxunacaq tərəfi yoxdur. PKK/YPG terror təşkilatının və digər silahlı kürd qruplaşmalarına ABŞ-dan böyük maddi-texniki dəstək var. Buna Türkiyə ilə yanaşı, Rusiya da qarşıdır. Təbii ki, Ərdoğan-Putin görüşündə bu məsələlər müzakirə ediləcək.
Ərdoğan və Putinin Liviya və Suriya ilə bağlı ortaq məxrəc tapa biləcəklərini düşünürəm. Hesab edirəm ki, bu gün bu iki dövlətin bir-birinə özlərindən başqa dəstəkçisi yoxdur. Eyni zamanda, demək olar ki, Rusiya və Türkiyənin düşmənləri də eynidir. ABŞ Rusiyaya qarşı oyununu açıq oynasa da, Türkiyə qarşı addımlarını altdan atır.
Suriyaya gəldikdə, bununla bağlı Türkiyənin qəti bir fikri var ki, sərhədlərinin təhlükəsizliyi üçün antiterror əməliyyatlarını bundan sonra da davam etdirəcək. Rusiya isə Türkiyənin bu həmləsinə qarşı heç nə edə bilməyəcək. Ərdoğan bunu dəfələrlə dilə gətirib və Rusiya onun nə demək istədiyini çox gözəl anlayır. Putin sadəcə olaraq, Ərdoğandan Əsəd rejiminə toxunmaması üçün bir zəmanət istəyə bilər. Çünki Əsədin hakimiyyətdəki varlığı Rusiyanın təkcə Suriyada yox, Yaxın Şərqdəki hərbi mövcudluğunun əsas qarantıdır. Bu baxımdan, Rusiya Türkiyənin öz sərhədlərinə təhlükəsizliyi təmin etmək tədbirlərinə heç nə deyə bilməz və deməycək.
Türkiyənin hədəfi bəllidir: Suriyanın 30-40 km dərinliyinədək təhlükəsizlik zolağı formalaşdırmaq. Türkiyənin son antiterror əməliyyatlarında bu yöndə ciddi irəliləyiş var. Eyni zamanda, PKK/YPG-nin lider şəxslərinin zərərsizləşdirilməsi haqda məlumatlar var. Son gəlişmələr terror təşkilatı daxilində çaxnaşma yaradıb və bu şəbəkə öz gücünün önəmli hissəsini itirib. Buna baxmayaraq, Amerika bu terror təşkilatını canlandırmağa, ayaqda saxlamağa çalışır.
Amerikadan hərbi dəstək alan PKK Türkiyəyə qarşı savaşı bitirmək istəmir. Ərdoğanın hədəfi bəllidir: PKK Türkiyə sərhədlərindən bu ölkəyə təhlükə yaratmayacaq qədər uzaqlaşdırılmalıdır. Türkiyə buna nail olacaq. Hesab edirəm ki, Rusiya buna etiraz etməyəcək, hətta bu yöndə Türkiyəyə yol aça biləcəyini də düşünürəm. Putinin əsas istəyi Əsədin hakimiyyətdə qalmasıdır, Türkiyənin əməliyyatları isə ona yönəlməyib.
- Şanxay Əməkdaşlıq Təşkilatının sammiti üçün Azərbaycan və Ermənistan liderləri də Səmərqəndə - Özbəkistana gedəcək. Putin və Ərdoğanın da orada olacağını nəzərə alsaq, Ermənistan-Azərbaycan məsələsinə dair hansı mövzularda anlaşma əldə edilə bilər?
- Qənaətimə görə, liderlər təkbətək təmaslarla yanaşı, ümumi görüş də keçirəcəklər. Son proseslərlə bağlı bir masanın qurulacağı qənaətindəyəm. Ermənistanın son təxribatlarının və onun tərəfindən üçtərəfli anlaşmaların pozulmasının müzakirə edilməsi vacibdir. Türkiyə və Azərbaycanın mövqeyi budur ki, münaqişə tam çözülüb. Amma Ermənistan yenə də təxribatlarını davam etdirərək, münaqişənin hələ də qaldığı mənzərəsini yaratmağa çalışır.
Azərbaycan yerdə qalan məsələlərin tam həll edilərək, yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Ermənistan isə sülh üçün yaranmış münbit zəmini pozmaqla məşğuldur. Laçın, Kəlbəcər və sərhədin digər istiqamətlərindəki son təxribatçı addımları da bundan xəbər verir.
Qənaətimə görə, Səmərqənddə Paşinyandan qəti şəkildə tələb olunacaq ki, ya sülh müqaviləsinə imza atmalıdır, ya da baş verəcəklərə görə o məsuliyyət daşıyacaq. Eyni zamanda, son gəlişmələr və sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə olan qanunsuz, separatçı-terrorçu birləşmələrin oradan çıxarılması Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Putinin də qarşısına qoyulacaq. Liderlərin bu məsələləri geniş şəkildə müzakirə edəcəklərini gözləyirəm. Bu yöndə hansısa tələblər qoyulacaq.
Təbii ki, görüşdə Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşdirilməsi də müzakirə ediləcək. Məncə, sərhədlərin delimitasiyası bir qədər uzana bilər, amma Rusiya və Türkiyə Zəngəzur dəhlizinin tezliklə açılmasında maraqlıdır. Bu məsələni tezliklə həll etmək istəyirlər. Xüsusən də Rusiya Ukrayna ilə bağlı üzləşdiyi əngəllərdən çıxış yolu axtarır ki, bu da Zəngəzur dəhlizinin önəmini onun üçün daha da artırır. Bu baxımdan, dəhlizin açılmasının tezləşdirilməsi gündəmdə dura bilər. Bu, Rusiya ilə yanaşı, Türkiyə üçün də olduqca vacibdir. Paşinyandan yerinə yetirməli olduğu tələblər var, üç dövlətin başçısı bunları Səmərqənddə onun diqqətinə çatdıracaq. Paşinyanın qarşısına bu məsələlərin həlli üçün vaxtı uzatmaması tələbi də qoyulacaq.
- Baş nazir Nikol Paşinyanın fikirləri kifayət qədər ziddiyyətlidir. Rusiyada olarkən Moskvanın vasitəçiliyini dəstəklədiyini bildirsə də, digər yandan, müdafiə naziri Suren Papikyanı bir həftəlik ABŞ-a göndərdi. Paşinyanın bu ikili yanaşması nədən irəli gəlir, o, nəyə nail olmaq istəyir?
- Paşinyan ikili oynamağa çalışır. Hakimiyyətə anti-Rusiya şüarları ilə gəlsə də, sonradan öz dəst-xəttinə korrektə etməyə məcbur oldu. Eyni zamanda, onun bir qərbpərəst, Amerikayönlü tərəfi də var. Amma Paşinyanın necə düşünməsindən asılı olmayaraq, Qərbin və ya Amerikanın buradakı rolu o qədər də böyük deyil. Paşinyan bunu anlayaraq, Rusiyanın qucağına tam oturdu. Bununla belə, Paşinyanın Rusiyaya münasibətinin loyal olduğunu düşünmürəm. Rusiyanı sevməsə də, ondan uzaqlaşa da bilmir, ona yaltaqlanmağa məcbur olur. “Sorosun uşağı” olduğu üçün Amerikadan da əl çəkə bilmir.
Bir tərəfdə Putinə xoş gəlmək üçün onu mədh edən Paşinyan digər tərəfdən Papikyanı Amerikaya göndərir ki, oradan gələn pulları və siyasi dəstəyi də əlində saxlasın. Çıxılmaz vəziyyətdə qalan Paşinyan situasiya uyğun olaraq yeri gələndə Rusiyaya, yeri gələndə də Amerikaya sığınır.
Eyni zamanda, Paşinyan Rusiyanın Ukraynada məğlub olacağını, tam zəifləyəcəyini və ya dağılacağını da düşünür. Ermənistan baş naziri də bu ehtimalla Amerika əlaqələrini güclü saxlamağa çalışır. Buna görə də ikili oyun oynayır. Paşinyan tərəflər arasında balans yaratmağa çalışsa da, bunu bacara bilmir, bu yolda böyük və strateji səhvlərə yol verir. Bu, özünü Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrdə açıq şəkildə göstərir.
- Xankəndiyə gələn erməni milyarder Ruben Vardanyanın fəallığı da diqqətdən yayınmır. Bir tərəfdə Paşinyan əleyhinə bəyanatlar verən Vardanyan digər yanda separatçılarla danışıqlar aparır. Vardanyan və onu Xankəndiyə göndərənlər nə etmək istəyirlər?
- Təbii ki, Xankəndiyə məqsədyönlü şəkildə gəlib. Guya bununla Rusiyanın diqqətini separatçıların durumuna və Ermənistana daha çox yönəldə biləcək. Vardanyanın bu gəlişində xaricdəki erməni lobbisinin də böyük rol oynadığını düşünürəm. Əslində Vardanyanın Xankəndiyə gəlişində şəxsi maraqları ön plandadır. O, Xankəndidə öz “çirkli pullar”ını yumaqla məşğuldur. Bununla da məhdudlaşmır, gəlmişkən, Qarabağı dünyaya “erməni torpağı” kimi göstərməyə çalışır. Amma bunların hamısı xülyadır, boş iddialardır.
Vardanyan özünü reklam etməklə yanaşı, Rusiyadan oğurladığı pulları gizlətməyə çalışır. Vardanyan ciddi fiqur deyil, həmişə kimlərinsə əllərində oyuncaq olub. Bu “oyuncaq”dan da şəxsi maraqlar üçün istifadə olunub. Vardanyanın orada çox qalacağını düşünmürəm, öz "missiya"sını başa vuran kimi dəbdəbəli həyatına geri dönəcək.