Səmərqənddə ən gərgin görüş hansı olacaq? – Tofiq Zülfüqarovun ŞƏRHİ

15-09-2022, 17:47           
Səmərqənddə ən gərgin görüş hansı olacaq? –
Özbəkistan şəhəri Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti zirvə toplantısına start verilib. İki gün davam edəcək toplantıya quruma üzv olmayan bir sıra ölkələrin liderləri də gəlib. Onlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev də var. Həm Ərdoğanın, həm də Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü də gözlənilir.

Azərbaycan Prezidentilə görüşdə məlumata görə, KTMT missiyasının Ermənistana səfəri kimi məsələlər müzakirə olunacaq.

Ərdoğanla Putin arasında olacaq görüşə gəldikdə, burada çoxsaylı məsələlərin müzakirəsi gözlənilir. Onlar arasında xüsusi yeri son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən erməni təxribatları tutur. Türkiyə mətbuatının yazdığına görə, görüşdə habelə Ərdoğan rusiyalı həmkarını növbəti dəfə Ukrayna lideri Volodimir Zelenski ilə görüşə dəvət edəcək. Ərdoğan həmçinin Putinə Türkiyənin Ukraynada davamlı atəşkəsə nail olmaq üçün əlindən gələni etməyə davam edəcəyi mesajını verəcək.

Bundan əlavə, iki ölkə prezidentlərinin danışıqlarının əsas məqamlarından biri də "taxıl dəhlizi"nin fəaliyyət göstərməsilə bağlı olacaq. Maraqlıdır ki, ŞƏT-in tədbirinə qonaq qismində Ermənistan baş naziri Paşinyan dəvət edilsə də, onun ölkəsindəki vəziyyətlə əlaqədar olaraq səfəri təxirə saldığı bildirilir.

TEREF.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Səmərqənddə gərgin görüşlərin olacağını gözləmir.

Çünki Paşinyan dəvət alsa da, qorxusundan tədbirə gəlməkdən yayınıb:

“Səmərqənddə Putinin Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri olacaq. Bu müstəvidə hər şey bəllidir. Ona görə də həmin görüşlərdə hər hansı bir gərginliyin olacağını görmürəm. KTMT-nin, ora üzv olan Rusiya və digərlərinin sərhəddə baş verənlərə münasibəti bəllidir.

Onlar bəyan edirlər ki, sərhədlər müəyyənləşməmiş vəziyyəti aydınlaşdırmaq lazımdır. Sərhəddə hansısa hadisələrin baş verdiyini deyərkən başa düşməliyik ki, şərti bir sərhəddən söhbət gedir. Ermənilər özləri də sərhədin haradan keçdiyini, hansı xəritələr əsasında onu müəyyənləşdirdiklərini sübut edə bilməzlər. Onlar müxtəlif dövrlərdə müxtəlif sərhədlər barədə bəyanatlar verir. Bu mənada görüşlər fonunda hər hansı bir gərginliyin olacağını gözləmirəm.

Paşinyan yaxşı başa düşüb ki, Səmərqənddə onun mövqeyini dəstəkləyən olmayacaq, ona görə də gəlməyərək qaçıb. Onun ümüdi BMT-də hansısa qətnaməni əldə etməkdir ki, bu da mümkün deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.