Aleksandr Musienko: “Biz silahımızı yerə qoymayacağıq” - MÜSAHİBƏ
21-09-2022, 12:16
Məlumatlar daxil olur ki, Ukraynanın bəzi vilayətlərində ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı qondarma “referendum”lar keçirilə bilər. Hətta tarix də deyilir - 23-27 sentyabr. Bütün bu xəbərlərin fonunda ekspertlər Ukrayna Silahlı Qüvvələrinin yeni əks-hücumunu proqnozlaşdırırlar.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində əməliyyata başladığı üçün “referendum”un keçirilməsi ilə bağlı əvvəlki proqnozlar özünü doğrultmadı. Ardınca Xarkov istiqamətində cəbhə yarıldı, Ukrayna ordusu vilayətin, demək olar ki, bütün ərazisini azad etdi. İndi isə qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nda, Zaporojye və Xerson vilayətlərində “referendum”ların keçirilməsindən danışılır. Azad edilmiş Xarkov vilayəti artıq siyahıda yoxdur. Lakin bu səsvermələrin dünyada tanınması ehtimalı azdır və Ukrayna ordusu, Kiyevin də bəyan etdiyi kimi, mübarizəni davam etdirəcək.
Oxu.Az şərh üçün Kiyev Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musienkoya müraciət edib.
- Gəlin Ukraynanın Xarkov vilayətində son uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatından başlayaq. Əksər ekspertlər üçün cəbhənin belə sürətlə yarılması və Rusiya qoşunlarının geri çəkilməsi sürpriz oldu. Niyə hadisələr belə cərəyan etdi?
- Bunun bir sıra səbəbləri var. Əvvəla, qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına sistemli şəkildə hazırlaşmış və bütün məqamlar incəliklə planlaşdırılmışdı. Düşmənin hədəflərinə, anbarlarına, komanda məntəqələrinə zərbələr endirilirdi. Əməliyyat üçün zəmin hazırlandı, Qərbdən aldığımız silahlardan istifadə olundu. Bundan əlavə, Ukrayna cənubdan (Xerson vilayəti - red.) hücuma keçməklə strateji cəhətdən rus ordusunu uğurlu şəkildə aldatdı. Rusiya şərqdəki, xüsusən də İzyumda cəmlədiyi birliklərini oraya köçürməyə məcbur oldu. Bundan istifadə edən Ukrayna ordusu isə hücuma keçdi. Sürpriz effekt yarandı ki, bu da Xarkov vilayətinin, demək olar ki, bütün işğal olunmuş ərazisinin azad edilməsinə və Rusiya ilə sərhədə çıxışa səbəb oldu. İndi ərazinin təxminən 6%-i müvəqqəti olaraq Rusiya Federasiyasının işğalı altındadır.
Təbii ki, burada Rusiya ordu rəhbərliyinin səhvlərini və düşmənin ruhdan düşməsi faktorunu qeyd etmək lazımdır. İzyumda və digər istiqamətlərdə Rusiyanın öz hərbi bölmələrini komplektləşdirə bilməməsi faktı da göz qabağındadır. Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti dəfələrlə rotasiya üçün xahiş və tələb irəli sürüb, lakin bu baş vermir. Ukrayna qoşunlarının əks-hücumları bu ruh düşkünlüyünü daha da gücləndirir.
Rusiyada yenidən qruplaşma, taktiki geri çəkilmə haqqında danışırlar - bütün bunlar doğru deyil. Vəziyyəti izləyən müstəqil “Oryx” müşahidəçilərinin hesablamalarına görə, təkcə Rusiyanın Birinci Tank Ordusu 100-ə yaxın tank itirib. Bu tanklar ya sıradan çıxarılıb, ya da döyüş meydanında buraxılaraq tərk edilib. Ümumiyyətlə isə tərk edilmiş bütün hərbi avadanlığın və döyüş sursatlarının miqdarına diqqət yetirin. Bütün bunlar onu göstərir ki, geri çəkilmə planı olmayıb, bu, Ukrayna Silahlı Qüvvələrinin təzyiqi ilə baş verib.
Moskva Rusiyanın İzyum bölgəsində bir aydan artıqdır formalaşan qoşun qruplaşmasına böyük ümid bəsləyirdi. Onlar cənuba, Donbasa doğru hərəkət etməli və Ukrayna Silahlı Qüvvələrinin operativ mühasirəsini yaratmalı idilər. Həmçinin cənubdan Zaporojye-Donetsk istiqamətində hərəkət edən hərbi qruplaşma ilə birləşməli idilər. Lakin bütün bu planlar həyata keçmədi. Ukrayna ordusu nümayiş etdirdi ki, Rusiyanın döyüşə hazırlıqlı ən yaxşı qüvvələrinə qarşı müqavimət göstərə bilər. Onlar döyüşdə məğlub edilə və ya mövqelərindən geri çəkilməyə məcbur edilə bilərlər.
- Bu əks-hücum sentyabrın ortaları üçün planlaşdırılan saxta referendumun qarşısını aldı. Xarkov vilayətində isə bu, ümumiyyətlə baş verməyəcək, çünki Ukrayna artıq əraziyə nəzarət edir. Ancaq indi yeni tarixlər açıqlanıb, lakin əhalinin əhəmiyyətli bir hissəsinin tərk etdiyi və inzibati vahidləri Rusiya Federasiyasının tam nəzarəti altında olmayan bir ərazidə “referendum”lar necə keçirilə bilər?
- Mən suala belə cavab verəcəm: doğrudan da, sentyabrın ortalarına keçirilməsi planlaşdırılan saxta referendum ideyası alt-üst oldu. İndi isə cənubda, Xerson vilayətində o qədər də sürətli olmasa da, Ukrayna qoşunlarının əks-hücumu baş verir. Bu, çox əhəmiyyətlidir.
- Ukraynanın indi müharibədə məqsədləri nədən ibarətdir? Onlar dəyişməyib ki? Bu, Krım və Donbas da daxil olmaqla bütün işğal olunmuş ərazilərin tam azad edilməsidirmi?
- Bəli, hədəflər dəyişməyib. Ukrayna Prezidenti Volodimir Zelenskinin dediyi kimi, vəzifə Ukrayna ərazilərini işğaldan azad etmək və beynəlxalq səviyyədə tanınan 1991-ci il sərhədlərinə çatmaqdır. Volodimir Zelenskinin bu yaxınlarda İzyuma səfəri və orada Ukrayna bayrağının qaldırılması bir daha göstərdi ki, biz silahımızı yerə qoymayacağıq. Ukrayna bayrağı Ukraynanın hər bir şəhəri və kəndi üzərində dalğalanmalıdır.
- Müharibə nə qədər davam edə bilər? Mən müxtəlif versiyaları oxumuşam. Bəzi analitiklər 2023-cü ildən danışır, digərləri isə səkkiz il davam edəcək hərbi əməliyyatları proqnozlaşdırırlar.
- Mən səkkiz il məsələsinə əmin deyiləm. Müharibənin indiki mərhələsini hələ fevral-mart aylarında bir çox müşahidəçilər üçün proqnozlaşdırmaq çətin idi. Rusiya ordusunun bir neçə istiqamətdə - Kiyev, Çerniqov, Xarkov istiqamətində geri çəkiləcəyini çox az adam gözləyirdi. Ancaq müharibənin 200 günündən sonra biz bütün bunları müşahidə etdik. İndi isə cənubda əks-hücum baş verir.
Mənə elə gəlir ki, indi Rusiyanın strategiyası vaxtı qışa qədər uzatmaq üçün müdafiəyə keçmək, Avropanı şantaj edərək Ukraynaya dəstək məsələsində Qərbin birliyini pozmaqdır. Bundan əlavə, Rusiya Federasiyası hesab edir ki, əlavə hərbi qüvvələrini toplayacaq və bu da ona hərbi əməliyyatları davam etdirməyə imkan verəcək. Bəli, müharibə 2023-cü ilə qədər də davam edə bilər, bizim vəzifəmiz möhkəm mövqelər tutmaq və sərhədlərimizi möhkəmləndirməkdir.