Paşinyan Bakı və Ankaraya zəng etsəydi... - Hulusi Kılıç
22-09-2022, 11:18
Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hulusi bəy, Vətən müharibəsindən sonra tərəflərin sülhə yaxılaşması müstəvisində irəliləyişin olduğu bir dönəmdə Azərbaycan-Ermənistan şərti dövlət sərhəddində erməni təxribatı nəyə hesablanıb?
- Avqustun 31-də Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə mühüm razılaşmalar əldə edildi. Həmin razılaşmaya əsasən iki ölkənin xarici işlər naziri bir ay içərisində sülh müqaviləsinin mətni üzərində işləməli idi. Eyni zamanda noyabrda liderlərin Brüsseldə növbəti görüşünün də keçirilməsi planlaşdırılırdı. Amma bu razılaşmalardan 12 gün sonra təcavüzkar erməni silahlı qüvvələri Laçın, Kəlbəcər, Daşkəsən, Zəngilan istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhəd xətti boyunca təxribatlara əl atdı.
Can Azərbaycanın Silahlı Qüvələrinin yerləşdiyi mövqelərə Ermənistan silahlı qüvvələrinin tərəfindən hücumlar edildi. Bu təxribatın nəticəsi olaraq Azərbaycanımızın 79 şəhidi və yararlılarımız var. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Sözsüz ki, Azərbaycanın güclü ordusu düşmənə lazımi cavabı verdi. 400-dən artıq Ermənistan silahlı qüvvələrinin hərbçisi məhv edildi. Ermənistanın hava hücumundan müdafiə sistemi, xeyli sayda hərbi texnikası sıradan çıxarıldı. Sentyabrın 14-də tərəflər arasında atəşkəs elan edilsə də Ermənistan daha əvvəl də olduğu kimi buna da əməl etmədi. 12-13 sentyabr gecəsi Ermənistanın baş naziri Nikol Paşinyan Vətən müharibəsi dövründə olduğu kimi telefona sarılaraq Fransa prezidenti Emmanuel Makrona, Rusiya prezidenti Vladimir Putinə, İran prezidenti İbrahim Rəisiyə, Avropa İttifaqının prezidenti Şarl Mişelə zəng etdi. Bununla yanaşı Paşinyan ABŞ dövlət katibi Entoni Blinken və Kollektiv Təhlükəsizlik Muqaviləsi təşkilatından (KTMT) kömək istədi. Amma əslində Paşinyan Parisə, Moskvaya, Brüsselə, Vaşinqtona zəng etmək əvəzinə Bakı və Ankaraya zəng edib prosesdən çıxa bilərdi.
- Sizcə, tərəflərin sülhə yaxın olduğu belə bir məqamda Azərbaycanla Ermənistan arasında bu prosesin uzanmasında kimlər maraqlıdır?
- Bu prosesi sözsüz ki, uzatmaq istəyən qüvvələr var. Çünki onlar indiyə kimi bu prosesin kənarında qaldılar. Məqsədləri mümkün qədər ölü və tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk Qrupunu yenidən diriltməkdir. Bu istiqamətdə olan təşəbbüslər açıq görünür. Eyni zamanda üç həmsədr ölkə arasındakı ciddi problem də diqqətdən yayınmır. ABŞ, Rusiya, Fransa arasında olan problemlər bu gün hər kəsə məlumdur. Bu baxımdan sərgilənən mövqelər bölgədə formalaşmaqda olan sülhə böyük zərbə vurur.
- Paşinyanın Şanxay sammitindən imtinasında kənar təsir rolu oldumu?
- Əslində Paşinyanın Şanxay sammitindən imtina etməsi başqa bir mövzudur. Çünki həmin vaxt erməni təxribatı baş vermişdi ki, buna qarşı da güclü Azərbaycan Ordusu sərt reaksiya verirdi. Paşinyan da məhz bundan qorxuya düşərək geri dönəndə vəzifəsində qalmamaq kimi bir narahatlıq yaşadığı müşahidə edilirdi. Eyni zamanda o, Özbəkistanda Vladimir Putin Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevlə görüşə bilərdi. Ordusu məğlub edilmiş bir lider kimi görünür, Paşinyan orada olmaq istəməyib. Ehtimal var ki, Avropadan Paşinyana Şanxay sammitinə getməməklə bağlı da bir təlimat verilmişdi.
- Ermənistanın son təxribatları fonunda Azərvbaycanla yaşanan gərginlik Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına necə təsir etdi?
- Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istər-istəməz arxa plana keçdi. Burada başlıca prinsip Azərbaycanla Ermənistan arasında imzalanan sülh müqaviləsidir. Bu da təbii ki, prosesə ciddi zərbə vurur. Burada başqa təsiredici amil isə Pelosinin Ermənistana səfəri oldu. Onun İrəvanda saxta "soyqırımı abidəsi"ni ziyarət etməsi məntiqsiz idi. Bizlər ona “bayan bəla” deyirik. Avqustun 2-də o, Tayvana səfərə getmişdi. Onun səfəri Çinlə böyük bir gərginlik yaratdı. İndi isə onun Ermənistana səfəri sözsüz ki, Rusiyaya qarşı açıq bir mövqedir. Ona görə də, bu yanaşmalar başa düşülmür. Sözsüz ki, bu səfər pislənilir. Atılmış bu addım həmçinin Pelosinin siyasi imicinə də ciddi zərbə oldu.
- Nensi Pelosinin indiki həssas dönəmdə İrəvana getməsinə nə qədər ehtiyac var idi?
- İndi başqa bir mövzu da soruşulur ki, Pelosi erməni lobbisindən nə qədər dollar alıb İrəvana getdi? Əslində bu sualın ünvanlanması da doğrudur. Çünki onun həssas bir dönəmdə İrəvana səfəri hələ də açıq qalır. Bu baxımdan Pelosinin İrəvanda tökdüyü timsah göz yaşları kino artislərinin obrazını xatırlatdı. Əslində onun İrəvanda etdiyi artistliyin, oynadığı rolun heç bir əhəmiyyəti yoxdur.
Bütün bunlara baxmayaraq Azərbaycan-Türkiyə olaraq biz bundan sonra da güclü bir şəkildə öz yolumuza davam edəcəyik. Birliyimiz gücümüzdə, gücümüz birliyimizdə olacaq.