“Onu itirdim, amma tamaşaçıların böyük sevgisini qazandım, acı taleyim olub...”
23-09-2022, 11:49
“Onu itirdim, amma tamaşaçıların böyük sevgisini qazandım, acı taleyim olub...”
“Mən bu adı, bu soyadı, bu imici, həyat tərzini özüm qazanmışam. Zorla müğənni olmamışam. Bir çox sənət nümayəndəsi kimi həddindən artıq acı sənət taleyim olub. Bəzən keçmiş fotolara, lentlərə baxıram, məni qəhər boğur, ağlayıram. İmkan vermədilər ki, layiq olduğum yerdə olum. Mən bunu itirdim. Onu itirməyimə rəğmən insanların sevgisini qazandım. Sənətdə dözmək, səbrli olmaq lazımdır. Allah məni səbrlə mükafatlandırıb. Hər zaman doğru zamanı, vaxtı gözləmişəm. Fikirləşmişəm ki, zaman gələcək, mənim demək istədiklərim, amma dilimə gətirmədiyim şeylər özü baş verəcək. Belə də olub”.
TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nisə Qasımova deyib. O, daha sonra əlavə edib.
“Bu gün incidiyim, küsdüyüm insanın da əgər yaxşı mahnısı varsa qulaq asıram. Sovet dövründə ara mahnıları oxuyanlara bu gün şükür edirəm. İndi dəbdə yalnız bayağı mahnılardır. Yutubda da onlara baxış sayı daha çox olur. İmiclə, geyinməklə sənətkar olmurlar. Gənc müğənni var ki, efirdə çıxıb sənətdən yox, şəxsi həyatından danışır. Özü də bilmir ki, verilişə niyə gəlib. Gənc sənətçinin illərini bu sənətə verən böyük sənətkara söz atması nə dərəcədə düzgündür?! Sən özün bilirsən ki, nə vaxtsa onun yaşına çatacaqsan, amma o müğənninin qazandığı hörmətin heç 1 faizini də sən qazanmayacaqsan. Gənclərin gələcəyini yaxşı görmək istəyirəm” deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, ilk şou proqramlar onun adı ilə bağlıdır.
“O vaxt şou-proqramlar hazırladığıma görə həmkarlarım, yaşıdlarım tərəfimdən qınaq atəşinə tutulmuşdum. Birdən-birə şou proqramla səhnəyə çıxdım. Bunu ilk dəfə mən etdim. Qərara gəldim ki, restoranlardan birində şou proqram edəcəyəm. Hansı ki, orada insanlar həm əylənirdilər, həm də musiqiyə qulaq asırdılar. Allah bunu nəsib etdi. Qətiyyətlə deyirdim ki, zalda iki tamaşaçı oldusa mütləq konserti başlayacaqsız. Daha demirdim ki, gözləyin, camaat gəlsin, içərisi dolsun. Sonra mən Moskvaya çıxıb getdim. Xəbərim olmadı ki, bu iş necə oldu” deyə sənətkar bildirib.