"Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın" - ŞOK AÇIQLAMALAR
23-11-2022, 16:24
Məşhur azərbaycanlı iş adamı Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova son günlər milyarderlə bağlı baş verən qalmaqallar, ona qarşı irəli sürülən ittihamlar, yazılan yazılarla bağlı sualları cavablandırıb.
O, Manset.az xəbər portalına eksklüziv müsahibə verib.
TEREF.AZ həmin müsahibəni təqdim edir:
Ruhəngiz xanım, siz Fərhad müəllimin köməkçisisiniz bilmək istərdik ki, o, hazırda evdədirmi? Səhhəti necədir?
- Bəli, evdədir. Səhhəti də çox gözəldir.
Özünü necə hiss edir?
Ümumiyyətlə ona qarşı hücumlar, təhdidlər var.
- Xeyr, xeyr. Bütün yazılanlar hamısı uydurma, cəfəngiyatdır. Biz oxuyuruq, gülürük.
Bəs onun saxlanılması ilə bağlı xəbərlər yayılıb?
- O, saxlanılma deyildi. Səhv məlumatdır. O, saxlanılmayıb, bir şahid kimi dəvət olunub.
Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdu?
- Bəli. Təbii ki, onu tutub əllərini qandallayıb aparmayıblar. Biri var adi bir adamı aparırlar, indi bu nüfuzlu bir şəxs kimi dəvət edirlər. Bu bir az fərqli baş verir. Bizim millət bunu anlamır.
Ev dustaqlığına buraxıldığı deyilir..
Ev dustağı necə rayona gedə bilər, Bakıya qayıda bilər?
Azərbaycan ərazisinin tərk edilməməsi ilə bağlı tapşırıq olduğu haqda məlumat var?
- Xeyr. Bu, cəfəngiyatdır.
Yəni, bu deyilənlərin hamısı yalandır?
- Deyirəm yalandır və təsdiq edirəm, yalandır. Sualınız varsa, Dövlət Təhlükəsizliyi Xidmətindən şəxsən məlumat ala bilərsiniz.
Orada heç kim təsdiqləməz ki, o, ev dustağıdır. O, imzalayıb ki, mən ölkədən kənara çıxmayacağam- belə bir sənəd filan imzalanmayıb. Yəni saxlanması ilə bağlı məlumatlar da yalandır, sadəcə şahid qismində söhbət edilib onunla.
Bilmək olarmı nə ilə bağlı dəvət edilib?
- Babək Səmidlinin məlum yayılmış səs yazısı ilə bağlı dəvət olunub.
Doğrudanmı o səs yazısı Fərhad müəllimə məxsusdur? O açıqlamanı alan, yayan Fərhad müəllimdir?
- Xeyr. Onu yayanlar digər adamlardır. Nə məqsədlə yayıblarsa, onu da DTX araşdırıb tapmalıdır.
Amma o səs yazısı Fərhad müəllimə məxsusdur, doğrudurmu?
- Siz internetdə görmüsünüz də, o məlumatı məndən niyə soruşursunuz? Bütün internetdə var ki, bu səs yazısı Fərhad Əhmədovdur. Yəni bu, internetdə artıq var.
Fərhad müəllimin o sualları Babək Səmidliyə verməkdə məqsədi nə idi? Niyə belə suallar verib onun səs yazısını yazıb?
Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədi hər an hər şey ola bilər, istəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa sonra cənab Prezidentə çatdırılsın.
Bəs necə oldu ki, bu yayıldı?
- Həmin məsələni müvafiq qurumlar hazırda araşdırır. Şəxsən özümə də çox maraqlıdır.
Bəlkə ola bilər Fərhad müəllim bu səs yazısını dost bilərək kiməsə göndərib ya necə olub, bəlkə dost bildiyi insanlardan zərbə alıb?
- Bəli. Təbii ki, o da ola bilər. Bu araşdırma artıq Fərhad Əhmədovun borcu deyil, müvafiq qurumların borcudur ki, bunu araşdırsın.
Fərhad müəllim müxtəlif media orqanlarında Rusiyaya cəsusluqda günahlandırılır? Bu barədə nə deyə bilərsiz..
- Fərhad müəllimi zatən Rusiya cəsusu adlandıran adam şəxsən özü cəsusdur, bunu deyə bilərəm. Göyçaydan aralanmayan bir adam cəsus ola bilərmi? 44 günlük müharibə zamanı mən onun köməkçisi kimi orduya yardım göndərilməsi barədə ondan o qədər tapşırıqlar alırdım.
Babək Səmidlinin Fərhad müəllimi Suqovuşana dəvət etməsinin səbəbi təşəkkürlə bağlı olub ki, buyurun gəlin baxın nələr baş verir, erməniləri necə əzirik.
Onlar dost olublar?
- Xeyr. Dost olmayıblar. 44 günlük müharibə zamanı Fərhad müəllimin orduya kömək göstərdiyi zaman Babək müəllim bilib ki, Fərhad müəllim nə cür insandır. Babək müəllim hərbçi, Fərhad müəllim biznesmen, onlar nə dost ola bilərlər.
Yəni münasibətlər belə başlayıb?
- Bəli, 44 günlük müharibədən başlayıb.
Bəs özü bu yazılanlar barədə məlumatlıdırmı? Özü nə deyir? Səsini eşitmək olarmı? Danışmaq olarmı?
- Xeyr. Təbii ki, olmaz. Hər adam durub media ilə bağlı bu sualları versə, bu adam təsəvvür edin..
Bəs özünün bu məsələyə reaksiyası necədir? Nədən bu gün bunlar baş verir?
- Özünün reaksiyası, məyus olub ki, bu məsələyə niyə belə bir don geyindirilib? Özünə də çox maraqlıdır ki, DTX araşdırsın və nəticəni görsün.
Nə qədər müddətdir Fərhad müəllim Azərbaycanda yaşayır?
- Son bir ildir buradadır. Bu adam istirahət etmir. Göyçayda "Malikanə" adlandırılan yerdə yaşayır. Göyçayda onun tikdiyi zavod, hotellər, restoranlar, fermalar, bütün təsərrüfat yerlərinə nəzarət edir. İşçilərin başının üstündə durur. İşçilər oradan pul qazanırlar, ailələrini dolandırırlar. Bu da orada təbii ki, onların başının üstündədir. İstirahət etmək üçün Bodruma, Amerikaya, İngiltərəyə, Fransaya getmək lazımdır.
Ramiz Mehdiyevlə sövdələşmə getdiyi barədə nə deyə bilərsiniz?
- Onu mən 10 dəqiqə bundan qabaq oxudum. 20 ildir Fərhad müəllimlə bərabər işləyirəm, Ramiz Mehdiyev adını ancaq internetdə və televiziyada eşitmişəm. Fərhad müəllimlə heç indiyə kimi nəinki bağlılığı, onun adı onun yanında zatən heç hallanmayıb.
Bəs Nar Festivalı vaxtı bilavasitə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin vasitəsilə Ramiz Mehdiyevlə Fərhad Əhmədovun görüşü təşkil edildiyi bildirilir. Orada müxtəlif sövdələşmə getdiyi bildirilir. Bu məlumatlar yalandır?
- Hörmətli Əli bəy, dünən sizi şəxsən mən Cenifer Lopezlə bərabər Bakıda görmüşəm. İnanırsınız buna? Eyni şeydir. Başa düşdünüz nə demək istəyirəm? Mən gülürəm bu söhbətlərə.
Ramiz Mehdiyev həmin dövrdə prezident administrasiyasının rəhbəri idi və yəqin ki, Fərhad Əhmədov onunla görüşmək üçün can ata bilərdi?
- Fərhad Əhmədov heç zaman Ramiz Mehdiyevlə görüşmək istəməyib. Zatən ona aid bir işi olmayıb. Fərhad müəllimin görüşü olub cənab Prezidentlə.. Ramiz Mehdiyev nəyinə lazımdır Fərhad Əhmədovun?!
Cənab Prezidentə çıxışı olan adama Ramiz Mehdiyev kimi adamlar lazımdırmı? 2020-ci ildə Fərhad müəllimə Rusiya ilə əlaqələrin inkişafındakı xitmətlərinə görə cənab Prezident "Dostluq" ordenini verib. Bunu Ramiz Mehdiyev verməyib ki..
Bir də Fərhad Əhmədovun Ramiz Mehdiyevin evini çox baha qiymətə alması ilə bağlı məlumatlar var. Bu məlumat doğrudurmu?
- Ramiz Mehdiyevin evini bəlkə başqa bir hansısa Fərhad Əhmədov almış ola bilər. Amma mənim şefim Fərhad Əhmədov Ramiz Mehdiyevdən heç vaxt ev almayıb.
Mediada belə bir məlumat var idi ki, Ramiz Mehdiyevin Göyçayda yerləşən evini həmin o görüş baş tutandan sonra Ramiz Mehdiyevin özü Fərhad Əhmədova çox baha qiymətə təklif edib və o da nüfuzdan istifadə edərək alıb onun evini baha qiymətə. Ona görə bilmək istəyirdim. Bəlkə də kiminsə vasitəsilə alıb?
- Cəfəngiyatdır, boş söhbətdir.
Bəs Fərhad müəllimin indi özünün oturduğu ev, özünün bilavasitə tikdirdiyi evdir ya necə? Onu da deyirlər ki, Ziya Məmmədovdan satın alıb. Bu məlumatlar doğrudur?
- Ziya Məmmədova gəldikdə isə, Ziya Məmmədova məxsus torpaq sahəsi satışda olub, bəli. Bu, gizli bir məlumat da deyil. Burada nə cür qəbahət iş var? Ziya Məmmədova məxsus torpaqlardan biri Fərhad müəllim Göyçayda oturduğu üçün Göyçayda Potu kəndində olan torpağı satışda olduğu üçün alıb. Ziya müəllimin bilmirəm qardaşı və ya kimlər tərəfindən satışa olan zaman. Normal bir şeydir. Nə var burada? Bayaq dediyiniz Ramiz Mehdiyevi mən tamamilə yox deyirəm. Amma Ziya Məmmədovla bəli. Ziya Məmmədova məxsus, heç ona da məxsus deyildi səhv etmirəmsə, qardaşınamı məxsus idi. Siz bilirsiniz sənədlərdə kimə məxsus olub. Çox normaldır. Torpaq sahələri satılıb. Torpaq sahələri niyə maraqlandırıb Fərhad müəllimi? Çünki orada nar bağları var imiş. Həmin torpaq sahəsində Fərhad müəllim özü özünə ev tikib.
ƏLAVƏ: Mən Fərhad Əhmədovu bir dəfə Rusiyada tədbirdə görmüşəm. Uzaqdan salamlaşmışıq və mənim çox böyük hörmətim var. Ən azından insan iş yerləri yaradıb. Manşet.az-ın baş redaktoru kimi istədim ki, bu məsələyə aydınlıq gətirək.
İnsanın reputasiyasına zərbə vuranlar özləri paylarını alacaqlar bir insan kimi. Bilirsiniz necə, kimsə bir komanda verib, qara piarı yaymağa başlayıblar. Kimlərdir hamısı araşdırılacaq, adlar çıxacaq ortaya. Mən belə adamları artıq görmüşəm. Birinci dəfə deyil. Sonra həmin adamlar gəlirlər, tülkü kimi üzr istəyirlər, "qələt eləmişəm, səhv demişəm, məni səhv yönəldiblər" - deyə-deyə həmin Fərhad Əhmədovdan üzr istəyəyiblər. Bu şeyləri mən görmüşəm, görə-görə gəlmişəm.
Təşəkkür edirəm!
Buyurun, sizdə sağ olun, ilk jurnalistsiz ki, mənə zəng vurduz olanları danışdım. Mən 20 ildir Fərhad müəllimin köməkçisiyəm. Ona görə də yazılanlar barədə danışdım.