Nizami Orucov: “Nə demişəmsə, hamısını şüurlu şəkildə demişəm, bilərəkdən qıcıq oyadıram, mübahisə qaldırıram...”

22-05-2023, 12:18           
Nizami Orucov: “Nə demişəmsə, hamısını şüurlu şəkildə demişəm, bilərəkdən qıcıq oyadıram, mübahisə qaldırıram...”
Tanınmış psixoloq Nizami Orucov sosial şəbəkələrdə paylaşdığı videolara görə tənqid olunur. Bildirilir ki, psixoloq tez-tez qeyri-etik ifadələr səsləndirir, içkinin təbliğatıbı aparır, "tupoy" deyib xalqı təhqir edir... Bir neçə gün öncə "Leyli və Məcnun" barəsində səsləndirdiyi fikirlər isə N.Orucova qarşı tənqidləri daha da artırıb...

Pravda.az bununla bağlı N.Orucovun fikirlərini öyrənib.

Psixoloq saytımıza verdiyi açıqlamada deyib ki, videoları çəkib paylaşmaqda məqsədi var: “Amma bu məqsəd məni tənqid edənlərin nəzərdə tutduğu “məqsəd” deyil. Mən ölkədə standart psixoloq obrazını aradan götürən hələlik ilk və yeganə insanam. Göstərməyə çalışıram ki, psixoloq bir mütəxəssisdir və insana nə üçün lazımdır. İzah edirəm ki, psixoloq peyğəmbər, yaxud ideal insan deyil. O, öz kabinetində professional xüsusiyyətləri ilə insanların həyatına köməkçi olur. Təbii ki, bunun üçün psixoloji təhsil, praktika da olmalıdır. Psixoloqlar bəzən qəbula gələn adamların qarşısında prokuror kimi böyük masa arxasında otururlar. Sanki rəisdir, dövlətin naziridir. Bir çox vaxtlarda psixoloqlar insanların həyatına birbaşa direktiv məsləhətlərlə müdaxilə edirlər. Mənim ixtisasım həm psixoloq, həm də psixologiya müəllimliyidir. Hazırda bizim cəmiyyətdə fəaliyyət göstərən psixoloqların 90-95%-i psixoloq işinin nədən ibarət olduğunu doğru-düzgün bilmirlər. Mən də buna etiraz əlaməti olaraq qarşıma standart psixoloq obrazını aradan götürmək məqsədi qoydum. Göstərməyə çalışdım ki, mən də bir insanam, mənim də pis vərdişlərim ola bilər, nəyisə səhv düşünə bilərəm. Bütün videolarımda nə demişəmsə, hamısını şüurlu şəkildə demişəm. Bilərəkdən qıcıq oyadıram, mübahisə də qaldırıram. Çünki bu cəmiyyətin stereotipləri, həmçinin fərqli fikrə yanaşması düşmən səviyyəsindədir. İctimai çıxışımda rahatlıqla deyə bilərəm ki, spritli içki içməyin, sağlamlığa çox böyük ziyandır. Başqa bir videoda isə deyə bilərəm ki, “çaxır” insana xeyirlidir. Çünki biz bir şeyi inkar edəndə onu təsdiqləmiş oluruq. Təsdiqləyəndə isə sanki inkar etmiş oluruq. Yəni hər zaman hər şeyə iki yanaşma var. Seksual mövzularla bağlı videolarım var idi. Həmin videolarda intim gellərə xırda bir izah verirəm. İnsanlar isə şərhlərdə yazıblar ki, bunu istifadə edən kişi deyil. Buna görə də mən “tupoy” sözünü istifadə edirəm. Əslində bu sözün mənası cahil deməkdir. Məsələnin gülməli tərəfi budur ki, bir-iki dəfə videolarımda bilərəkdən “cahil” sözünü istifadə etdim. Ona reaksiya gəlmədi, amma “tupoy” deyəndə insanlar qıcıqlanır. Videolarımın birində kasıbları maarifləndirməyə çalışırdım. Ünvanıma qəribə sözlər yazdılar. Növbəti videoda birbaşa müraciət etməli oldum ki, ay “tupoy”, mən sənin həyatını xilas etməyə çalışıram, sənsə bu “tupoy”luqdan çıxmaq əvəzinə mənə qarşı hücuma keçirsən. Bilirsiniz, bizim cəmiyyədə əqli inkişaf baxımından geridə qalmış olduqca çox insan var. “Ali təhsilli “tupoy”lar” sözünü də mən videolarımda istifadə etmişəm. Bu söz artıq çox adamın dilinə düşüb, fikir verirəm. Bizim ali təhsilli insanlarımızın belə böyük əksəriyyətinin dünya görüşü yoxdur. Nə bədii ədəbiyyat oxuyurlar, nə də özlərini inkişaf etdirməklə məşğuldurlar. Təbii ki, dayanmadan öz üzərində işləyib inkişaf edən, xaricdə təhsil alan, yaxud ucqar kənddə şəraitinin olmamasına baxmayaraq, min bir əziyyətlə özünü inkişaf etdirən insanları nəzərdə tutmuram. Onları gözdən çıxarmış olmuram. Mərifət, qanacaq sahibi, dürüst insanlarımız da var. Sadəcə, kütləvi şəkildə danışıram, çünki çoxluq bir az başqa şey təşkil edir...”

Psixoloq Yeni ilin qeyd edilməsinə qarşı çıxan dindarlarla bağlı videosuna görə tənqid edilməsindən də danışıb: “Bu məsələlərə bizim cəmiyyət ancaq birtərəfli baxır. Dini baxışlara görə uşaqları bayramdan məhrum etmək... Guya il ərzində neçə gün sevinə bilirik ki? Yeni ilin özündə də heç sevinə bilmirik. Bunlar həyatı daha da maraqlı etmək üçün simvolik şeylərdir. Get-gedə dini xurafata, savadsızlığa, dini radikallığa meyl etdikcə bu cəmiyyət yaşanmaz bir yer olacaq. Mən bunu indidən görürəm. Belə şeylər sonradan təhlükəli keçidlərə səbəb ola bilər. İndi, bəlkə, bir çox insan başa düşmür. Söhbət təkcə Yeni ildən getmir. Yeni ilə Novruz, Novruza 8 Mart da əlavə olunur... “Müsəlmanın iki bayramı var, vəssalam” deyib, sadəcə, bu cür şərh bildirirlər. Üç-beş ilə başqa şeylər də edə bilərlər. Yeni ildə “yolka” yandıranlar var. Cəmiyyət indidən ayıq olsa, yaxşıdır. Azərbaycanda fərqli-fərqli ölkələrin dini üzərindən təsir yaratmağa qarşı cəmiyyətdə immunitet olmalıdır. Millət olaraq başımızı itirməməliyik...”

Aytəkin Qardaşova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.