Geri sayım başladı: Xankəndi ilə bağlı qəti addım atılacaq - Ekspert danışır
23-05-2023, 10:47
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
TEREF.AZ onunla müsahibəni təqdim edir:
- Ermənistan Baş naziri Nikol Paşinyan tezliklə sülh sazişinin imzalanacağına ümid etdiyini dedi. Eyni zamanda, bununla bağlı “Bakı-Xankəndi dialoqu” kimi qəbuledilməz fikrini də təkrarladı. Sizcə, Ermənistan baş nazirinin gündəmdə saxlamağa çalışdığı bu tezisi nəyə hesablanıb?
- Bu, çox hiyləgər və bir o qədər də təhlükəli mesajdır. Bunun altında erməni hiyləgərliyi ilə yanaşı, onu himayə edən Rusiya və Fransa bicliyi gizlənib. Paşinyan sülh müqaviləsinin qarşısındakı əngəllərin götürüldüyünü hesab edir. Beləliklə, “Qarabağ ermənilərinin taleyi” məsələsini ortaya atır. Bununla bağlı “beynəlxalq mexanizm” deyilən bir ifadə işlədir. Bununla da Qarabağ məsələsini yenidən problemə və beynəlxalq müstəvidə müzakirə obyektinə çevirmək üçün müxtəlif hiylələri işə salmağa çalışır. Buna görə də “Bakı-Xankəndi dialoqu”nu gündəmə gətirir.
Əlbəttə, Azərbaycan nə baş verdiyini bilir. Prezident İlham Əliyevin də dediyi kimi, heç kimin bu məsələyə burnunu soxmasına imkan və icazə verməyəcəyik. Bu insanlarla dialoq qurmağı özümüz bacarırıq. Bunun üçün təcili şəkildə Ermənistan ordusunun qalıqları ərazimizdən çıxarılmalıdır.
İkincisi, sıravi erməni əhalisi separatçı əhval-ruhiyyəli liderlərinin təsirindən uzaqlaşdırılmalıdır. Həmin şəxslər Qarabağ ermənilərindən təcrid edilməlidir. Rəsmi Bakı bu istiqamətdə iş aparır.
Qarabağ erməniləri arasındakı müəyyən şəxslərlə əlaqələrin olması barədə məlumatlar gəlir. Onların arasında general Balasanyan, eləcə də Samvel Babayan var. Bu şəxslərin Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasının tərəfdarı olduqları bildirilir. Zənnimcə, ən azı Müdafiə Nazirliyi səviyyəsində onlarla əlaqə var.
Bəli, sülh yolundakı maneələr götürülür. Amma Rusiyanın yenidən təşəbbüsü ələ almağa çalışması adama arabanın beşinci təkərini xatırladır. Öz maraqları və inhisarçı mövqeyi ön planda olduğu üçün Rusiyanın başlatdığı prosesin işə xeyir gətirəcəyini söyləmək çox çətindir.
- Bu situasiyada keçiriləcək Moskva görüşündən nə gözləyirsiniz?
- Əvvəla onu deyim ki, Brüssel və Vaşinqton proseslərində xeyli məsafə qət edilib, çoxsaylı məsələlər müzakirə olunub, kompromisə gəlinə biləcək nöqtələr müəyyənləşdirilib, bəzilərində isə razılaşma əldə olunub. Nəticədə sülhyaratma prosesində müəyyən irəliləyiş var.
Bəs Rusiya nə edəcək? İndi Rusiya kommunikasiya və sərhəd məsələlərini gündəmə gətirir. Hətta Lavrov iddia edir ki, sülh müqaviləsini imzalamağa yaxındırlar. Hər halda Qərblə koordinasiya edilməmiş və Rusiyanın “yeganə moderator rolu”nu saxlamağa hesablanmış bu təşəbbüsün Brüssel və Vaşinqton proseslərin xələl gətirib-gətirməyəcəyi düşündürücüdür.
Hesab edirəm ki, Rusiya yenə də Qarabağ erməniləri ilə bağlı cığallıq edəcək, yenə də bölgədə qalmaq üçün min bir oyundan çıxacaq. Buna görə də Moskva görüşündə sülh müqaviləsi ilə bağlı prinsipial razılaşmanın əldə ediləcəyini gözləmirəm.
- Separatçılar yenə də bir yol tapıb Rusiya sülhməramlılarının köməyi ilə Qarabağın dağlıq hissəsinə silah-sursat daşıyırlar. Azərbaycanın bundan əvvəlki belə daşımalara cavabı tutarlı olmuşdu: həm həmin yolları bağlamışdıq, həm də bu yolların ətrafındakı strateji yüksəkliklərə nəzarəti bərpa etmişdik. Bu dəfə hansı cavabı verə bilərik?
- Qəribəsi budur ki, bu silah daşımalar və Rusiya sülhməramlılarının Ermənistan ordusunun bölgədəki qalıqlarına himayədarlığı açıq hal alıb, bunu nümayişkaranə şəkildə edirlər. Bu silah daşımaları olanda xarici işlər nazirləri Moskvada görüşürdülər. Rusiya artıq bəzi addımları insanların əsəblərinə təsir edə biləcək qədər açıq formada atmağa başlayıb. Sanki “bölgənin hakimi” imiş kimi davranır.
Azərbaycan bu məsələni yoluna qoyacaq. Çünki həmin ərazilərin ətrafında hərbi birləşmələrimiz var. Bundan başqa, ordu hissələrimiz strateji yüksəkliklərdə yerləşiblər. Həmin nöqtələrdən həm Ermənistan silahlı qüvvələrinə, həm də onları müşayiət edən Rusiya sülhməramlılarına əvvəlcə ultimatum verib, ardınca da, bu xəbərdarlığa məhəl qoyulmasa, adekvat addımlarla buna son qoyulacaq.
Biz ayın sonunu – Türkiyədəki seçkilərin yekunlaşmasını və Moskvadakı danışıqların nəticələrini gözləyirik. Bunlar başa çatdıqdan sonra Azərbaycan öz tədbirlərini görəcək. Ərazimizdəki qeyri-qanuni silahlı birləşmələrin çıxarılması istiqamətində qəti addımlar atılacaq. Eyni zamanda, Xankəndi və ətrafında yaşayan ermənilərin inteqrasiya və reinteqrasiya prosesinin həyata keçirilməsinə başlanılacaq.
Şübhəsiz ki, bunlar ilk növbədə danışıqlar yolu ilə olacaq. Bu posesi pozmağa çalışanlara qarşı güc tətbiqi də istisna deyil.
- Türkiyə seçkilərinin ikinci turunda qələbə qazanması ehtimalı yüksək olan Prezident Rəcəb Tayyib Ərdoğanın qarşıdakı dövrdə Azərbaycan, ümumən Cənubi Qafqaz siyasəti necə ola bilər?
- Zənnimcə, Ərdoğanın yenidən seçilməsi ermənilərin başına bir qazan qaynar su tökülmüş təsiri bağışlayacaq. Onların könlündən hələ də Kılıçdaroğlunun qələbəsi keçir. Amma Ərdoğan qalib gəlib, daşlar yerinə oturduqdan sonra bölgədəki vəziyyət sürətlə dəyişməyəcə başlayacaq.
Türkiyənin Ermənistana təzyiqləri artacaq, biz də konkret hədəflər üzrə konkret addımlar atacağıq. Beləliklə, Azərbaycan və Türkiyənin koordinasiyalı addımları Ermənistanı və onun havadarlarını geri çəkilməyə məcbur edəcək. Bundan sonra sülh müqaviləsinin imzalanması və Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası ilə bağlı ciddi gəlişmələrin olacağını proqnozlaşdırmaq mümkündür.