Fars rejiminin Azərbaycana qarşı riyarkar siyasəti: “İran susqundur, lakin sakitləşməyib...” - ŞƏRH
23-05-2023, 13:46
“İranın Azərbaycana qarşı təxribatları uzun müddət davam etdirməsi ehtimalı var”.
Bunu ABŞ Prezidenti Co Baydenin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müstəqillik günü ilə bağlı yazdığı məktubda İranla bağlı bir sıra mesajlar verməsini şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Baydenin İlham Əliyevə yazdığı məktubda iki tərəfli münasibətlərə, regional məsələlərə toxunması təsadüfi hal deyil:
“Son zamanlar ABŞ-nin İranla münasibətlərinin kəskinləşməsi özünü daha qabarıq formada göstərir. İranın illərdir Azərbaycanla olan münasibətlərin gərgin məcrada davam etməsinə yaratdığı şəraiti xüsusi qeyd etmək lazımdır. Və atdığı addımların birmənalı olaraq Azərbaycanın təhlükəsizlik konsepsiyasına zidd olduğunu vurğulamaq lazımdır. İranın iki ölkə arasında münasibətlərin normallaşdırılmasına maraqlı olmaması vəziyyətin gərgin qalması ilə nəticələnib.
İranın susqunluğu bir müddətdir müşahidə olunur, lakin sakitləşməyib. Əl altından Azərbaycana qarşı təxribatlarını davam etdirir. Bu təxribatların uzun müddət davam etməsi ehtimalı var.
Azərbaycanın İranın qarşısına qoyduğu şərtlər var. Azərbaycan hər hansı dövlətə, yaxud güc mərkəzlərinə öz üzərindən qonşu ölkələrə qarşı istifadə edilməsinə imkan vermir. Ancaq özünə qarşı da hər hansı qeyri-səmimi addımların baş verməsinə tolerant yanaşmır”.