“Ərazi bütövlüyümüzün tanınması münaqişənin yekun həlli hesab edilməməlidir” - Ekspert danışır

24-05-2023, 00:01           
“Ərazi bütövlüyümüzün tanınması münaqişənin yekun həlli hesab edilməməlidir” - Ekspert danışır
Ermənistanın Baş naziri Nikol Paşinyan dünənki mətbuat konfransında bəyan edib ki, İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağı da əhatə edir, lakin “erməni əhalisinin təhlükəsizliyini təmin etmək şərti ilə”. TEREF.AZ-ın məlumatına görə, onun açıqlamasını AYNA-ya şərh edən politoloq Rauf Mirqədirov düşünür ki, ümumiyyətlə, Paşinyan yeni heç nə deməyib: “O, son bir ildə bu və ya digər formada bu fikri təkrarlayır. Həmişə deyirdi ki, Ermənistan Azərbaycan SSR-in inzibati sərhədi miqyasında, Qarabağı qeyd etmədən Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Və bu dəfə o, Qarabağı xüsusi qeyd edib. Bu, birincidir”.

“İkincisi, əlbəttə ki, Paşinyanın və Ermənistanın əvvəlki liderlərinin mövqelərində müəyyən fərq var. Ən sülhsevər Prezident Levon Ter-Petrosyan hesab oluna bilər ki, o da demişdi ki, Ermənistan və Azərbaycanın heç bir ərazi problemi yoxdur - rəsmi Bakı ilə Qarabağ erməniləri arasında problem var və əgər Azərbaycan bu məsələni həll edə bilirsə, qoy gedib həll etsin. Amma eyni zamanda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Ermənistan açıq şəkildə bəyan edirdi ki, o, “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu” dəstəkləyir. Yəni, Paşinyanın sözləri Ermənistanın əvvəlki liderlərinin mövqeyindən ciddi fərqlənir”, - deyə həmsöhbətimiz bildirib.

Siyasi şərhçi üçüncü məqama da toxunub: “Nə qədər qəribə səslənsə də, Azərbaycanın siyasi elitasında və ictimaiyyətində ölkənin ərazi bütövlüyünün, o cümlədən Qarabağın ölkəmizin ərazi bütövlüyü çərçivəsində tanınmasının ümumilikdə münaqişənin həlli yolu olacağı ilə bağlı illüziyalar olmamalıdır. Bu, heç bir halda belə deyil. Məsələ ondadır ki, bu məsələ dövlətlərarası münasibətlərin predmeti olmaqdan çıxır və dövlətdaxili məsələyə çevrilir. Azərbaycan bu məsələni bu və ya digər şəkildə həll etməlidir. Bu, hətta “öz müqəddəratını təyinetmə” məsələsinin gündəmdən düşdüyü anlamına da gəlmir. Belə bir tələblə, inanıram ki, ilk növbədə Moskvadan gələcək beynəlxalq təzyiqlərlə Qarabağ erməniləri önə çıxarılacaq. Moskva bu münaqişə ocağının saxlanmasında maraqlıdır, çünki bu vəziyyət həm Bakıya, həm də İrəvana təzyiq alətidir”.

Mirqədirovun sözlərinə görə, Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək şərti ilə, daha yaxşısı beynəlxalq mexanizmlə şərtləndirir: “Bu, kifayət qədər proqnozlaşdırıla bilən və az-çox əsaslandırılmış tələbdir. Nəzərə alsaq ki, hazırda real vəziyyətə mahiyyətcə işğalçı olan rus “sülhməramlıları” nəzarət edir, bu məsələ daim Azərbaycan üçün mənfi istiqamətdə gündəmə gələcək. Və bu mənfi tendensiyaları neytrallaşdırmaq mümkündür, lakin bu, Bakı və İrəvan tərəfindən böyük səylər və koordinasiyalı fəaliyyət tələb edir. Prinsipcə, son vaxtlar Bakı və İrəvanın sülh sazişi ilə bağlı səsləndirdiyi nikbin bəyanatlar kifayət qədər ümidvericidir, lakin bu, problemin yekun həlli deyil”.

“Rusiya problemin saxlanmasında maraqlıdır və bu vəziyyəti saxlamaq üçün hər şeyi edəcək. Hazırda Rusiya tərəfinin minimum vəzifəsi münaqişənin həllində moderatorluğun Qərbə ötürülməsinin qarşısını almaqdır. Və maksimum vəzifə odur ki, regionda siyasi təsirini gücləndirsin və imkan daxilində bütün kommunikasiyaları, sərhədləri hərbi nəzarətə götürsün. Düşünürəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və liderlərinin Moskvada gözlənilən görüşü də Rusiyanın Qərbin səylərini neytrallaşdırmaq vəzifəsinə xidmət edəcək”, - deyə analitik vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.