“O, Razi Əliyevaya evlilik təklif edibsə, bu, xəyanət deyil, dinimiz dörd arvad almağa icazə verir...” - AÇIQLAMA

1-06-2023, 10:30           
“O, Razi Əliyevaya evlilik təklif edibsə, bu, xəyanət deyil, dinimiz dörd arvad almağa icazə verir...” - AÇIQLAMA
“Razi Əliyeva özünü müdafiə etmə imkanına malik ola bilməyən qadınlardan deyil ki, onu döysünlər, o da sakit qalsın, müqavimət göstərməsin. Sözün düzü, başa düşə bilmirəm, artıq polisə vermisənsə, bunu niyə ictimailəşdirirsən? Məsələni ictimailəşdirməyin mənası nədir? O halda başa düşülərdi ki, hadisəni törədən adam məmurdur, tanınmış adamdır, ondan qorxursan. Sosial şəbəkədə oxuduqlarımdan belə başa düşdüm ki, Razi Əliyeva hazırda heç ölkədə yoxdur. Həqiqətən belə qorxu, stress altındasansa, necə olub ki, ölkədən çıxıb getmisən? Burada müəyyən suallar var...”

Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, kişilərin qadınları döyməsinin əleyhinədir: “Xüsusən bu şəkildə. Bu, problemdir. Mənim dörd qızım var, mənim üçün də vacib məsələdir. İstəmirəm ki, kişilər qadınları bu hala salsınlar. Sadəcə, ortada suallar var: qadın niyə bunu ictimailəşdirir? Bəzən görürəm, sakit, evdar qadındır, əri onu döyür, söyür, o da cavab verə bilmir, qorxur, çünki çox asılı vəziyyətdədir. Amma bu xanım kişidən asılı vəziyyətdə olan xanıma oxşamır. İnternetdə onun haqqında bir az araşdırdım... Məsələyə sırf bu prizmadan baxmalıyıq. Təbii ki, kimsə kiməsə qarşı zor tətbiq edibsə, qanun qarşısında cavab verməlidir - belə fakt doğrudan da varsa... Biz bilmirik, Razi Əliyeva belə deyir. Hadisənin səbəbləri müəyyən olunmalıdır. Qadın deyir ki, qısqanclıq zəminində baş verib. Deyir də... Çox şey deyə bilər. Əslində ola bilər ki, belə deyil, başqa səbəblər var”.

Ə.Həsənov əlavə edib: “Son zamanlar belə müşahidə edirəm ki, qadınlar özlərini çox dikbaş apardıqları, ərlərini təhqir etdikləri üçün ərləri onları döyür. “Çox pul gətir”, “bunu istəyirəm, onu istəyirəm”, “sən pis kişisən” və s. Son vaxtlar belə şeylər eşidirəm. Təbii, bu, o demək deyil ki, başqa misallar yoxdur. Bəzi kişilər var ki, ağlı başında deyil, yeri oldu-olmadı qadına qarşı zor tətbiq edir, psixoloji problemləri var. Hər bir halda məsələyə konkret baxılmalıdır. Əks tərəfin də fikri öyrənilməlidir. Razi Əliyeva barəsində “əxlaqsız”, “pis qadın” kimi ifadələrin işlədilməsinə gəlincə, bu, onun öz şəxsi işidir. Bu məsələlərə qarışmaq istəmirəm. Kişiyə gəlincə, təbii ki, həyat yoldaşına xəyanət edirsə - hələ bunu da bilmirik - yaxşı hal deyil. Amma məsələnin başqa tərəfi də var. Doğrudan da, Razi Əliyevaya evlilik təklif edibsə, axı bu, xəyanət deyil. Dinimiz bizə dörd arvad almağa icazə verir. Xəyanət bunun harasındadır? Xəyanət başqa şeydir. Məşuqə kimi saxlamaq və sair... Yenə də deyirəm, bilmirik, dəqiq məlumat yoxdur. Hesab edirəm, hamımız çalışmalıyıq ki, ikiüzlü və riyakar olmayaq. Dünyanın istənilən nöqtəsində - İslam dünyasında da, sosializm quran Çində də, liberalizm quran Qərbdə də, rus dünyası quran Rusiyada da kişi və qadın təbiəti eynidir. Kişilər poliqandır, yəni onlar bir qadınla yox, daha çox qadınla bir yerdə olmağa meyillidirlər. İslam dünyasında bunu rəsmi edirlər. Digərlərində isə əksinə, bəzən ümumiyyətlə doğmurlar, özləri üçün gəzirlər. Bunun hansı düz, hansı səhvdir, qoy cəmiyyət qiymət versin. Amma fakt budur, kişilərin 99%-i belədir. İstisnalar azdır. Qadınlar “kişilər belə etdi” deyəndə yenə başa düşürəm, amma kişilər bunu deyəndə təəccüblü gəlir. Təbiidir, cəmiyyətimizdə kişilərin rolu get-gedə zəifləyir, öz sözlərini deməyə qorxurlar, hamıya bəlli olan həqiqətləri gizlədirlər, demirlər”.

Aytəkin Qardaşova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.