“TÜRKİYƏ İLƏ SƏRHƏDİN AÇILMASI ERMƏNİSTANIN XEYRİNƏDİR” – SUKİASYAN
1-06-2023, 13:44
Millət vəkili Ankaranın Ermənistan aviaşirkətləri üçün səmanı bağlaması ilə bağlı yaranmış vəziyyəti şərh edib.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, deputatı Xaçatur Sukiasyan deyib ki, erməni təyyarələri üçün Türkiyə səmasının qapalı olması məsələsini ölkənin aviasiya idarələri avropalı və regional həmkarları ilə birlikdə həll etməlidir.
Sukiasyanın ailəsinə məxsus Ermənistanın “FlyOne” aviaşirkəti aprelin 29-dan etibarən İstanbul və bir sıra Avropa ölkələrinə uçuşları həyata keçirmir, çünki Türkiyə Ermənistan təyyarələrinin öz hava məkanını keçməsini qadağan edib. Türkiyə həmçinin Ermənistanın baş naziri Nikol Paşinyana xidmət edən “Air Force One” üçün hava məkanını da bağlayıb.
“Bu məsələni Ermənistanın Nəqliyyat Nazirliyi və aviasiya hakimiyyət orqanları avropalı və regional həmkarları ilə birlikdə həll etməlidir”, – Sukiasyan bildirib.
Millət vəkili qeyd edib ki, əvvəlki kimi o, Ermənistan-Türkiyə sərhədlərinin açılmasının və iki dövlət arasında münasibətlərin normallaşmasının tərəfdarı olaraq qalır.
Siyasətçi mövqeyini onunla izah edib ki, Ermənistan bütün qonşu ölkələrlə – Gürcüstan, İran, Türkiyə və Azərbaycanla açıq sərhədlər şəraitində iqtisadi fayda əldə edəcək.
“Mən bunun tərəfdarıyam, çünki başa düşürəm ki, bu, ölkəm üçün faydalıdır. Əgər Ermənistan məhsulları Türkiyə vasitəsilə Avropaya ixrac edilərsə, həm nəqliyyat xərcləri azalar, həm də mallar rəqabətə davamlı olar”, – deputat izah edib.