Qanunsuz silahlılar üçün ƏFV QAPISI: "Onları tutsaq, əməliyyat keçirib hamısını qırsaq..."
2-06-2023, 08:44
“Ermənilərin müəyyən hissəsinə amnistiya verilməlidir. O kəslər ki, doğurdan da, bəşəri cinayətlər törədiblər, onlara qarşı müəyyən addımlar atılmalıdır”.
Bu fikirləri Qarabağdakı qeyri-qanuni erməni silahlılarının gələcək taleyi, əfv ehtimalı və bunun tarixdəki analogiyasına toxunan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.
Tərlan Eyvazov bildirib ki, aqressiv davranış yeni qarşıdurmaya gətirə bilər:
“Bütün müharibələrin sonunda amnistiya tətbiq edilir. 1918-ci ildə ermənilər qırğın törətdi, ardınca Azərbaycan onlara cavab verdi. O dövrdə komissiya işləmişdi. Daha sonra hadisələrdə iştirak edənlərlə bağlı əfvi-ümmi elan eləmişdi. Eləcə də 1993-cü ildəki məlum Gəncə hadisələri zamanlı qardaş qırğını olmuşdu. Mərhum prezident Əbülfəz Elçibəy əfv fərmanı vermişdi. Belə bir fikir yarana bilər ki, bunlar fərqli məsələlərdir. Qarabağda bir neçə min erməni yaşayır. Bəzilərinin dediyi kimi, onları tutsaq, əməliyyat keçirib hamısını qırsaq, vəziyyətimiz heç də ürəkaçan olmayacaq. Azərbaycanda ölüm cəzası yoxdur. Onlara ömürlük, yaxud uzun müddətli cəza kəsilməlidir. Bu həm Azərbaycan büdcəsinə yükdür, həm də Qərbdən gələcək təzyiqlər üçün bəhanədir.
Oradakı silahlılar silahı yerə qoymalıdırlar. Bu da qarşılıqlı iş nəticəsində baş verməlidir. İnamlı bir komissiya yaradılmalıdır. Həmin silahlıların önəmli bir hissəsi yerli əhalidən təşkil olunub. Onlar da altmış yaşına qədər olan kişilərdir və növbəli şəkildə postlara çıxırlar.
Hesab edirəm ki, oranı yaxşı tanıyan ağsaqqlarımızın iştirakı ilə komissiya yaradılmalıdır. Onların müəyyən hissəsinə amnistiya verilməlidir. O kəslər ki, doğurdan da, bəşəri cinayətlər törədiblər, onlara qarşı müəyyən addımlar atılmalıdır. Onların oradan getməsi üçün dəhliz açıb vaxt vermək də mümkündür. Əgər onlara qarşı aqressiv davransaq, onların da əlində silah var, pul var, xaricdən dəstək var. Onlar da müharibəni davam etdirəcəklər. Müharibə nəticəsində nəinki onlardan, bizdən də itkilər olacaq. Bu isə bizə lazım deyil. Ümumən işimiz yaxşı gedir. Atdığımız addımlar dünyada dəstəklənir. Bu addımları da davam etdirməliyik”.