İran böyük səhvə yol verdi: Bunun sonu faciəli olacaq – Müsahibə
2-06-2023, 10:11
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Teref.az olaraq onunla müsahibəni təqdim edirik.
- Son günlər Əfqanıstan (Taliban) və İran arasında gərginlik yaşanır. Bu gəlişmə haqda fikriniz necədir: ara-sıra hərbi toqquşmalarla müşayiət olunan gərginlik hara qədər inkişaf edə bilər?
- Əslində, gözlənilirdi, bu qədər gecikməsi çox maraqlıdır. Təsadüfi deyil ki, ABŞ Əfqanıstandan çıxanda orada 85 milyard dollarlıq silah-sursat buraxmışdı. Hazırda İranla Əfqanıstan arasında iki məsələ ilə bağlı ciddi problem var. Birincisi narkotrafiklə bağlıdır. Əfqanıstan çox kasıb bir ölkədir, təbii sərvətləri çox məhduddur.
Amerika ora gəldikdən sonra ölkədə narkotiklərin dövriyyəsi iki dəfədən çox artmışdı. Bununla bağlı dünyada “qızıl üçbucaq”a daxil olan dövlətlərin başında Əfqanıstan durur. Amerikalılar oradan getdikdən sonra narkotik ticarəti azalıb.
İkincisi, Əfqanıstan İran sərhədinə yaxın Hilmənd çayı üzərində su anbarı tikib. Gündəmdə su elektrik stansiyasının inşası da var. Çayın əsas hissəsi Əfqanıstan ərazisindədir. Amma İran etiraz edir ki, çayın qabağını bağlamasınlar. İran öz siyasi gücünü göstərmək istədi. Amma görünən odur ki, böyük səhvə yol verib. Əfqanıstana belə bir səhv lazım idi.
Əfqanıstanın həmin bölgəsində İranı sevməyən xəzərlər yaşayır. Amerikanın planlarından biri də bölgədə “Vəziristan” adlı dövlət yaratmaqdır. Burada əsas məqsəd Əfqanıstanın Hind okeanına çıxışını təmin etməkdir. Bu, əfqanlar üçün çox vacibdir. İndi dünya okeanlarına çıxış axtarırlar, bu da İran üzərindən mümkündür. Əfqanlar da bilirlər ki, həmin ərazilər vaxtilə əfqanların olub. Sonralar İranı dövlət edən türklər, yəni bizlər bu əraziləri İrana qatmışıq. Bu, Əfqanıstan və İran vaxtilə Turanın tərkibində olanda baş vermişdi. Əfqanlar ondan bəri bunu ədalətsizlik hesab edirlər.
Bir də Sistan-Bəlucistan məsələsi var. Orada yaşayan bəluclar farslarla yola getmirlər, müstəqillik istəyirlər. Əlbəttə, bu hədəflərinə çatsalar, Əfqanıstanla birlikdə olacaqlar. Həmin ərazilərdən Hind okeanına birbaşa çıxış var. Buna görə də maraqlar üst-üstə düşür.
ABŞ-ın da marağındadır ki, İran bir dövlət kimi parçalansın. Bu, İsrailin də maraqlarına cavab verir. Çünki İranı Yaxın və Orta Şərqin ən böyük şər dövləti hesab edirlər. Ona görə də, Əfqanıstan-İran toqquşmasının niyə bu qədər gecikməsi maraqlıdır. Nə də qaçmağa çalışsalar da, Əfqanıstan-İran qarşıdurması mütləq baş verəcək.
- Gərginliyin açıq müstəviyə keçməsində maraqlı olan qüvvələr bu prosesə dəstək verəcəklərmi?
- İran qeyri-adekvat addımlar atır. Azərbaycan da uzun müddətdir İranın bu ikiüzlü siyasətindən əziyyət çəkən dövlətlərdən biridir. İranın Türkiyəyə münasibəti də fərqli deyil. İran Osmanlı İmperiyasının dağılmasında iştirak edən dövlətlərdən biridir. İran yenə öz ampluasına qayıdıb. PKK Suriya və İraqdan sıxışdırılıb çıxarıldıqdan sonra İran ona sığınacaq verdi. PKK-çılar Maku şəhərində yerləşiblər. Bu o deməkdir ki, artıq İran Türkiyənin də maraqlarını satır.
Əlbəttə, Əfqanıstan-İran qarşıdurmasında maraqlı olan dövlətlər (İsrail, ABŞ və sair) Tehranın yanında olmayacaqlar.
- Sistan-Bəlucistandakı duruma diqqət çəkdiniz, uzun müddətdir molla rejiminə qarşı döyüşən silahlı bəluclara veriləcək dəstək İran daxilində hansı mənzərəni yarada bilər? Məsələn, bu, İranda müstəqillik istəyən digər etnik bölgələrə, o cümlədən Güney Azərbaycana qədər yayıla bilərmi?
- Farsların özləri etnikdir, nəinki Azərbaycan türkləri. Azərbaycan türkləri sayca farslardan çoxdur. Əlbəttə, belə bir şey baş versə, həmin bölgələrdə də müstəqillik hərəkatları alovlanacaq. Kimsə əfqanlara qarşı vuruşmaq istəməyəcək. İndi İran daxilində ən böyük “5-ci kolon” elə bəluclardır.
Bəluclara xaricdən də dəstək var. İranlılar dünyanın hər yerinə səpələniblər və onlar molla rejimini istəmirlər. İranın başı bəladadır. Əfqanıstan da növbəti bir bəladır. Çünki bu mollalar elə molla kimi düşünürlər, həddən çox fatalistdirlər, bir praqmatik düşüncə tərzləri yoxdur. Fatalizmin sonu da həmişə faciə ilə qurtarıb. Hər şeyi “alınyazısı” kimi qəbul edirlər və bunu insanlara belə də sırıyırlar. İndi XXI əsrin 23-cü ilidir və fatalizmə yer yoxdur.
- İranın nüvə proqramı ətrafında da gərgin atmosfer müşahidə olunur. İsrail və ABŞ-dan Tehranın nüvə silahı əldə edəcəyinə dair mesajlar gəlir. Bu proses necə yekunlaşa bilər?
- Adətən uran 18 faizə qədər saflaşdırılanda bunu sualtı gəmilərdə istifadə edirlər. İran bundan istifadə edir, amma nüvə silahı üçün uran 60-70 faiz saflaşdırılmalıdır. İranda belə bir nüvə reaktorunun olması ehtimalı yoxdur. Amma başqa bir şey ola bilər. İkinci Dünya Müharibəsində və bundan sonra yalnız ABŞ-da nüvə silahı vardı, bu gün belə dövlətlərin sayı 9-a çatıb. Həmin dövlətlər nüvə başlıqlarının sayını azaltsalar belə, bu çox böyük təhlükədir.
Nüvə reaktoru olmasa belə, Rusiya nüvə başlıqlarını məhv etmə adı altında bunları gizli şəkildə İrana sata bilər. Bunun daşıyıcı raketlərini İran istehsal edə bilir. Tehrandan Moskvaya PUA-ların ötürülməsi də göstərir ki, İran öz təhlükəsizliyi üçün Rusiya ilə ortaq çalışır. Yəqin ki, İsrail kəşfiyyatında belə bir məlumat var. Son zamanlarda o məlumatlar da gəlir ki, Xəzər dənizinin neytral suları üzərindən İrandan Rusiyaya hər cür silah-sursat daşınır. Rusiya Ermənistana da silahları İran üzərindən ötürür. Buna görə də Rusiyanın İrana nüvə başlıqları verməsi mümkündür, bunu istisna etmirəm.
- Bəs bu ssenarilərin qarşısını almaq istəyən maraqlı qüvvələr hərəkətə keçə bilərlərmi? Məsələn, bunu istəməyən ABŞ və ya İsrailin hansı addımları atacaqları maraqlıdır.
- İsrailin İranla müharibəyə girəcəyinə inanmıram. ABŞ da daha çox İranı bölgədə sıxışdırmaq istəyir. Bunun üçün Fars körfəzi ölkələrindən də istifadə edirlər.
İran müsəlman aləminin üzqarasıdır və bu aləmdə onun bir yeri də yoxdur. Buna görə də İranın yanında daha çox Çin və Rusiya var. Bu üçlük ABŞ-ın nəzarətindədir. Yəqin ki, ABŞ Rusiyadan İrana hərbi daşınmalara peyklər vasitəsilə nəzarət edir. Amma bunların Tehrana çatdırılması o qədər də çətin məsələ deyil.
Obama dönəmində ABŞ bir doktrina qəbul edib, burada Amerika hərbçilərinin hara girib-girməyəcəkləri müəyyən olunub. İndi mümkündür ki, ABŞ-ın özü girməsin, amma üçüncü dövlətin əliylə bunu həyata keçirməyə çalışır.
Əfqanıstan təsadüfən seçilməyib. Əfqanlar son yüz ildə ən çox müharibə aparan xalq və dövlətdir. Əfqanlar müharibə aparmayanda darıxırlar. Müharibə onların gündəlik həyat tərzinə çevrilib. Əfqanlar İranı çökdürə bilərlər. İranın öz daxilində buna hər cür şərait var. Proqnozum budur ki, belə bir şey olacaq.