Zabit Səmədov: "Ramzan Kadırov ilk günlərdən bunu hiss etdirmədi..."

8-06-2023, 09:42           
Zabit Səmədov: "Ramzan Kadırov ilk günlərdən bunu hiss etdirmədi..."
Dünya və Avropa çempionu, peşəkar kikboksinq üzrə müxtəlif Qran-prilərin qalibi Zabit Səmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Zabit bəy, tez-tez xarici ölkələrə gedirsiniz. Hazırda sizi Bakıda görməyə şad olduq.

- Son vaxtlar Bakıda daha çox oluram. Hələ ki başqa ölkəyə getmək planım yoxdur. İşlərim, idman klubum və təşkilatım var. Yeni nəsil döyüşçüləri üçün təşkilat qurmuşam. İndi bu işlərlə məşğulam.

- Braziliyalı idmançı Antonio Silvayla idman kariyeranızın sonuncu döyüşünü həyata keçirdiniz. Maraqlıdır, idman yarışları, yarış arenaları üçün darıxırsınızmı?

- Siz də bilirsiniz ki, mənim döyüşlərimin sayı çox olub. 110-dan artıq döyüşə çıxımışam. Düşünürəm ki, bu qədər bəsdir. Darıxmaq deyəndə özüm üçün məşq edirəm. Yetərincə vuruşub, döyüşmüşük.

Bizim idman klubumuzda yeniyetmələr var, artıq onlarla məşğul olmaq lazımdır. Dünya arenasına döyüşçülər çıxarmalıyıq ki, Azərbaycanı layiqincə təmsil etsinlər. Hazırda məqsədimiz budur.

- Kikboksinq idman növündə gənclərin fəaliyyətini necə qiymətləndirirsiniz? Bu sahədə sizin davamçılarınız yetişə bilərmi?

- Əlbəttə, bizim gənclərimiz döyüşür, istəkləri var. Məncə, dəstək olub, onları ən böyük döyüş arenalarına çıxarmaq olar.

- Təbii ki, bütün döyüşləriniz sizin üçün çox önəmlidir. Sadəcə bilmək istərdik, ən çox yadda qalan döyüşünüz hansıdır?

- Belə döyüşlərim çox olub.

- Məsələn, peşəkar idman kariyeranızı bitirməsəydiniz kiminlə döyüşmək istərdiniz?

- Yəqin ki, bu dəfə Badr Hari ilə döyüşərdim. Bu qarşılaşma mənə maraqlı olardı. Belə bir təklif alsam, idman kariyerama qayıtmağa hazır olaram. Çünki Badr Hari ilə üç dəfə döyüşmüşük, son görüşdə mən qalib gəlmişəm.

- İdmançıların həyatı aktiv olur. 38 yaşında kariyeraya son qoymağınız tez deyildimi?

- Ola bilsin, iki-üç il də davam etmək olardı. Amma düşündüm ki, artıq bəsdir. İdman kariyeramda qarşıma qoyduğum bütün məqsədlərə çatmışdım. Bizim idman sahəsində elə bir böyük məbləğdə pul da yoxdur ki, ona dəysin...

- Eşitdiyimizə görə, idman sahəsində ən çox qazanan idmançı sizsiniz, siz də şikayət edirsiniz...

- Döyüşməyə nə var ki… Məşq prosesi isə üç ay davam edir.Üç ay gecə-gündüz məşq etmək, hazırlıq, zədələr və sair qazancı qarşılamır. Qarşılasa da artıq riskdir, pula tamahlanıb, hansısa döyüşə çıxıb, uduzsam, idman kariyerama çox böyük zərər verə bilər.

Son döyüşümdə Antonio Silvaya tez qalib gəldim. Hamı deyir ki, niyə ona tez qalib gəldin, halbuki bu döyüşdür və hər şey ola bilər. Onu da deyim ki, son döyüşə iki ağrıkəsici iynə vurdurub çıxmışdım, zədələrim var idi. Çox adam bunu bilmir, ətrafdan baxana döyüş asan gəlir. Bel-dirsək ağrısı və yarışdan on gün əvvəl çiynimdə ağrı vardı. Döyüşdən əvvəl iki ağrıkəsici iynə vurdurmuşdum.

Döyüşə bu risk altında çıxmışdım ki, tez qalib gəlim, hər şey sürətlə baş versin. Döyüşdür, hər şey ola bilər - zədə ala bilərdim və sair. Bu səbəbdən Antonio Silvanı tez məğlub etməyə çalışdım.

- Son döyüşünüzdə uduzsaydınız nəticə nə olacaqdı?

- Yəqin ki, daha bir döyüşün olmasını istəyəcəkdim. Əlbəttə, bu qədər zəhmət çəkib, kariyera qazanıb, axırıncı döyüşü uduzmaq, yanlış qərar ola bilərdi. Amma şükür ki, uduzmadım, qalib gəldim.

- Ən ağır döyüşünüz hansıdır?

- Ağır döyüşlərim çox olub. Məsələn, döyüş olur ki, Antonio Silva kimi idmançı ilə qarşılaşırsan, heç bir zədə almırsan. Amma elə döyüşlər olur ki, sonra zədələrin ağırlığını, əziyyətini çəkirsən. Fizioterapiyaya gedirsən, qırıq, sınıq olur. Bu professional döyüşdür və mən ağır çəkidə döyüşürəm. Ona görə zərbələr də ağır olur.

- İdmançılar məşq prosesində bir çox şeydən özünü təcrid edir. Bu psixoloji olaraq çətin deyilmi?

- Mən professional döyüşçüyəm və bunu bilirəm. Neçə illərdir bu işi görürəm. Belarusiyada, Türkiyədə yaşamışam, Azərbaycanda yaşayıram. Böyük arenalara çıxdıqdan sonra yarışa hazırlaşdığın zaman öz yaşadığın şəhərdə məşq prosesi keçmək çətin olur. Çünki yaxınların səni ad gününə, toy mərasimlərinə dəvət edirlər. Ciddi hazırlaşa bilmirsən.

Ona görə də son 6-7 ildən çoxdur ki, məşq prosesini yaşadığım şəhərdə yox, xarici ölkədə keçirəm. Daha ciddi və rejimlə məşqlərimə davam edirəm.

- Zabit Səmədov zirvəsinin sirri və fərqi nədir?

- İstək, əzm və çalışmaq. Xüsusilə çox çalışmaq və istəmək lazımdır.

- Qeyd etdiyiniz xüsusiyyətlər bir çox idmançılarda var, amma uğurlu kariyera sahibi deyillər.

- Bəlkə bizdə başqa nəsə var, mən onu bilmirəm...

- Bəzi idmançılarda iradə zəifliyi olur. Necə düşünürsünüz, bu nə ilə bağlıdır?

- Bəli, iradəsi zəif idmançılarımız da var. Baxırsan ki, professional döyüşçü olması üçün hər imkanları var, boyu, gücü və sair. Döyüşdə rəqibinə qalib gəlir və dayanır. İradəsi olmur. Buna təcrübə ilə nail olmaq mümkündür. Bəzi idmançılarda bu bir az gec başlayır.

- İdman kariyeranızın hansı illərinə qayıtmaq istərdiniz?

- Maraqlı sualdır. 2006-cı professional döyüşə başladım. 2006-cı ildən 2008-ci ilə qədər kariyeramın ən parlaq, dünya arenasında özümü tanıdan vaxtlarım idi. Beləliklə, 2006-2007-2008-ci illər özümü idman sahəsində göstərdiyim ən yaxşı və maraqlı illər idi. İstərdim ki, o dövrə qayıdım və özümü daha yaxşı göstərim.

Amma mən əlimdən gələni etdim. İdmançı kimi kariyerama ən ağır çəki dərəcəsində başladım. 87-89 kq çəkidə olanda 120-130 kq çəkidə olan idmançılarla döyüşə çıxırdım. Onlara qalib gələ-gələ yüksəlmişəm. Mən əlimdən gələni etmişəm. Bir ildə 20 döyüşüm oldu, hamısında qalib gəldim.

- Sizdə uduzmaq qorxusu olubmu?

- Heç vaxt uduzmağı sevməmişəm, gənc vaxtlarımda da. Çünki sən döyüşə çıxırsan, arxanda ailən, qohum-əqrəban var. Məşhur olub tanındıqca arxanda xalqı, el-obanı hiss edirsən. Bu məsuliyyət altında uduzmağı düşünmürsən.

- Bir idmançı kimi çox tanınırsınız. Harasa gedən zaman rahat olursunuz?

- Bəli, rahat oluram.

- Məsələn, bazara gedirsiniz?

- Xeyr.

- Sonuncu dəfə bazara nə vaxt getmisiniz?

- Bakıda heç vaxt bazara getməmişəm.

- Məsələn, daha çox şəhərin hansı hissələrinə gedirsiniz?

- Bakıya qonaqlarım gələndə Tarqoviyə gedirəm. İçərişəhərə də tez-tez baş çəkirəm, İçərişəhəri çox sevirəm.

- Məşhuram deyib gedəcəyiniz məkanları məhdudlaşdırırsınızmı?

- Xeyr, elə bir hal yoxdur. Xalqımı sevirəm və xalq arasındayam. Onların istəyini də xoş məramla qarşılayıram. Sizə bir hadisə danışım. 2013-cü ildə Badr Hariyə qalib gəldikdən sonra 2014-cü ildə idman kariyeramı bitirmək istəmişdim. O zaman Moskvaya köçdüm və altı-yeddi ay Moskvada yaşadım. Orada təsadüfən feysbukda fan səhifəmi gördüm, böyük bir izləyici kütləsi var idi. Səhifəni Avropada yaşayan bir azərbaycanlı dostumuz açmışdı.

Mən onu tanımırdım, paylaşdığı şəkillərə baxdım. O, bütün döyüşlərdən sonra şəkillərimi sosial şəbəkədə paylaşırmış. Səhifədə haqqımdakı şərhləri oxuduqdan sonra döyüşə qayıtmaq qərarı verdim.

Xalqın mənimlə qürur duyduğunu görüb düşündüm ki, yenə idman fəaliyyətimə davam etməli və daha böyük uğur qazanmalıyam. Beləliklə, Tailanda getdim, hazırlaşdım. 2014-cü ilin axırı döyüşə qayıtdım. Çeçenistan Respublikasına yollandım, Ramzan Kadırovla tanış oldum və fəaliyyətimə davam etdim.

- Çeçenistan rəhbəri Ramzan Kadırovla münasibətiniz necədir?

- Çox yaxın dostuq.

- Qeyd etdiyimiz kimi Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla dostluq edirsiniz. Rəhbərlə dostluq etmək necə bir hissdir?

- Ramzan Kadırov yaxın dostumdur, amma mənə yüksək vəzifədə olduğunu heç vaxt hiss etdirmir. Dostluğumuzun ilk günlərindən bunu hiss etdirmədi. Bir-birimizə çox hörmət edirik.

- İstədiyiniz zaman Kadırovun şəxsi mobil nömrəsinə zəng edə bilirsiniz?

- Bəli, olur.

- Türkiyədə "Kuruluş Osman" serialına çəkildiniz. Serialda Gəncəbəy obrazını canlandırdınız. Ekran əsərinin baş qəhrəmanı Burak Özçivitlə münasibətiniz necədir?

- "Kuruluş Osman" serialında rol aldım. Çəkiliş heyətində hər kəslə münasibətim yaxşı idi.

- Serialdan sonra Türkiyədə sizi çox tanıdılar?

- Seriala çəkilənə qədər Türkiyədə idmançı kimi tanınırdım, "Kuruluş Osman"dan sonra daha çox tanınmağa başladım. Hətta mənə Gəncəbəy kimi də müraciət edirdilər.

- Az öncə hər kəslə münasibətinizin yaxşı olduğunu qeyd etdiniz. Maraqlıdır ki, serialda daha çox hansı aktyorlarla dostluq edirdiniz?

- Aktyorlar Çağrı Şensoy və Burak Çeliklə yaxın dostluq münasibətim var idi, bu gün də davam edir. Çəkiliş heyətindən hər kəslə danışıram, hətta çəkilişdə olan zaman da görüntülü zəng edirlər. Çağrı Şensoyun iyulun 8-də toy mərasimidir. Aktrisa Buse Arslanla evlənirlər. Toy mərasimin mən də dəvətliyəm.

- Hazırda Türkiyədən seriallardan təkliflər varmı?

- Bəli, Türkiyədən iş təklifi var. Əslində, "Kuruluş Osman" serialından sonra Azərbaycanda layihəmiz olmalıydı, təxirə salındı. Dövlət layihəsidir, onu gözləyirəm. Filmin çəkilişləri iki-üç ay ərzində bitməlidir. Ekran əsəri səkkiz-on seriyalı olacaq. Ondan sonra Türkiyəyə gedəcəm.

- Filmin yaradıcı heyətində sizdən başqa kimlər olacaq?

- Bakıdakı layihəmizdə ancaq azərbaycanlılar çəkiləcək.

- Nə zamansa "Survivor" yarışmasına qatılmaq fikriniz varmı?

- "Survivor" yarışmasından təklif gəlmişdi. Dostum Acun Ilıcalının dostu idi. O, mənə dedi ki, istəsən yarışmaya gedə bilərsən. Onda yarışmaya qatılmadım, kariyeramın ən yüksək vaxtı idi.

- Qarşınızda nə kimi planlarınız var?

- Bir az öncə dediyim kimk idman klubum var, orada yeniyetmələr yetişdirmək və təşkilatımı daha da inkişaf etdirmək istəyirəm. Məqsədim yalnız bizim idman klubunda yox, Azərbaycanda olan bütün idmançılara dəstək olmaqdır. Qoy dünyada ölkəmizi qürurla təmsil etsinlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.