Sivil danışıq alınmadı: Antiterror əməliyyatları üçün qərar ... - Vaxt açıqlandı

10-06-2023, 14:20           
Sivil danışıq alınmadı: Antiterror əməliyyatları üçün qərar ... -
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı intensiv işlər gedir. Prezident İlham Əliyevin Ermənistanın başı naziri ilə görüşünün ardınca Xarici İşlər nazirləri səviyyəsində görüşlər baş tutub. Bu yaxşı haldır. Çünki qarşı tərəf əvvəllər hər vəchlə danışıqlardan qaçmaq istəyirdi. Amma indi də erməni tərəfinin danışıqlara səmimi şəkildə qatılması şübhəlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin Laçında separatçılarla bağlı vermiş olduğu açıqlamalardan sonra təxribatlar bir qədər çoxalıb:

“Bu da ondan xəbər verir ki, Ermənistan növbəti dəfə danışıqları uzatmağa çalışır və yenə də nəsə gözləyir, nəyəsə nail olmaq istəyir. İndiki halda erməni tərəfinin 1975-ci il xəritələrini ortaya atması heç də təsadüfi deyil. Sözsüz ki, bu xəritə onlara Rusiyadan verilib. Ona görə də, erməni tərəfi hesab edir ki, sərhədlərlə bağlı delimitasiya işləri 1975-ci ili əsasında aparılmalıdır.

Əslində Ermənistan tərəfinin məhz 1975-ci il xəritələri üzərində dayanması da suallar yaradır. Bu keçmiş SSR-nin qurulduğu-dağıldığı tarix deyil. Faktiki olaraq 1918-1920-ci illərin xəritələri var. Bu tarixdən sonra Azərbaycanın bir sıra əraziləri Ermənistana verilib. Ona görə də, sərhədlərin dəqiqləşməsi məsələsində 1918-1920-ci illərin xəritələri əsas götürülməlidir”.

Komitə sədri hesab edir ki, erməni tərəfi yenə də Azərbaycanın daxili işlərinə qarışır:

“Ermənistan Qarabağda qalmaqda olan silahlılarını ərazidən çıxarmaq istəmir. Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, qanunsuz silahlılar bizim ərazimizdən çıxarılmalıdır. Bu, 2020-ci ilin üçtərəfli razılaşmasında da öz əksini tapıb. Fakt odur ki, Ermənistan bu öhdəlikləri icra etməyib”.

Millət vəkilinə görə, bu qanunsuz silahlılara qarşı antiterror əməliyyatları keçirməsi Azərbaycanın təbii hüququdur:

“Ölkəmiz istənilən vaxt qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatları icra edə bilər. Bununla bölgədə tam təhlükəsizlik təmin olunar. Sadəcə olaraq Azərbaycan tərəfi prosesin dinc yolla həllinə çalışır. Görünən odur ki, erməni tərəfi sivil danışıq dilini anlamır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.