Taksometrlərin quraşdırılması məcburi olacaq? - Açıqlama

14-06-2023, 00:04           
Taksometrlərin quraşdırılması məcburi olacaq? - Açıqlama
Azərbaycanda taksilərə taksometrlərin quraşdırılması məcburi ola bilər. Artıq bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.
Layihəyə əsasən, sərnişin daşımaları taksi sifarişi xidmətinə qoşulduqda taksometr funksiyalarını yerinə yetirən proqram vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş olunacaq.
Bəs, qanuna təklif edilən bu dəyişiklik taksi xidməti sahəsində nələri dəyişəcək?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Bakupost.az -a açıqlamasında bildirib ki, taksometrlərin quraşdırılmasında əsas məqsəd gediş haqqının ədalətli hesablanmasıdır.
Ekspertin sözlərinə görə, məsuliyyətsiz sürücülər dövlətin yaratdığı güzəştlərdən istifadə edərək taksi sahəsini pis vəziyyətə qoyub:
“Taksilərlə bağlı bu gün cəmiyyəti narahat edən iki əsas poblem var. Biri keyfiyyətsiz xidmət, digəri isə təhlükəsizlik məsələsidir. Vətəndaş taksiyə əyləşəndə sağ-salamat mənzil başına gedib çatacağını əmin deyil. Buna ənənəvi taksi şirkətləri və taksi sürücüləri yox, taksi xidmətinə qoşulan təsadüfi insanlar şərait yaratdılar. Məsuliyyətsiz insanlar libaral bazar iqtisadiyyatı əsasında formalaşmış çox yaxşı taksi sistemini bu vəziyyətə qoydular. Hazırda bu sahədə ciddi tənzimləmələrə ehtiyac var. Ona görə də qanunvericiliyə dəyişikliklər təklif edilib.Taksometrlərin quraşdırılması könüllü də, məcburi də ola bilər. Yəni burada əsas məqsəd taksometrin olması deyil. Əsas məqsəd gediş haqqının ədalətli hesablanmasıdı. Bu taksometr və ya smartfonlarda olan hər hansı proqram vasitəsilə həyata keçirilə bilər. Taksi tarifləri dəyişən tariflərdir. Biz bu gün qiymətin yüksəlib, ya da azalacağını deyə bilmərik. Mövsimlə, tələb və təkliflə, sutkanın saatlarından, həmçinin, avtomobilin konfortundan asılı olaraq qiymətlər dəyişir. Amma taksi tariflərində qiymətlərin kəskin yüksələcəyinə inanmıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.