Həmin mesaj yenə gəldi: 44 günlük savaşdan əvvəl də belə olmuşdu – Müsahibə

15-06-2023, 10:36           
Həmin mesaj yenə gəldi:
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ-ın İrəvandakı səfirliyi Ermənistandakı Amerika vətəndaşlarına xəbərdarlıq edərək, bu ölkənin sərhədyanı rayonlarına, eləcə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfər etməməyə çağırıb. ABŞ 44 günlük müharibədən az əvvəl də belə bir xəbərdarlıq etmişdi. İndiki durumda bunu necə izah etmək olar?

- ABŞ zaman-zaman müxtəlif ölkələrdə yaşayan vətəndaşlarına bu tipli xəbərdarlıqlar edir. Bu da yeni xəbərdarlıq deyil. ABŞ-ın İrəvandakı səfirliyi bu mövzuda öz vətəndaşlarına bir neçə dəfə müraciət edib. Həm 44 günlük Vətən Müharibəsindən əvvəl, həm də bundan sonrakı dönəmdə. ABŞ səfirliyi hələlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmadığını, sərhədyanı ərazilərdə, o cümlədən Qarabağda gərginliyin olduğunu əsas gətirərək bu xəbərdarlığı edib. Bunlar da Zəngəzur və Göyçə ilə yanaşı, Qazax və Tovuz rayonları ilə sərhəd olan ərazilərdir.

Düşünmürəm ki, yaxın zamanda irimiqyaslı toqquşma ola bilər, xəbərdarlıq da məhz buna görədir. Sadəcə profilaktik xəbərdarlıqdır. Bilirsiniz ki, yay mövsümü başlayır, insanlar da mənzərəli yerlərə getməyi planlayırlar. Konkret adlarla göstərilən ərazilər də Ermənistanda turistik bölgələr sayılır. Yay mövsümündə insanlar daha çox həmin ərazilərə gəlirlər. Bu səbəbdən də o xəbərdarlıq olunub. Dediyim kimi, sülh müqaviləsinin imzalanmadığı və müəyyən təxribatların ola biləcəyi nəzərə alınaraq. Yəni bu, gözlənilən hansısa irimiqyaslı toqquşma ilə əlaqəli deyil.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərində həmkarı İlham Əliyevlə Zəngəzur dəhlizi məsələsini müzakirə etdi. Hər iki lider bunun önəminə diqqət çəkdi. Sizcə, qarşıdakı dövrdə bu dəhlizin açılması ilə bağlı hansı həmlələr ola bilər? Xüsusən də Türkiyədən...

- Hər halda Türkiyə Azərbaycanın bu yöndə apardığı siyasətə dəstək verir. Prezident Ərdoğanın dediyi kimi, Türkiyənin özü də bu kommunikasiya xəttinin açılmasında maraqlıdır. Bununla bağlı “avtomobil və dəmir yolları” ifadələri işlədildi. Ermənistan dəmir yolu ilə bağlı 250 milyon dollara ehtiyacının olduğunu və bu xəttin hazır olmasının iki il vaxt aparacağını bildirir. Amma Türkiyə prezidenti əvvəlcə avtomobil, sonra dəmir yollarının açılmasından danışdı. Yəni Ermənistanın niyyəti olsa, konstruktiv davransa, keçmiş SSRİ-də həmin ərazidə mövcud olmuş nəqliyyat xətlərini açmaq olar.

Azərbaycanın istinad etdiyi əsas sənəd üçtərəfli bəyanatdır. Bu sənədin 9-cu bəndində açıq mətnlə qeyd olunur ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək kommunikasiya xətti açılmalıdır, Ermənistan təhlükəsizliyə təminat verməli, Rusiya isə nəzarəti həyata keçirməlidir. Ermənistan bunun üzərindən manipulyasiyalar edir, prosesi uzatmağa çalışır. Amma iyunun 2-də baş nazirlərin müavinlərinin Moskvada keçirilmiş görüşündə bu kommunikasiya xətlərinin açılması və orada keçid mexanizmlərinin tətbiqi müzakirə olunub. Verilən açıqlamalardan məlum olur ki, bu istiqamətdə müəyyən irəliləyişlər var. Əlbəttə, Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edəcəksə, bu, ciddi nəticələrə gətirib çıxara bilər.

- Türkiyə lideri Bakıda olarkən Türk Dövlətləri Təşkilatı ilə bağlı da önəmli mesajlar verdi. Maraqlıdır ki, onun bu səfərindən sonra Türkiyə mediasında Türk Dövlətləri Təşkilatının Avropa Birliyi modelinə keçidi məsələsi gündəmə gəlib. Söhbət türk dövlətləri arasında vahid sərhəd və valyutanın, eləcə də vizasız rejimin tətbiqindən və sairdən gedir. Bunun üçün zəmin varmı?

- Əlbəttə, Türkiyə prezidentinin Azərbaycana səfəri olduqca önəmlidir. Türkiyə prezidenti seçildikdən sonra ilk dövlət səfərini də Azərbaycana etdi, bunun da xüsusi mənası var. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər. Şuşa Bəyannaməsi ilə bu müttəfiqlik hüquqi müstəviyə keçirilib. Bakıdan verilən mesajlar göstərdi ki, Türkiyə özünün xarici siyasətində hansısa dəyişiklik etmir, əksinə, həyata keçirilən siyasət bundan sonra daha intensiv və irimiqyaslı şəkildə aparılacaq.

Cənab Ərdoğanın verdiyi mesajlar kifayət qədər konkret və önəmlidir. Bu istər Qarabağ, istər Şuşada konsulluğun açılması, istərsə də Zəngəzur dəhlizi ilə bağlı olsun. Zəngəzur dəhlizinin türk dünyası ilə əlaqələndirilməsi də çox önəmlidir. Cənab Ərdoğan öz mesajında bunu da diqqətdə çatdırdı.

Türk dövlətləri ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti) əlaqələr bundan sonra da əvvəldən müəyyən edilmiş xətt üzrə inkişaf etdiriləcək. Mənim gözləntim bundan ibarətdir. Amma Avropa Birliyi modelinə keçid üçün hələ qət etməli olacağımız xeyli məsafə var. Bu istiqamətdə intensiv işlər aparılsa, əminəm ki, aparılır, onda siz dediyiniz nəticələrə gəlmək olar. Ən önəmlisi budur ki, Türk Dövlətləri Təşkilatının iki aparıcı ölkəsi – Türkiyə və Azərbaycan arasında ən yüksək səviyyədə müttəfiqlik anlaşmaları və ittifaq var. Bu da Türk Dövlətləri Təşkilatının əsas mühərrikinə çevrilib.

- Bəs Türkiyənin Şuşada baş konsulluğunun açılmasının bizim üçün nə kimi önəmi ola bilər? Ərdoğan artıq buna hazır olduqlarını açıqlayıb.

- Əlbəttə, Şuşada konsulluğun açılması olduqca vacibdir. Birincisi, o baxımdan ki, bunun beynəlxalq əhəmiyyəti var. Yəni Azərbaycanın işğaldan azad edilmiş ərazisində Türkiyənin diplomatik nümayəndəliyinin açılması həm beynəlxalq hüquq baxımından önəmlidir, həm də bu ərazilərin beynəlxalq hüquq çərçivəsində toxunulmazlığı məsələsi önə çıxır. Eyni zamanda, bölgənin və Türkiyənin burada oynadığı rolun əhəmiyyətini göstərmək baxımından vacib məsələdir. Yən həm təhlükəsizlik, həm də diplomatik nöqteyi-nəzərdən önəmlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.