Gəncəli veteran: “Tərlanı “bataqlığa” tullamışdılar ki, məhv etsinlər”

16-06-2023, 13:18           
Gəncəli veteran:
Son vaxtlar "Kəpəz” ətrafında baş verənlərlə bağlı müzakirələr davam edir. Baş məşqçi Tərlan Əhmədovun göndərilməsi, əvəzinə gəncəli veteran futbolçu, hələ ki, Premyer Liqada baş məşqçilik təcrübəsinə malik olmayan Azər Məmmədovun gətirilməsi komandanın gələcəyi, daha doğrusu, növbəti mövsümdəki çıxışı baxımından birmənalı qarşılanmır. Digər tərəfdən, hələ "Kəpəz”də olarkən Əhmədovla futbolçular və klubun bəzi məşqçiləri arasında baş verən söz-söhbətlər xatırlanır, gündəmə gətirilir.

Bütün bu məsələlər ətrafında gəncəli vetran futbolçu Emin Mustafayevlə söhbətləşdik. O, Qaynarinfo-ya müsahibəsində baş verənlərə münasibətini bildirdi:

"Tərlanı klubdan çıxarmağın prosesləri hazırlanırdı. Düzdür, detalların çoxunu bilmirik. Ola bilər, baş məşqçi ilə prezident arasında hansısa danışıqlar baş tutmuşdu. Azər Məmmədova gəlincə, qardaşımızdır, gəncəlidir. Tərlan Əhmədov kimi Azərə də dəstəyimizi göstərəcəyik. Bunu veteranlar adından deyirəm. Məmmədovun baş məşqçi postuna gətirilməsi lap yaxşı oldu. İnanıram ki, qalmaqallar səngiyəcək.

- Əhmədov komandanı, demək olar, pis vəziyyətdə götürmüşdü. Məmmədovun isə Premyer Liqada baş məşqçilik təcrübəsi yoxdur. Bu "Kəpəz”ə necə təsir edə bilər?

- Düz vurğuladınız. Tərlan müəllim gələndə komanda var idi. Sadəcə, futbolçuları oynatmaq lazım idi ki, bunu da ağlı sayəsində bacardı. İndi isə komanda yox vəziyyətindədir. Legionerlər gedib, yerlilərlə bağlı gündə bir xəbər yayılır. Vəziyyət çox ağırdır, "material” yoxdur. Hər halda Məmmədov bunları nəzərə alıb. Yəqin ki, yeni transferlər olacaq. Azərə inanmalıyıq, inanırıq. Düzdür, onun Premyer Liqa təcrübəsi yoxdur. Amma gəncəli kimi ona uğurlar arzulayırıq.

- Belə bir vəziyyətdə Tərlanın göndərilməsi nə qədər düzgün addım idi?


- İstəməzdim ki, Əhmədov "Kəpəz”dən getsin. "Neftçi”də, "Keşlə”də də sözünü demişdi. Ancaq "Kəpəz”ə gələndə onu "bataqlığa” tullamışdılar ki, məhv etsinlər. Gəlin qəbul edək ki, "bataqlıqdan” üzüağ çıxdı. Gəncə Əhmədovu çox urvatsız şəkildə yola saldı. Mətbuat konfransı keçirmək, ən azı ona "sağ ol” demək olardı. Çünki həm özünü, həm də komandanı "bataqlıq”dan çıxardı. AFFA istəyirdi ki, "Kəpəz” Birinci Diviziona düşsün və Əhmədovu konkret məhv etsinlər. AFFA-nı bir kənara qoyuram, "Kəpəz” ona çox hörmətsizlik etdi. Daha hörmətli şəkildə yola salınmalı idi.

- Narazı olanlar onun xarakterindən şikayətlənirdi. Həqiqətən zəif xarakterli məşqçidir?

-(Gülür) Bilirsiniz necədir? Tərlan baş məşqçidir. Nə etməlidir? Stadiona girəndə hoppanıb mühafizəçilərlə görüşməli, yoxsa aşpazın üzündən öpməlidir? Baxın, Gəncədəki proseslərin "Qarabağ”da baş verəcəyini düşünə bilərsiniz? Klubda hansısa uşaq məşqçisi Qurban Qurbanova "istefa ver, çıx get” deyə bilər? "Kəpəz”dəki uşaq məşqçilərinin Tərlana "getsin”deməsi, analoqu olmayan bir məsələdir. Biri deyir "bizə salam vermədi”, biri onu "razborka”ya çağırır. O məşqçilər hamısı bizim dostlarımızdır. Amma nəbilim… Mən futbol adamları ilə görüşəndə, heç kim onun işindən, məşq proseslərindən, "Kəpəz” üçün etdiklərindən danışmırdı. Biri deyir, "salam vermir”, biri deyir "yoldan keçəndə üzünü mənə tutmur”, biri deyir "məni işə götürmədi”... Bunlar analoqu olmayan düşüncələrdir.

- Əhmədov xarakterinə, yoxsa "Gəncədə gəncəli işləməlidir” söhbətinə görə xoş qarşılanmırdı?

- Məncə "Gəncədə gəncəli işləməlidir!” söhbətinə görə. O, kimlərləsə hesablaşmalı idi. Əhmədov ağıllı məşqçidir. Gördünüz, "Kəpəz”ə gələn kimi ilk növbədə Əfranı, Raufu və onlar kimi bir neçə futbolçunu "vurdu”. Bununla da komandanı Premyer Liqada saxladı. Hamıya başa saldı ki, "burada mənəm, Yaşar Vahabzadə” deyil. Bilirsinizmi Yaşar niyə gəncəlilər tərəfindən hörmətsizlik görürdü? Bu barədə müsahibə də vermişəm. Birinci Divizionda heç kim onun qarşısına Premyer Liqaya çıxmaq tələbi qoymamışdı. Deməli, onun vəzifəsi nə idi? Yerli gənclərə şans vermək, onları yetişdirmək. Ancaq Yaşar Bakıdan 14-15 futbolçu gətirmişdi, hərəsinə 1200-1500, yerli gənclərə isə 150-300 manat maaş verirdi. Bizim də davamız buna görə idi ki, niyə "qocaları”, faydasız futbolçuları gətirib oynadır, yerlilərə şans vermir? Hazır gənclər var, 500 manat maaş ver, oynasınlar. Gəncədə üç il işlədi, yeddinci pillədən yuxarı qalxa bilmədi. O zaman həmin futbolçular nəyə lazım idi? Yoxsa baş məşqçinin Gəncədən, Yevlaxdan, yaxud Kürdəmirdən olması bizim üçün fərq etmir. Gəncəyə raket atılandan sonra "Kəpəz”in icraçı direktoru İlqar Nadiri ilə görüşmüşdük. Yaşar da orada idi. İlqar dedi ki, həmişə gəncəlilərin oynamasını istəyir. Qonaq dəvət etmişdilər deyə, xətrinə dəyə bilmədim. Yoxsa deyərdim, sən necə inkişaf istəyirsən ki, Yaşar 14 nəfər gəlmə futbolçu ilə oynayır. Tərlanın "Kəpəz”ə faydası nə oldu? Əvvəla 21 yaşlı gəncəli futbolçu Mahir Həsənov yığmaya dəvət aldı. Halbuki Vahabzadə onu heç meydançanın kənarına buraxmırdı. Abdullahi Şuaybunu sayan vardı? Ahmed Ayzayanı "Zirə”dən qovmuşdular. Gəlin reallıqlardan danışaq. AFFA ilə İlqar əl-ələ verib ən ağıllı fikir yürütdü. İnandırım sizi, başqa məşqçi gəlsəydi - Sənan Qurbanovun və digərlərinin adı hallanırdı - iki gündən sonra Gəncədən ayaqyalın qayıdacaqdı. Azər Məmmədov həm "Kəpəz”, həm gəncəli azarkeşlər üçün şəxsiyyətdir, yaxşı qardaşdır, gözəl insandır. Məşqçi kimi şans verilməli idi ki, onu da etdilər.

- Ümumiyyətlə, "Gəncədə gəncəli işləməlidir” fikrinə münasibətiniz necədir?


- Bu fikri dəstəkləmirəm. Azər "Zirə”də, "Səbail”də işləyib. Mahmud Qurbanov da "Səbail”də çalışıb. Yerli futbolçularımız "Turan Tovuz”da və başqa klublarda oynayır. O zaman onları qovsunlar ki, məsələn, "Səbail”də Bakılı oynamalıdır. Bu sözü kim, hansı çayxanda, nə üçün deyib, bilmirəm. Biz heç vaxt belə fikirdə olmamışıq. Yaşarın çıxarılmasını tələb edirdik, amma məhəl qoymurdular. Həmin vaxt demişdim ki, Vahabzadəni qovmamaqda məqsədləri var. Plan futbolu qurtarmış, faydasız oyunçulara 1000-1500-nü özlərinə verməklə, dörd, beş min manat maaş yazdırıb "Kəpəz”ə doldurmaq, beş-altı turdan sonra isə Yaşarı qovmaq idi. Yəni "Kəpəz”in Birinci Diviziona düşüb-düşməməsi veclərinə deyildi. Əfrandır, Elvindir və digərləri futbolu demək olar atmışdılar. Əhmədov da bunu bilirdi. "Neftçi”də yer tutdu, göndərdilər, "Keşlə”ni avrokuboklara çıxardı, qovdular. Çünki Tərlan heç vaxt AFFA-nın dediklərini etməyib, oyunçuları klublara sırınan menecer Vaqif Heydərli ilə əlbir olmayıb. Yəni, kimlərləsə hesablaşmalıdır. Ona görə də Tərlan heç bir kluba sərf etmir. Halbuki o, bu gün millidə, "Neftçi”də işləməli olan məşqçidir.

Səbuhi Həsənov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.