Dilarə qəzadan danışdı: “Maşın qəfldən sürətləndi“ - Video

20-06-2023, 00:04           
Dilarə qəzadan danışdı:
"Həmin gün bağa getməli deyildik. Heç mən də getmək istəmirdim. Çünki ora bir gün əvvəl getmişdik. Qəşəng tonqal qalayıb, Novruz bayramını da qeyd etdik. Həmin gün Oqtayın işi çox, özü də yorğun idi. Ora getməməli idik. O, israrla bağa getmək istəyirdi. Nə yaxşı ki, onunla mən də getdim. Əgər Oqtay bağa mənsiz getsəydi və başına belə bir hadisə gəlsəydi, özümü heç vaxt bağışlamazdım. Deyərdim ki, bəlkə o hadisə yerində olsaydım, nəsə edə bilərdim".

Teref.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "YouTube"da yayımlanan "AStar" layihəsinə müsahibəsində deyib.

O, hadisəni danışaraq, göz yaşlarına qərq olub:

"Həmin an mən arxada idim, Oqtay isə sükan arxasında. Mehriban Zəkini isə Oqtay birinci götürmüşdü. Zəng eləyib Mehribana dedim ki, bağa gedəcəyik, istəyirsən bizlə gəl. O isə cavabında evdə və boş olduğunu söylədi. Mehribanın arxasınca gedib. Avtomobili saxlayıb, Mehribana deyib ki, qabaqda əyləş, bir də fırlanma. O isə "Bura Dilarənin yeridir" deyib. Oqtay isə "Nə fərqi var. Əyləş" deyib.

Beləcə Mehriban qabaqda əyləşib. Mənim arxamca gələndə isə gördüm ki, Mehriban qabaqda oturub, keçdim arxaya. Yolda dedik-güldük, zarafatlar etdik. Oqtay çox gözəl avtomobil idarə edirdi. Yolda üç-dörd dəqiqə Oqtayla danışmadıq. Hər şey yolunda idi. Birdən gördük ki, avtomobil sürətləndi. Avtomobilin sürətlənməyindən qışqırdıq.

Mehriban bir yana, mən isə bir yana başladıq Oqtayı çağırıb, qışqırmağa. Maşın yoldan çıxdı və aşdı. Yəni maşının sürətlənməsi, qışqırmağımız, hadisəni dəyərləndirməklə dərk etmək arasında zaman olmadı və dərhal avtomobil bardürə dəyib aşdı. Gözümü açdım, qalanını da özünüz bilirsiniz".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.