Toğrul Vəliyev: Azərbaycanın bank sektoru beynəlxalq trendlərdən çox kənarda qalır

21-06-2023, 09:54           
Toğrul Vəliyev: Azərbaycanın bank sektoru beynəlxalq trendlərdən çox kənarda qalır
İqtisadçı ekspert Toğrul Vəliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda bankların hazırkı vəziyyətindən, eləcə də banklar arasında gerçək rəqabətlilik şəraitindən danışıb.

Amerikanın Səsi: “Günay Bank”ın lisenziyasının ləğvi Azərbaycanda banklara etibarlılıq məsələsini yenidən gündəmə gətirdı. Bəzi iddialara görə daha bir neçə bankı belə aqibət gözləyir. Sizcə bu ehtimallar nə dərəcədə əsaslıdır?

Toğrul Vəliyev: Belə deyək, ayrıca olaraq buna bank kimi baxsaq ciddi təsir göstərməyəcək. Çünki “Günay Bank” iri bank deyildi. Sadəcə mövcud olan kiçik banklardan biri idi. Əsas əməliyyatları isə mübadilə idi. Ümumən belə ciddi təsir etməməlidir. Məsələnin daha çox başqa tərəfi var. Birincisi bu xəbər birdən-birə gəldi. Nə müzakirə var idi bundan əvvəl, nə bu barədə məlumat verilmişdi. Eyni zamanda başqa tərəfdən də məlum olurdu ki, “Günay Bank”ın hesabatında verdiyi məlumatlar Mərkəzi Bankın dediyinə görə realığı əks etdirmirdi. Yəni ümumən bu o deməkdir ki, əgər ən azı bir bank bu dəqiqə rəsmi olaraq öz saytında yaydığı hesabatlarda verdiyi məlumat və Mərkəzi Bankın dediyi məlumat üst-üstə düşmürsə, eyni zamanda bundan əvvəl də belə hadisələr baş vermişdi. Bu ümumən o deməkdir ki, bizim bank sektorumuza tam inam yaranmayıb.Yarana da bilməz. Çünki hansısa bank doğru olamayan məlumatı yayırsa, böyük ehtimallar başqa banklar da belə məlumatlar yaya bilər. Bu cəhətdən təsir göstərə bilər.

Amerikanın Səsi: Ümumiyyətlə hazırda Azərbaycanda bank sektorunun durumunu necə qiymətləndirirsiniz? Biznes və əhali üçün maliyyə resursları nə dərəcədə əlçatandır?

Toğrul Vəliyev: Ümumən vəziyyət son dönəmlərdən sonra əsasən ona istiqamətlənib ki, bizdə daha çox məsələn, bir tərəfdən müsbət olaraq istehlakçı kreditlərinin artımı və s. Belə ki, banklar təkcə öz holdinqlərin və ya hansısa hüquqi şəxslərin təminatı ilə yox, daha çox məhz bazarda fəaliyyət göstərirlər. Amma başqa tərəfdən həmişə inhisarlaşma müşahidə olunur. Daha doğrusu bütün bank sektoru bir neçə bank arasında bölgüsü müşahidə olunur. Bu neqativ bir məqamdır. Çünki Azərbaycanda bankların azalması ilə bərabər bir neçə bankın payının artması müşahidə olunur. Yəni faktiki olaraq istehlakçılar bir neçə bank arasında bölünüb. Digər banklar kiçik həcmli hansısa əməliyyatlar həyata keçirirlər. Başqa bir tərəfi də var. Nəyə görə neqativdir? Bu ona gətirib çıxardır ki, kreditlərin paylanmasında, əmanətlərin götürülməsində bir neçə qüvvə formalaşır və bu da əlbəttə ki, bahalaşmasına gətirib çıxardır. Həm biznes kreditləri, həm istehlakçı kreditlər heç də ucuz deyil. Belə deyək rəqabətli də deyil. Əgər normal rəqabət şəariti olsaydı böyük ehtimal ki daha aşağı olacaqdır. Məhz bir neçə bankın mövcudluğu nəticə etibarı ilə daha yüksək faizlərə gətirib çıxarır.

Amerikanın Səsi: Azərbaycanda banklar arasında gerçək rəqabətlilik şəraiti varmı?

Toğrul Vəliyev: Bu dəqiqə faktiki olaraq yoxdur. Rəqabətlilik bu dəqiqələrdə daha çox ola bilər nağdsız ödənişlər və s. Amma bu sahələr belə deyim funksional məna daşımır. Bu daha çox ödənişlərin hansə formada həyata keçirilməsidir. Nəinki bank bazarında rəqabət, biz bu dəqiqə banklar arasında kredit ödənişlərində, əmanət cəlbində də ciddi bir rəqabət müşahidə etmirik.

Amerikanın səsi: Azərbaycan banklarının göstərdiyi xidmətlər müasir beynəlxalq standartlara cavab verirmi?

Toğrul Vəliyev: Ümumən bizim bank sektoru beynəlxalq trendlərdən çox kənarda qalır. Bu əvvəllər də belə idi. Bir çox məhdudlaşdırıcı amillər var. Hələ də davam edir. Biz müşahidə edirik ki, digər ölkələrdə olan xidmətlər bizə gecikmə ilə gəlir. Bəli bəzi trendlər var. Xüsusilə son iki üç il ərzində daha çox karantinin təsiri altında olan bəzi trendlər var ki, biz müəyyən qədər qabağa gedirik. Amma ümumi bank sektorumuza təklif olunan xidmətlər və onların forması çox gecikir.

Xatırlatma

Azərbaycan Mərkəzi Bankı (AMB) "Günaybank"ın lisenziyasını ləğv edib.

Bu barədə mayın 17-də AMB məlumat yayıb.

Məlumatda deyilir ki, buna səbəb bankın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsidir.

"Odur ki, "Banklar haqqında" qanuna əsasən, "Günaybank"ın lisenziyası ləğv edilib. Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin olunaraq onun idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verilib", məlumatda qeyd edilir.

"Günaybank"ın ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 0,6 %, kredit portfelində 1 %, öhdəliklərində isə 0,5 % təşkil edir.

"Bankın lisenziyasının ləğv edilməsi sektorun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. "Günaybank" Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək", Mərkəzi Bankın məlumatında deyilir.

2023-cü il aprelin 1-nə "Günay Bank"ın ümumi depozitlərinin həcmi 108 milyon 566 min manata bərabər olub.

AMB-nın məlumatına görə, bank üzrə sığortalanmış əmanətlər cəmi 38,5 milyon manat təşkil edir. Bu isə o deməkdir ki, qalan 70 milyon manat əmanətin aqibəti hələlik bəlli deyil.

"Günaybank" ASC 23 noyabr 1992-ci ildən fəaliyyət göstərir. Bankın nəzdində Müştəri Xidmətləri Departamenti, 10 filial, 4 şöbə və 4 valyuta mübadilə məntəqəsi fəaliyyət göstərirdi.

Bundan əlavə Azərbaycan Mərkəzi Bankı dəfələrlə bildirib ki, ölkədə bank və maliyyə sektorunda rəqabətlilik mühiti mövcuddur. Bu sahə biznes qurumları üçün açıqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.