Sülhlə bağlı ilginc plan: Arazdəyəndəki zavodun təyinatı necə dəyişdi? – Faktlar açıqlandı
22-06-2023, 18:34
Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
TEREF.AZ onunla müsahibəni təqdim edir:
- Elşad müəllim, ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel bildirib ki, ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək. Sizcə, ABŞ Azərbaycanla Ermənistan arasında danışıqların yeni mərhələsi dedikdə nəyi nəzərdə tutur?
- ABŞ tərəfindən bu cür yanaşmanın özü proseslərin uzadılması cəhdi kimi qiymətləndirilməlidir. Amerika hansı mərhələni arxada qoyduğumuzu və beləliklə yeni bir mərhələ haqqında danışa biləcəyimizi açıqlamalıdır. Eyni zamanda yeni mərhələdə danışıqların aparılmasını şərtləndirən hansı reallıqlar və elementlərin olduğu aydınlaşmalıdır. Azərbaycan 2020-ci ildə torpaqlarını öz gücü ilə azad edib. Bununla da Ermənistana sülh sazişinin imzalanması üçün şərtlərini təqdim edib. Bu şərtlər tam ədələtli, beynəlxalq hüquq normalarına uyğundur. Azərbaycanın istəyi Ermənistanın ölkəmizə qarşı olan ərazi iddialarından, sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasından və digər əhəmiyyətli şərtlərindən ibarətdir. Bu şərtlər Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əsasında dayanmalıdır. ABŞ-da, Brüsseldə Avropa İttifaqında dərk etməlidirlər ki, sülh sazişinin əsasını bu prinsiplər təşkil etməlidir.
- Sizcə yeni danışıqlar müstəvisində müzakirə ediləcək məsələlər nədən ibarət ola bilər? Amerika danışıqlara ev sahibliyi etməklə tərəflərə hansı təklifləri irəli sürəcək?
- Əgər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin təmin olunmasında maraqlı tərəf varsa, onlar hər şeydən öncə Ermənistana yönəlik mövqe sərgiləməlidirlər. Bu da Ermənistanın bir dövlət kimi qonşulara qarşı olan ərazi iddiaları ilə bağlıdır. Çünki Ermənistanın öz qonşuları olan Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı da ərazi iddiaları var. Ona görə də, ABŞ tərəfi məsələyə vurğunu məhz bu kontekstdə qurmalıdır. Bəlkə də ABŞ-da düşünürlər ki, Azərbaycan ərazisində yaşayan ermənilərin taleyi müzakirə mövzusu ola bilər. Amma Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi var. Ölkəmiz öz daxili məsələsini kiminləsə müzakirə etmək niyyətində deyil. Eyni zamanda beynəlxalq aləmdə aydın təsəvvürlər var ki, Azərbaycan multikultural bir ölkədir. Azərbaycan ərazisində yaşayan heç bir milli azlıqlara diskriminasiya halları baş verməyib və bundan sonra da belə bir ehtimal yoxdur.
- Belə olan halda danışıqların, müzakirələrin uzadılmasında məqsəd nədir?
- Burada məqsəd ondan ibarətdir ki, yekun sülh sazişinin imzalanacağı vaxt və tarix uzansın. Bu tarixin uzadılmasında əsas məqsəd Nikol Paşinyanın öz iqtidarını qoruya bilmək üçün imkan tanımaqdır. Paşinyanın indiki halda vəziyyəti olduqca kövrəkdir. İndiki ağır məğlub durumda Azərbaycanla sülh müqaviləsi imzalayacağı təqdirdə Paşinyanın siyasi karyerasının sonu çatacaq. Sözsüz ki, bu, Ermənistanın daxili məsələsidir. Paşinyanın sələfləri və ondan sonra gələnlər üçün Ermənistanın işğalçılıq siyasəti ağır nəticələrini göstərəcək. Onlar bu məsuliyyətdən rahatlıqla canlarını qurtara bilməyəcəklər. Ona görə də, maksimum dərəcədə çalışırlar ki, Paşinyan iqtidarının ömrü uzadılsın.
- Belə olan halda Azərbaycan-Ermənistan münasibətləri Qərb üçün nə dərəcədə vacib görünür? Geosiyasi mübarizədə bu əlaqələr nə dərəcədə təsirlidir?
- Kişinyovdə beştərəfli görüş baş tutdu. Bu görüşün nəticəsinə görə, gələcəkdə müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Ona görə də, burada konkret məqamlar yoxdur. Bu günlərdə ABŞ sərmayəsi ilə Naxçıvanla sərhəddə Arazdəyəndə ağır metallurgiya zavodunun inşası iqtisadi xarakterli olmaqla yanaşı gələcəkdə bu regionda mövcudluğunu təmin etmək alət rolunda çıxış edəcək bir layihədir. ABŞ bu istiqamətdə də Ermənistandan istifadə etməkdədir. Amma bu zavodun ağır ekoloji nəticələri ilə yanaşı regiona hərbi-siyasi təhdidləri yarana bilər. Bu baxımdan artıq konkret addımlar atılmalıdır. 30 il Azərbaycan torpaqları Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə də məhz proseslər indiki əlamətləri ilə uzadılırdı.
- Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı kənar qüvvələrin təşəbbüsləri və istəkləri nəyə hesablanıb?
- Moldovadakı görüşdən sonra Fransa prezident Emannuel Makron aşkar şəkildə Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti ilə bağlı beynəlxalq təminatın olmasının vacibliyi ilə bağlı iddilar irəli sürməsi təəccüblü deyildi. Çünki onun ardınca Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna açıq şəkildə Azərbaycan ərazisində separatizmə dəstək mövqeyindən çıxış etməsi təsadüfi baş vermədi. Bunun davamı olaraq Ermənistan parlamentində 180 deputatın Azərbaycan ərazisində yaşayan separatçı cinayətkar rejimə dəstək aksiyası eyni ssenarinin tərkib hissəsi idi. Bütün bunlar Azərbaycan ərazisində separatizmi dəstəkləmiyin açıq müstəviyə keçdiyini göstərir. Sadəcə olaraq Azərbaycanın strateji yanaşmaları bu cəhdləri alt-üst etdi. Bütün bunlar onu göstətir ki, Qərb də sülh prosesinin uzadılmasında Ermənistanla bərabər səylər göstərir.