Gədəbəyin deputatı: "Nəticəni gözləməliyik"

23-06-2023, 14:57           
Gədəbəyin deputatı: "Nəticəni gözləməliyik"
103 saylı Gədəbəy Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Sevinc Hüseynova Söyüdlü kəndində baş verənlərə münasibət bildirib.

Sevinc Hüseynova parlamentin bugünkü iclasında deyib ki, hazırda rayonda bu hadisələrlə bağlı iş aparılır: "İlkin məlumatlar olsa da, nəticəni gözləməliyik.

Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır. Sovet dövründən bu kənd alimlər kəndi kimi də tanınır. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətənə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal əməyi ilə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur. Hadisə zamanı qoca qadına olan polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək”.

Deputat bu hadisənin necə yarandığına da münasibət bildirib: "Bu hadisənin Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edəndən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verməsi suallar yaradır. Ucqar kənddə bu hadisənin baş verməsinin arxasında təbii ki, kimlərsə dayanır. Lakin bu qüvvələrin niyyəti gözündə qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq-mühafizəsi orqanları, həm də Komissiya bu problemi həll edəcək. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər də öz layiqli cəzasını alacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru