Sabah imtahana alt paltarında gəlməyəcək!? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

23-06-2023, 18:37           
Sabah imtahana alt paltarında gəlməyəcək!? -
“İndi də imtahana “şortik” və çəkələklə gələn tələbəni universitet qapısında 30 dəqiqəyə yaxın gözlədilməsi gündəm oldu. Məsələ ilə bağlı universitet rəsmisinin cavabı isə gözlənildiyi kimi standart açıqlamadan başqa bir şey deyildi: “Belə bir hadisə ilə bağlı fakültəyə, imtahan qərargahına tələbə tərəfindən müraciət və şikayət qeydə alınmayıb”. Bununla da deyəsən məsələ bitmiş oldu. Sabah, yaxud o birisi gün daha nə kimi “yeniliklərin” şahidi olacağımız qalıb o yuxarıdakı “gözəgörünməzin” ümidinə dilemma qarsında qalmış oluruq: “Ümumiyyətlə, geyimlə bağlı heç bir qadağa yoxdur”, “bu barədə tələbələrə xəbərdarlıq edilməyib”, “bu günə kimi tələbələrdən geyimlə bağlı problemin yaranmasına dair şikayət daxil olmayıb”. Hüquqi cəhətdən bu başa düşüləndir. Məsələnın mənəvi tərəfi isə ondan ibarətdir ki, universitet kurort deyil, sanatoriya deyil, çimərlik deyil, nəhayət fərdi həyətyanı sahə deyil, elm- təhsil ocağıdır, təlim-tərbiyə müəssisəsidir. Yəni, bu barədə tələbələrə hər hansı bir xəbərdarlıq edilməsinə ehtiyac var idimi? Kütləvi imtahanlara zidd əlavə vasitələrin - xüsusi elektron və kağız daşıyıcıların, qulaqlıqların, ötürücü qurğuların, ağıllı saatların, mobil telefon və digər vasitələrin müxtəlif üsullarla gizlətməklə binaya keçirilməsini hardasa başa düşmək olar və bunu məzunların maksimal bal toplamaq istəyi ilə əlaqələndirmək olar”. DİA.AZ bildirir ki, bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Tələbənin imtahana “şortik” və çəkələklə gəlməsinə nə ad vermək məsələsinə gəldikdə isə ekspert belə bir sual ortaya qoyub ki, niyə “Müəllimlərin etik davranış Qaydaları” təsdiq olunub, ümumtəhsil məktəbləri üçün “Şagird davranış qaydaları” hazırlanıb, ancaq bu kimi qayda və tələblər universitetlərə şamil olunmur: “Novruz bayramı tədbirində tələbələrin kriminal avtoritetə həsr olunmuş mahnını oxuyaraq oynamaları, sosial şəbəkələrdə bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa bilməz kimi dəyərləndirildi. Hətta, bunu “Z nəslindən ZEK nəslinə keçid” kimi qiymətləndirənlər də oldu.

Gözləmək olardı ki, təşkilatçı və ya təşkilatçılar üzə çıxarılacaq və islah olunacaqlar. Təəssüf ki, bu baş vermədi”.

Ekspert sözlərinə davam edərək bildirib ki, heç olmasa hər hansı bir profilaktik tədbirin həyata keçirilib keçirilməməsinin şahidi olmadıq: “Nəticəsi nə oldu? O oldu ki, bu xoşagəlməz hal ali məktəblərdən orta ümumtəhsil məktəblərinə sirayət etdi. “Son zəng” tədbirlərində bir neçə məktəbdə müəllimlərin, rəhbərliyin, rəsmi qonaqların gözü qarşısında həmin kriminal mahnı xorla ifa olundu. Halbuki, kim təminat verə bilər ki, mənəvi dəyərlərimizin aşılanmasına yol aça biləcək bu kriminal mahnı sabah və ya birisi gün uşaq bağçalarında səsləndirilməyəcək və yaxud da bu gün imtahana “şortik” və çəkələklə gələn tələbədən kimsə nümunə götürüb, sabah imtahana alt paltarında gəlməyəcək!?

Bu kimi təhlükəli tendensiyaların sabah və ya birisi gün baş verməməsi üçün nəsə etməliyik. Heç olmasa ona görə ki, yeniyetmə və gənclərimizə nəsli, nəcabəti qorumaq kimi hisslərin aşılanması yolu ilə milli kimlikdən, mənəvi mental dəyərlərimizdən uzaqlaşmalarının qarşısını almaq olardı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.